Azərbaycan - Böyük Britaniya münasibətləri

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ilk əməkdaşlıq əlaqələri XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyası tərkibində olduğu zamanlar yaranıb. Həmin dövrdə ingilis kapitalı Bakı neftinin istismar edilməsində fəal idi. Bu əməkdaşlıq Azərbaycanın müstəqilliyi mərhələsi də daxil olmaqla (1918-1920) 1920-ci ilə qədər, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına kimi davam edib.

18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən elan etdikdən sonra onun müstəqilliyi Böyük Britaniya tərəfindən 31 dekabr 1991-ci ildə tanınıb. Diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə Britaniyanın dövlət naziri Duqlas Hoqqun Azərbaycana səfəri zamanı müvafiq saziş imzalanması ilə yaradılıb. Bu, Britaniya nazirinin Azərbaycana ilk səfəri idi.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Krallığın Rusiyadakı səfiri həm də Azərbaycanın səfiri təyin olunub və etimadnaməsini 1992-ci ilin iyulunda Azərbaycan Prezidentinə təqdim edib.

Britaniyanın və dünyanın ən böyük neft şirkəti "BP" Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfərə gəlib. O, ingilis və Norveç şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak edib.

1993-cü ilin fevralında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Moskvada Britaniyanın Rusiyadakı və eyni zamanda Azərbaycandakı səfiri ilə görüşüb. Söhbət zamanı Heydər Əliyev ona blokadada olan Naxçıvanın ağır vəziyyəti haqda məlumat verib və Naxçıvanın maliyyə-iqtisadi çətinliklərinin aradan qaldırılması üçün Britaniya hökumətindən kömək göstərməsini xahiş edib. (Azərbaycan-Böyük Britaniya: Əməkdaşlıq və tərəfdaşlıq 1991-2001, Azərbaycan-Böyük Britaniya Gənclər Cəmiyyəti 2001, Əbilov, Zeynalov və oğulları-2001)

1993-cü ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra hələ Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Ali Sovetin sədri kimi Böyük Brtaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, həmin məsələ ilə də bağlı ingilis diplomatına məlumat verib.

Səfir Tomas Yanq Heydər Əliyevə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Ümumilikdə Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi onun Azərbaycanın suverenliyinə riayət olunmaqla Dağlıq Qarabağa real muxtariyyat verilməsindən ibarətdir. (www.fco.gov.uk)

Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib. Bir gün sonra isə BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.

1993-cü ilin oktyabrında Azərbaycana səfərə gələn Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq Azərbaycanın prezidenti Heydər Əliyevin andiçmə mərasimində iştirak edib. O, Bakıda bir daha Birləşmiş Krallığın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını elan edib.

Azərbaycan-Böyük Britaniya münasibətləri və əməkdaşlığının ən yüksək səviyyədə göstəricisi kimi Azərbaycan Prezidenti Heydər Əliyev 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub. Səfər zamanı o ölkənin Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Bu səfərdə Heydər Əliyev və Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıblar. Həmin bəyannamədən əlavə müxtəlif sahələrdə (vergi, energetika, aviasiya və s.) əməkdaşlıq üzrə daha səkkiz müqavilə bağlanıb.

Heydər Əliyev həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. O, ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib.

Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın "BP" şirkətinin ən çox paya malik olduğu ARDNŞ-lə xarici neft şirkətləri konsorsiumu arasında "Əsrin müqaviləsi" adlanan neft sazişi bağlanıb. Həmin imzalama mərasimində Britaniyadan energetika naziri Tim Eqqarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

3 yanvar 1996-cı ildə Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyəli dövlət nümayəndəsinin, krallığın xarici və birlik işlər üzrə dövlət katibi Malkolm Rifkindin səfəri olub. Səfər zamanı o, Azərbaycanın dövlət başçısı Heydər Əliyevlə görüşərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrdə müxtəlif məsələlər haqqında söhbət aparıb. Danışıqlardan sonra Heydər Əliyevin iştirakı ilə Malkolm Rifkind Azərbaycanın xarici işlər naziri ilə "İnvestisiyaların qorunması haqqında" saziş imzalayıb.

Azərbaycan Prezidenti Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini edib. Həmin səfərdə o, Böyük Britaniyanın baş naziri Toni Beleyerlə qarşılıqlı münasibətlərin inkişafında əhəmiyyətli addım olan daha bir müqavilə - Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu bəyannamədən başqa İngiltərə neft şirkətləri ilə üç neft sazişi bağlanıb. Heydər Əlyev həmçinin kraliça II Yelizaveta ilə də görüşüb.

2000-2003-cü illərdə Böyük Britaniya - Azərbaycan münasibətlərində qarşılıqlı addımlar olaraq Azərbaycan tərəfdən xarici işlər naziri və onun müavinləri, müxtəlif digər nazirliklər, Birləşmiş Krallıqdan ölkə parlamentinin icmalar və lordlar palatasının yüksək səviyyəli təmsilçiləri, energetika, nəqliyyat nazirləri səviyyəsində səfərlər həyata keçirilib. (www.mfa.gov.az)

2003-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şikətinin birinci vitse-prezidenti İlham Əliyevin Britaniyaya səfəri zamanı Azərbaycanda neft gəlirlərindən istifadənin şəffaflığının təmin olunması məqsədilə müvafiq saziş imzalanıb. (www.fco.gov.uk)

2004-cü ilin dekabrında Azərbaycanın prezidenti kimi Böyük Britaniyaya səfəri zamanı İlham Əliyevin ölkənin baş naziri Tone Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Bleyer və İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə" mövzusunda çıxış edib. (www.chathamhouse.org.uk)

2007-ci il iyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya parlamenti İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul edib. Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirib. Mayk Qeyps Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın bp şirkətinin iştirakından məmnun olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti Azərbaycanla Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini bildirib. Prezident Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın bp şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğulayıb. İlham Əliyev həmçinin, bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söyləyib.

Azərbaycan – Böyük Britaniya əlaqələrinin daha bir göstəricisi olaraq Böyük Britaniyanın Xarici və Dövlət Məsələləri üzrə Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Cim Mörfi 2008-ci il mayın 7-də Azərbaycana səfər edib. Bakıda keçirdiyi görüşlərdə dövlət naziri Azərbaycanın və Ermənistanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli olduğunu və bunun da bölgənin inkişafına təkan verəcəyini qeyd edib və Azərbaycanın ərazi bütövlüyünün mübahisə mövzusu olmadığını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bunun da Böyük Britaniyada da, dünya ictimaiyyətində də qəbul edildiyini nəzərə çatdırıb. Cim Mörfi həmçinin, Böyük Britaniyada Azərbaycanın Avropa strukturlarına inkişafını dəstəklədikləri üçün Azərbaycanda insan hüquqları və demokratiyanın daha da inkişaf etməsində maraqlı olduğunu da vurğulayıb.

Böyük Britaniyanın dövlət nazirini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini və ikitərəfli münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Prezidenti Heydər Əliyev Böyük Britaniyaya ilk səfərində 23 fevral 1994-cü ildə bu institutdakı nitqində Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini və həmin fəaliyyətin məqsədini ifadə edib: "...Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik."

 
Qısa oçerk 22 iyul 2008-cı ildə yeniləşdirilib.