Azərbaycan Prezidenti Heydər Əliyevin Dünya Səhiyyə Təşkilatının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 31 mart 2000-ci il

Azərbaycana xoş gəlmisiniz. İndi Azərbaycan bir müstəqil dövlət kimi Dünya Səhiyyə Təşkilatı ilə yaxşı əlaqələr qurubdur. Bizim nazir mənə məlumat verir ki, sizin təşkilat ilə Azərbaycanın əlaqələri indi Azərbaycan üçün faydalı və səmərəlidir. Mən bundan çox məmnunam.

Sizin təşkilatınız qədim bir təşkilatdır. Təbiidir ki, bütün insanlar üçün ən vacib olan təşkilatlardan biridir. Dünyada ən böyük problemlərdən biri insanların sağlamlığıdır. Ona görə də sizin sahəniz hər tərəfdə hörmət qazanır, o cümlədən biz ona çox hörmətlə yanaşırıq.

Mən ümumiyyətlə çox məmnunam ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bütün başqa beynəlxalq təşkilatlara daxil olduğu kimi, sizin təşkilata da daxil olubdur. Artıq biz hiss edirik ki, sizin təşkilat Azərbaycanda bəzi xəstəliklərlə mübarizədə, səhiyyə işlərinin təşkil olunmasında bizə müəyyən yardımlar edir. Eyni zamanda ümid edirik ki, bu əməkdaşlıq bundan sonra daha da səmərəli olacaqdır. Güman edirəm, sizin Azərbaycana bu səfəriniz, Azərbaycan ilə daha da yaxından tanış olmağınız, təbiidir ki, bizim əməkdaşlığımıza gələcəkdə yardım edəcəkdir. Xoş gəlmisiniz.

Mark Danzon (Dünya Səhiyyə Təşkilatının Avropa Bürosunun regional direktoru): Cənab prezident, Sizə dərin minnətdarlığımı bildirirəm ki, Siz bu gün məni qəbul etmisiniz. Bu, bizim üçün, Dünya Səhiyyə Təşkilatı üçün böyük bir şərəfdir ki, Siz bizi qəbul etmisiniz.

Cənab prezident, Sizin bütün dünyada nüfuzunuzdan və ümumiyyətlə, səhiyyə sahəsində gördüyünüz işlərdən bizim xəbərimiz vardır. Hətta biz bilirik ki, bir çox xəstəliklərə qarşı Siz amansız mübarizə aparmısınız. Bir fakt kimi Sizə deyə bilərəm ki, biz 1995-ci ildə poliomielitə qarşı mübarizə apardığımız zaman Siz də respublikanın bütün əhalisinə bu xəstəliyə qarşı vaksin vurulmasına kömək etmisiniz. Daha doğrusu bu tədbirin həyata keçirilməsinə rəhbərlik etmisiniz. Deyə bilərəm ki, məhz Sizin kimi şəxsiyyətin sayəsində respublikada böyük dəyişikliklərin baş verdiyi bir şəraitdə səhiyyə sahəsində də böyük işlər görülməlidir. Əlbəttə, bu işlərin bir texniki tərəfi vardır. Lakin Sizin kimi bir şəxsiyyətin rəhbərlik etdiyi ölkədə sağlamlığın ən birinci sıraya, önə çəkilməsi çox böyük əhəmiyyətə malikdir.

Cənab prezident, Sizə mənuniyyətlə deməliyəm ki, mən bu vəzifəyə yeni seçilmişəm. Amma bu vəzifəyə keçməmişdən əvvəl də sizin respublikanızla, Səhiyyə Nazirliyi ilə çox gözəl əlaqələrim vardır. Sizi bir daha əmin edirəm ki, bu əlaqələr daha yüksək səviyyədə olacaqdır və biz daha sıx əməkdaşlığa nail olacağıq.

Ümumiyyətlə, bizim təşkilatın Azərbaycanla, Azərbaycanın Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq proqramı vardır. Mən daha yaxından izləyəcəyəm ki, bu əməkdaşlıq planı həyata keçirilsin. Bununla bağlı əlimdən gələni edəcəyəm ki, Azərbaycan ilə bu əməkdaşlıq sayəsində respublikanıza həm diqqət, həm də kömək getdikcə artsın. Xüsusilə yoluxucu xəstəliklərə qarşı mübarizədə bizim əməkdaşlığımız daha yüksək səviyyə qalxacaqdır.

Cənab Prezident, deməliyəm ki, sizin ölkəniz səhiyyənin bir çox sahələrində də gözəl nəticələr əldə etmişdir, uğurlara nail olmuşdur. Onlardan biri də malyariyaya qarşı mübarizədir. Sizin ölkəniz bu sahədə çox böyük uğurlar əldə etmişdir. Hətta bəzi Avropa ölkələri ilə müqayisə etdikdə belə, sizin uğurlarınız göz qabağındadır və bu da bizi ruhlandırır.

Siz bilirsiniz ki, ümumiyyətlə biz həm Avropada həm də dünyada vərəm xəstəliyinin çoxalması ilə bağlı çox böyük narahatlıq keçiririk. Bu xəstəliyə qarşı mübarizədə sizin respublika çox ciddi bir mövqe tutmuşdur, buna qarşı çox ciddi mübarizə aparır. Baxmayaraq ki, mənim Azərbaycana indiki səfərim çox qısadır, lakin mən burada bu sahədə çox şeyə, ümumiyyətlə səhiyyə sahəsində çox işlərin görüldüyünü öyrəndim. Onu da demək istəyirəm və çox məmnunluqla qeyd edirəm ki, bütün bu işlərin hamısına Siz rəhbərlik edirsiniz. Bir hadisə də məni daha çox sevindirir ki, səhiyyə sahəsində, xəstəliklərə qarşı mübarizə sahəsində də sizin ölkənizdə artıq qanunvericilik bazası da yaradılmışdır.

Cənab prezident, icazə verin, sözümün sonunda bir daha Sizə heyranlığımı, hörmətimi və bir daha rahatlığımı bildirim. Ona görə rahatlığımı bildirim ki, kim olursa-olsun, buraya gəlib səhiyyə ilə maraqlanarsa, Sizin kimi rəhbərin - səhiyyəyə bu qədər ciddi münasibət göstərən bir rəhbərin öz ölkəsində səhiyyə problemlərinə belə ciddi yanaşmasını görəndə həmin adamda rahatlıq əmələ gələcəkdir. Biz də bunu çox yaxşı başa düşürük. Çünki Siz özünüz də dediniz ki, səhiyyə sahəsi, sağlamlıq doğrudan da insan üçün ən vacib problemlərdən biridir. Sizin özünüzün bu işdə bu cür diqqətiniz bizdə daxili rahatlıq yaradır. Gördüyünüz bütün bu işlərə görə, xalq qarşısında olan borcunuzu şərəflə yerinə yetirdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm və yenə də deyirəm ki, bizim nümayəndələrin hansısa Azərbaycana gəlsə, bu ölkədə bu işləri görəndə onda bir daxili rahatlıq yaranacaqdır.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Azərbaycanda görülən işlər barəsində dediyiniz xoş sözlər və verdiyiniz qiymət bizim üçün çox əzizdir. Ancaq mən düşünürəm ki, səhiyyə elə sahədir ki, burada daim işləri təkmilləşdirmək lazımdır. Hansısa bir xəstəliyin qarşısı alınıbsa, bundan arxayın olmaq olmaz. Gərək çox ciddi olasan ki, yenidən başlamasın.

Məsələn, malyariya xəstəliyi vaxtilə Azərbaycanda tamamilə ləğv olunmuşdu. Amma müəyyən bir zamanda arxayınlaşırıq və bu işə diqqətsizlik olduğuna görə Azərbaycanda malyariya xəstəliyi yenidən baş verdi. Biz hesab edirdik ki, artıq Azərbaycanda bu problem yoxdur. Amma bu, yenidən meydana çıxdı. Mən bunu ona görə deyirəm ki, bizim Səhiyyə Nazirliyi heç də arxayınçılığa yol verməsin.

Sizin verdiyiniz bu yüksək qiymətlərdən biz təbii ki, ruhlanırıq və bizim səhiyyə işçiləri də ruhlanmalıdır. Ancaq eyni zamanda yenə də deyirəm, - siz həkimsiniz, bu sahənin mütəxəssisiniz, məndən yaxşı bilirsiniz, amma mən də bir insan kimi bilirəm, - gərək daim keşikdə olasan ki, qarşısı alınmış bu xəstəliklər yenidən başlanmasın. Ona görə də sizinlə əməkdaşlıq dövründə gərək bizə ciddi nəzarət edəsiniz. Təbiidir ki, həm də yardım edəsiniz. Biz isə gərək çalışaq ki, bu yardımlardan səmərəli istifadə edək, bütün bu yoluxucu xəstəlikləri Azərbaycanda ləğv edək. Biz bunu edə bilərik. Baxmayaraq ki, indi bizdə bir neçə problemlər vardır, - yəqin onları nazir sizə deyibdir, - buna baxmayaraq, sizinlə birlikdə biz bütün bu yoluxucu xəstəlikləri Azərbaycanda ləğv edə bilərik, onların qarşısını ala bilərik.

Sizin indiyə qədər göstərdiyiniz qayğıya, yardıma görə təşəkkür edirəm. Ümid edirəm ki, əməkdaşlığımız bundan sonra daha da səmərəli olacaqdır.

\"Azərbaycan\" qəzeti, 1 aprel 2000-ci il.