Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Sahibkarlar Assosiasiyası Konfransının iştirakçılarına müraciəti - Bakı şəhəri, 2 mart 2000-ci il

Hörmətli konfrans iştirakçıları!

Hörmətli sahibkarlar və iş adamları!

Sizi illik hesabat konfransının açılması münasibətilə təbrik edirəm.

Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsində və yeni təsərrüfat sisteminin formalaşdırılmasında azad sahibkarlığın, şəxsi təşəbbüskarlığın inkişaf etdirilməsi mərkəzi yer tutur. Ölkədə sağlam sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir.

Sahibkarlığın inkişafı yeni iş yerləri yaradır, istehlak bazarına yeni məhsul növü çıxarır, vergi ödəyicilərinin sayını artırır, iqtisadi islahatların sosial bazası kimi əhalinin orta təbəqəsini formalaşdırır. Digər tərəfdən sahibkarlığın inkişafı xarici investisiya axınını gücləndirir və ölkənin dünya iqtisadiyyatına inteqrasiya olunmasını sürətləndirir. Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir.

Ötən illər ərzində Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində xeyli işlər görülmüşdür. Ölkə vətəndaşlarının azad sahibkarlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan qanunvericilik bazası yaradılmış, sahibkarlığın hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, dövlət orqanları ilə sahibkarlıq strukturları arasında şəffaf əlaqə mexanizmlərinin qurulmasını, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən normativ hüquqi aktlar qəbul edilmişdir. Ölkədə sahibkarlığın zəruri bazar infrastrukturları formalaşmağa başlamışdır.

Azərbaycan iqtisadiyyatında müsbət meyllərin əldə olunması və dünyanın tanınmış neft şirkətləri ilə ölkədə neft hasilatına dair bağlanmış müqavilələrin işə düşməsi sahibkarlığın inkişafına əlverişli imkanlar açmışdır.

Bu gün ölkədə sahibkarlığın inkişafı üçün zəruri mühitin yaradılması, özəlləşdirmənin və torpaq islahatının həyata keçirilməsi nəticəsində özəl bölmə iqtisadiyyatda 62 faizə çatmış və ölkənin sosial-iqtisadi həyatına ciddi təsir göstərə bilən sanballı qüvvəyə çevrilmişdir.

Ona görə də ölkədə dövlət strukturları və sahibkarlar arasında etibarlı və səmərəli fəaliyyət göstərən işbirliyi mexanizmi formalaşdırılması zəruridir. Bu sahədə bütün dünyada sahibkarların ictimai birliklərinin rolu böyükdür.

Azərbaycan Sahibkarlar Assosiasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində güclü dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynamalıdır. İnanıram ki, busahədə konfransda dəyərli fikirlər söyləniləcək və sanballı təkliflər veriləcəkdir.

Sizi qarşılıqlı əməkdaşlığa dəvət edirəm və sizə işinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

\"Azərbaycan\" qəzeti, 4 mart 2000-ci il.