Azərbaycan Respublikasında ardıcıl olaraq keçirilən iqtisadi islahatlar artıq bazar iqtisadiyyatının əsaslarını formalaşdırmışdır. Makroiqtisadi sabitliyə nail olunması, 80-ci illərin sonlarından başlamış tənəzzülün qarşısının alınması, dövlət mülkiyyətinin özəlləşdirilməsi, azad sahibkarlıq fəaliyyətinin təminatı, inflyasiyanın səviyyəsinin inkişaf etmiş ölkələrlə müqayisə oluna biləcək həddə çatdırılması, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması və büdcə kəsirinin həcminin əhəmiyyətli dərəcədə azaldılması - bunlar hamısı iqtisadiyyatın mövcud olan böhran vəziyyətindən çıxma astanasında olmasının və bazar münasibətlərinin gerçəkləşməsinin real sübutlarıdır. Nəticədə vətəndaşların həyat səviyyəsi son illər bir qədər yaxşılaşmış və yaxın keçmişin, xüsusilə ərzaq təminatı ilə, maaşların və müavinətlərin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı çətinlikləri aradan qaldırılmışdır. Milli sahibkarlar təbəqəsi Azərbaycanda artıq formalaşmışdır.
Lakin Azərbaycan xalqına xas olmayan əyləncə növlərinin bəzi insanlar tərəfindən azad sahibkarlıq şəraitində gəlir əldə etmək üçün istifadə edilməsi, qeyri-sağlam tələbatlardan irəli gələn fəaliyyət növlərinin yaranması həm cəmiyyət, həm iqtisadiyyat üçün mənfi bir rol oynayır. Bütün bunlar ailənin ənənəvi olaraq yüksək sosial statusu, ailənin maddi cəhətdən təminatının ailə başçısının birinci növbəli borcu olması, ata-anaya hörmət, yalnız halal zəhmətlə əldə edilmiş vəsaitlər hesabına dolanmaq, uşaqların müəyyən etik normalara uyğun olaraq tərbiyə edilməsi, işgüzar münasibətlərdə halallıq, verilən sözə sadiqlik, xeyriyyəçilik, imkansız insanlara maddi yardım edilməsi və digər bu cür əsrlərlə formalaşmış əxlaqi keyfiyyətlərin, adət-ənənələrin, ümumiyyətlə, dünya görüşünün ciddi deformasiyasına gətirib çıxara bilər. Bu tendensiya Azərbaycan xalqının mentalitetinə zidd olan dəyərlərin cəmiyyətdə 90-cı ildən başlayaraq yer tapmasında, kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirən obyektlərin və mənəviyyatımıza zidd əyləncə yerlərinin sayının artmasında, tünd spirtli içkilərin geniş yayılmasında özünü büruzə vermişdir. Bu proseslərin obyektiv səbəbi azad sahibkarlığın məntiqinə uyğun olmayan mexanizmlərin mövcudluğudur. Qanunvericilikdə olan ziddiyyətlər, bir sıra dövlət orqanlarının mövcud vəziyyətə göz yumması, bəzi vəzifəli şəxslərin hətta bu prosesləri dəstəkləməsi yaranan vəziyyətin subyektiv əsasıdır.
Azərbaycanda ilk kazino hələ SSRİ dövründə, qanlı Yanvar hadisələri baş verən 1990-cı ildə Bakı şəhərində qanunsuz olaraq açılmışdır. Azərbaycan Respublikasının Cinayət məcəlləsində qumarxana saxlamaq üçün beş ilədək müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu bir halda, həmin kazino sahibləri dövlət orqanlarından icazələrin alınmasına müvəffəq olmuşlar. 1993-cü ildə Bakı şəhərində artıq 4 kazino mövcud idi. Eyni zamanda, əxlaqa zidd əyləncə yerləri, əxlaqsız nümayişlər keçirən müxtəlif gecə klubları açılmışdır. Kütləvi informasiya vasitələrində əxlaqı pozan məlumatların, yazıların, təsvirlərin və verilişlərin sayı çoxalmışdır.
Dünya təcrübəsi göstərir ki, müasir bazar münasibətləri və buna müvafiq olan yeni ictimai münasibətlər dövlətin geniş köməyi ilə formalaşır. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində əks etdirilən azad sahibkarlıq hüququ heç də nəzarətsizlik, anarxiya və qazanc əldə etməkdə qanunsuz üsullardan istifadə mümkünlüyü demək deyildir. Əks halda, iqtisadi islahatların sosial bazası ciddi deformasiyaya uğraya bilər, müasir bazar iqtisadiyyatına xas olmayan mühit və əsl sahibkarlığa zidd əhval-ruhiyyə güclənər. Azərbaycan dövləti sahibkarlıq sahəsindəki siyasətində belə bir meyarı əsas götürməlidir ki, yeni münasibətlər xalqmızın adət-ənənələrinə, mənəviyyatına, tarixi irsinə və əxlaqına xələl gətirmədən inkişaf etməlidir. Həmin məqsədə yalnız vahid və konseptual əsas üzərində, xüsusilə qanunvericilik sahəsində geniş və ardıcıl tədbirlər həyata keçirməklə nail olmaq olar. Məhz sağlam sahibkarlıq mühitinin təşəkkül tapması və insanlara müvafiq təfəkkür və davranış tərzinin ayrılmaz cəhətləri kimi sağlam sahibkarlıq ruhunun aşılanması Azərbaycanda müasir bazar iqtisadiyyatının sürətlə formalaşdırılmasının, cəmiyyətdə sosial vəziyyətin sabitləşdirilməsinin ən mühüm şərtidir. Bunun üçün sahibkarlığın dövlət tənzimlənməsi mexanizminin tərkib hissəsi kimi qoruyucu, istiqamətləndirici və habelə nəzarətedici tədbirlər sistemi müəyyənləşdirilməlidir. Azərbaycanda sahibkarlığın inkişafı strategiyası tarixi, milli və mədəni xüsusiyyətlərə uyğun müəyyən edilməlidir.
Göstərilən amillərin əksəriyyətinin qanunvericiliklə sıx bağlı olması Azərbaycan Respublikası Milli Məclisi qarşısında mühüm bir vəzifə yaradır. İqtisadiyyat sahəsinə aid olan qanunlar abstrakt modellər əsasında qeyri-müəyyən şərait üçün hazırlanmamalıdırlar, həmin qanunlar müasir bazar iqtisadiyyatının tələblərinə uyğun olmaqla yanaşı, mövcud olan konkret ictimai münasibətlərin xüsusiyyətlərindən yan keçə bilməzlər. Ali qanunvericilik orqanı iqtisadi islahatların gerçəkləşməsinə yönəldilmiş qanunları qəbul edərkən, bazar münasibətlərinin hüquqi bazası formalaşdırılarkən cəmiyyətdə müxtəlif növ əyintilərin gerçəkləşməsi, əxlaqsızlığın yayılması, xalqımızın mənəvi dəyərlərinin deformasiyası təhlükəsini elmi əsaslarla ciddi təhlil etməlidir və qəbul olunan qanunların bu kimi nəticələr verməsinin qarşısı alınmalıdır.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.