Görkəmli müğənni və bəstəkar M.Maqomayevə "İstiqlal" ordeni təqdim edərkən Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 6 sentyabr 2002-ci il

Əziz Müslüm!

Əziz Tamara!

Hörmətli xanımlar və cənablar, qonaqlar!

Bu günlər Azərbaycan xalqı, ölkəmiz böyük bir yubileyi - görkəmli incəsənət xadimi, görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin anadan olmasının 60 illiyini qeyd edir.

Əziz Müslüm! Azərbaycanda keçirilən bu yubiley şənlikləri, - onlar hələ davam edəcək, - sənin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ümumbəşəri, dünya mədəniyyətinə böyük töhfə verməyinlə bağlıdır. Sənin yaradıcılığın Azərbaycan mədəniyyəti və incəsənətinin ayrılmaz və çox mühüm hissəsi olmuşdur. Sən öz həyatın və yaradıcılıq fəaliyyətin ərzində mədəniyyətimizi, musiqi sənətimizi zənginləşdirmisən, özü də çox zənginləşdirmisən.

Azərbaycan mədəniyyətinin son 40 ildən artıq tarixini Müslüm Maqomayevsiz təsəvvür etmək mümkün deyildir. Doğrudur, bu tarix daha dərinlərə gedir, çünki bizim bugünkü Müslüm Maqomayevin babası görkəmli bəstəkar, musiqiçi idi və dahi Üzeyir Hacıbəyovla birlikdə onlar Azərbaycanda professional musiqinin, opera sənətinin baniləri olmuşlar. Müslüm babasının işini layiqincə davam etdirir, ona görə də Maqomayevlər nəsli təkcə indiki Müslüm Maqomayevin dövründən ibarət deyil, həm də Müslüm Maqomayevin babası, təkrar edirəm, Üzeyir Hacıbəyovla birlikdə Azərbaycanda ilk professional musiqi, opera sənəti əsərləri yaratdığı dövrdən başlanır.

Müslüm, Allah sənə nadir səs bəxş etmişdir, özü də təkcə səs yox. Allah sənə qabiliyyət, istedad bəxş etmişdir və bunlar sənə özünün bu nadir, bənzərsiz səsindən çox bacarıqla bəhrələnməyə və görkəmli sənət əsərləri yaratmağa və belə görkəmli müğənni, belə görkəmli incəsənət ustası olmağa imkan vermişdir.

Mən bu gün burada sənin tərcümeyi-halını, yaxud da yaradıcılıq bioqrafiyanı danışmaq fikrində deyiləm. Hesab edirəm ki, bunun üçün hələ qarşıda vaxt var. Yəqin ki, bu da ediləcəkdir. Ancaq mən sənin, cəmiyyətdə heç kimin tanımadığı gəncin birdən-birə öz səsinlə və öz mahnılarınla hamını heyran etdiyin o illəri xatırlayıram. Məncə, sən öz yaradıcılığına Xəzər Gəmiçiliyi Dənizçilərinin Mədəniyyət Evinin özfəaliyyət ansamblında başlamısan. Bu, yəqin ona görə idi ki, sən onun yanında yaşayırdın, bəlkə də başqa səbəb vardı, mən bilmirəm. Yəqin, sən hələ uşaqlıq illərində oraya gedirdin və özünü göstərirdin. Xatirimdədir, o vaxtlar sənin çıxışın çoxları üçün, o cümlədən mənim üçün, musiqi, incəsənət ilə maraqlanan insanlar üçün olduqca əhəmiyyətli hadisə idi. Ola bilsin ki, sənin yaradıcılığının ilk illərində ona kifayət qədər diqqət yetirilməmişdir. Mən bunu da xatırlayıram. Amma onun yaradıcılığı, yəni onun səsi və mahnıları ifa etməsi o dərəcədə heyrətamiz idi. Azərbaycanda təkcə ayrı-ayrı adamlara deyil, bütün cəmiyyətə o dərəcə təsir göstərirdi ki, Müslüm məşhurlaşdı və öz sevimli işi ilə fəal məşğul olmağa başladı.

Müslüm, mən səninlə bir çox illər ərzində dostluq münasibətlərində olmuş bir adamam, mən də, ailəm də. Bəlkə də mənim rəyim subyektivdir, ona görə yox ki, biz dostuq, məhz ona görə ki, açığını deyəcəyəm, mən sənin mahnılarını çox sevirəm. Mahnıları hamı ifa edir. Lakin eyni bir mahnını müxtəlif ifaçılar müxtəlif cür ifa edirlər. Müslümü bütün digər ifaçılardan fərqləndirən xüsusiyyət budur ki, o, hər hansı bir mahnını ifa etməyə başladıqda ona öz aranjimanını, özünün müəyyən çalarlarını verirdi və bu mahnı elə səslənirdi ki, sanki yenicə yazılmışdır. Mən sənin mahnılarını təhlil edə bilərəm. Çünki sənin hər bir mahnın böyük sənət əsəridir, amma indi mən bunu etməyəcəyəm, bəlkə də sonralar nə vaxtsa bunu da edəcəyəm.

Ona görə ki, biz bu gün səni təbrik etmək üçün toplaşmışıq və mənim müstəqil Azərbaycan Respublikasının ali mükafatını sənə təqdim etmək kimi sevindirici missiyam vardır. Amma bununla belə, mən bu barədə ona görə danışıram ki, həm incəsənət həvəskarı, həm mahnı həvəskarı, həm öz Azərbaycan xalqını, öz torpağını sonsuz məhəbbətlə sevən bir insan, həm də 30 ildən artıq Müslüm Maqomayevlə yaxın dost olan bir insan kimi bütün bunları deməyə bilmirəm.

Görünür, tale Müslümün də, mənim də üzümə gülmüşdür ki, 1969-cu ildə mən Azərbaycanın rəhbəri seçiləndə Müslümü himayə etməyə başladım. Belə istedadlı müğənninin himayəyə bir o qədər ehtiyacı yoxdur, bununla belə, bizim yaşadığımız həmin dövrdə, həmin ab-havada bu da lazım idi. Məsələn, mən bunu məhz ona görə edirdim ki, Azərbaycanın görkəmli musiqiçisi, müğənnisi, bəstəkarı, çox mürəkkəb mahnıların ifaçısı irəli çəkilsin və bununla da o, incəsənəti daha da zənginləşdirir və bizim ölkəmizin, Azərbaycanın, xalqımızın başını ucaldırdı. O dövrdə, elə bu gün də mənim vəzifəm hər bir istedadlı adama əlimdən gələn köməyi göstərməkdən ibarət olmuşdur. Yeri gəlmişkən, mən indi də bununla məşğul oluram. Lakin 30 il bundan əvvəl məhz belə şərait məni Müslümlə daha da yaxınlaşdırdı. Amma burada başqa məsələ də var, əlbəttə, mən respublikanın rəhbəri kimi, o zaman da, indi də istedadlı adamlara, ələlxüsus gənc istedadlara kömək göstərirəm, onları himayə edirəm, bununla belə, onların hər biri ilə şəxsi dostluq münasibətləri saxlamağa imkanım yoxdur. Müslümə gəldikdə isə, ailəmiz də, mən də onunla çox yaxın olduq. Müslümlə ünsiyyətdə olmaq çox xoş idi, eyni zamanda, bu görüşlər mənə onun işlərindən xəbərdar olmağa imkan verirdi. Müslüm həyatının, əgər belə demək mümkündürsə, ilk dövründə öz istedadını parlaq şəkildə nümayiş etdirir, bununla belə, çox sərbəst həyat sürürdü. Mən ona məsləhət görürdüm ki, bütün bunlar yaxşıdır, ancaq ailə, ömür-gün yoldaşı barədə də fikirləşmək pis olmazdı. O, mənə qulaq asır, ancaq öz bildiyini edirdi. Yeri gəlmişkən, o, elə bir adamdır ki, onu istəmədiyi bir şeyi etməyə məcbur etmək qeyri-mümkündür. Əgər özü nəyi isə istəmirsə, bunu ona məcburən etdirmək mümkün deyildir. Mən də heç vaxt belə iş görməmişəm. Əvvəla, bu, mənim xarakterimə xas olan xüsusiyyət deyil, ikincisi, fikirləşdim ki, qoy, Müslüm nə etmək istəyirsə, etsin. Ancaq ona məsləhətlər verirdim. Bu məsləhətlər də faydalı oldu. Budur, birdən 1972-ci ildə Tamara Sinyavskaya Azərbaycana gəldi. Ancaq o, tək gəlməmişdi, Rusiyanın görkəmli incəsənət xadimlərinin böyük qrupu da burada idi.

Biz Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirirdik. Bax, görürsünüzmü, Müslüm neçə illər idi ki, Moskvada yaşayırdı, orada gəzirdi, amma onu orada yox, burada, Bakıda tapdı.

Mən bunu hiss etmişdim. Xatirimdədir, biz, bütün nümayəndə heyəti böyük bir bərə ilə "Neft daşları"na gedirdik. Nümayəndə heyətində minədək adam vardı. Mən axıra yaxın gəlib çıxdım, təbii ki, qonaqlardan kimlərin burada olduğu barədə mənə məlumat verdilər. Məni narahat edən bu idi ki, onlardan kiminsə başına bir iş gəlməsin. Mənə dedilər ki, siyahı üzrə, Müslüm Maqomayevdən savayı, qalan hamı bərədədir. Dedim: Bəs Müslüm hanı, onu tapın. Mən, hətta, bərəni təxminən yarım saat saxlatdırdım. Sonra gəlib mənə dedilər ki, Heydər Əliyeviç, bilirsinizmi, gözləmək lazım deyil, çünki Tamara Sinyavskaya da yoxdur, nümayəndə heyətində o da vardı. Ona görə də güman ki, onlar olmayacaqlar. Düşündüm, yaxşı, qoy onlar qalsınlar. Onların dostluğu da, bax, o günlərdə başlamışdır. Şadam ki, bundan az sonra o, mənə bildirdi ki, evlənmişdir. Mən onları Bakıya dəvət etdim, biz burada onların evlənməsini mənim ailəmdə və bəzi həmkarlarımın iştirakı ilə məhdud bir dairədə qeyd etdik. Mən o günü yaxşı xatırlayıram. Yəqin ki, Tamara da yaxşı xatırlayır. Mən bunu niyə danışıram? Şadam ki, Müslümün ailə həyatı uğurlu oldu. Bu, hər hansı bir adam üçün çox mühümdür, mədəniyyət, incəsənət xadimləri üçünsə, - onların həyat tərzi başqa adamların həyat tərzindən, hər halda, bir qədər fərqlənir, - belə sabit ailə həyatı, zənnimcə, nadir hadisədir. Odur ki, mənə elə gəlir, Müslüm ailə qurarkən nəinki düzgün seçim etmişdir, həm də onlar artıq 30 ildir birgə yaşayırlar. Mən onların ailə həyatına bələdəm və heç zaman belə bir xəbər almamışam ki, onlar dalaşıblar və barışdırmaq üçün onlara kömək etmək lazımdır. Əgər barışdırmaq lazım gələrdisə, bunu mən etməli idim, amma mən heç zaman belə məlumat almamışam.

Bax, Tamara Sinyavskaya görkəmli şəxsiyyətdir, rus müğənnisidir, Böyük Teatrın solistidir, onun zəngin yaradıcılığı var. Yaxşı ki, onlar bir-birini qısqanmırlar, rəqabət aparmırlar, əksinə, bir-birinə kömək edirlər. Bilirəm ki, onların belə sağlam və möhkəm, böyük məhəbbətə əsaslanan ailə həyatında Tamara böyük rol oynamışdır və oynayır. Mən 30 il əvvəl şad oldum, ona görə ki, sözün düzü, Müslüm sarıdan çox narahat idim: axı, onun o qədər pərəstişkarları vardı. Moskvada bizim daimi nümayəndəliyin nəzdində mehmanxana vardı, bizim tikdirdiyimiz yox, ondan kiçik bir mehmanxana idi. Orada mənzil tipli bir neçə otaq vardı, mən onlardan birini Müslüm üçün ayırdım, o, Tamara ilə hələ ailə qurmazdan əvvəl orada yaşayırdı. Mənə deyirdilər ki, milisin peşəsi ardı-arası kəsilmədən bu binaya gəlib, pilləkənlərin üstünə gül-çiçək qoyan qızları qovmaqdır. Buna görə də mən o vaxt çox narahat olurdum və istəyirdim ki, o, belə vəziyyətdən tezliklə canını qurtarsın və ailə qursun. Belə də oldu.

Ona görə də indi biz Müslümün böyük yaradıcılıq yolundan, böyük xidmətlərindən, musiqi sahəsində görkəmli fəaliyyətindən, ifaçılıq sənətindən danışarkən, mütləq Tamara haqqında da danışmalıyıq, çünki 30 ildir onlar birlikdədirlər, yaradıcılıqları artıq onların ailəsinin yaradıcılığıdır. Doğrudur, onların hər biri müxtəlif janrlarda çıxış edir. Bir sözlə, Müslümün belə gözəl xanımı olduğuna görə Tamaraya həmişə minnətdar olmuşam. Mən hələ onu demirəm ki, biz xalqımızın Tamara Sinyavskaya kimi belə bir gəlini olması ilə həmişə fəxr etmişik. Lakin Tamara haqqında ayrıca danışmaq lazımdır, biz nə vaxtsa, onun da yubileyini qeyd edəcəyik, onun hələlik 60 yaşı yoxdur. Müslümün isə 60 yaşı tamam olur.

Məncə, Müslüm bu gün 30 il əvvəl oxuduğu kimi oxuyur. Düzdür, o, özünə tənqidi yanaşır, buna görə də ona elə gəlir ki, bu, belə deyil. Amma mən onu 30 ildən çoxdur dinləyirəm. Onun ifasında xüsusilə sevdiyim mahnılar var, mən onları dinləyirəm və fərq görmürəm. Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir. O, həmin mahnını, musiqini 1970-ci illərin ortalarında gözəl şairimiz Nəbi Xəzrinin sözlərinə bəstələmişdir. Amma ən başlıcası budur ki, Müslüm bu mahnını elə yaratmış, elə ifa etmişdir ki, onu heç kim belə ifa edə bilmir. Yaxşıdır ki, o, bu mahnını belə ifa edir, amma pisdir ki, bunu heç kim onun kimi oxuya bilmir. Ona görə də heç kim onu oxumağa cürət etmir. Bu, müstəsna mahnıdır. Bu mahnı ayrıca bir görkəmli əsər kimi tarixə daxil ola bilər və yəqin ki, daxil olacaqdır. Müslümün ifasında bu mahnını mən hər dəfə böyük həyəcanla dinləyirəm. Ancaq bu, yeganə mahnı deyildir, o, çox mahnılar yaratmışdır. Mən onun opera sənətində də çox işlər gördüyündən, yaxşı heykəl düzəltdiyindən, yaxşı şəkil çəkdiyindən danışmayacağam. İki il əvvəl o, portretimi çəkib mənə bağışladı. Mən ona çox minnətdaram, çünki bilirəm ki, o, həmin portret üzərində günlərlə, bəlkə də aylarla işləmişdir. O, portretdə məni özünün düşündüyü kimi çəkmişdir. Bu baxımdan portret mənim üçün çox qiymətlidir, bir də ona görə qiymətlidir ki, əvvəla, onu Müslüm çəkmişdir, ikincisi isə, bilirəm ki, onun üzərində günlərlə işləmişdir. Deməli, orada öz hisslərini ifadə etmişdir.

Müslümün incəsənətdə hər şeyi var və bu gün Müslüm özünün 60 illiyini qeyd edir. Daha doğrusu, biz qeyd edirik, özü bəlkə də qeyd etmək istəmirdi, amma biz qeyd edirik və düşünürəm ki, bu, sadəcə olaraq, bir mərhələdir, biz Müslümün səsini bundan sonra da həmişə eşidəcəyik. Elə bir səs ki, o, heç kimdə yoxdur. Dünyada görkəmli müğənnilər çoxdur, amma belə səs heç kimdə yoxdur. Qoy, heç kəs məndən inciməsin, mən öz subyektiv fikrimi söyləyirəm. Hətta deyərdim ki, bu, subyektiv fikir deyil, obyektiv təhlilə, obyektiv müqayisəyə əsaslanır.

Müslüm, Allah eləsin, bütün bunların hamısı qorunub saxlansın, Allah eləsin, səndəki enerji daha da artsın, sən həmişə irəliyə daha çox baxasan. Yeri gəlmişkən, dünən televiziyada səni gördüm. Dediklərin mənim xoşuma gəldi. Sən dedin ki, nikbin olmaq lazımdır. Sən düz dedin. Nikbin olmaq lazımdır. Nikbin olmağa sənin hər cür əsasın vardır. Mən səni təbrik edirəm.

Müslüm demək olar ki, gənc yaşlarından mükafatlar alır. Azərbaycanın xalq artisti adını alanda onun 29 yaşı var idi. Bu, Azərbaycan tarixində ilk hadisə idi. Onda 1971-ci il idi. Elə həmin il o, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu. 2 ildən sonra, 1973-cü ildə ona SSRİ xalq artisti adı verildi. O zaman onun 31 yaşı vardı. Sovet İttifaqında heç kim bu yaşda belə yüksək ada layiq görülməmişdi. Ona görə də deyirəm ki, Müslüm gənc yaşlarından mükafatlar alır. Müslümün 55 yaşı tamam olanda mən onu Azərbaycanın "Şöhrət" ordeni ilə mükafatlandırdım və elə burada ona təqdim etdim. İndi artıq 5 il keçib, bu illərin necə ötdüyünü heç hiss etmədik. İndi isə Müslüm Azərbaycanın ən yüksək ordeni - "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Azərbaycanın müstəqilliyi XX əsrin sonunda qazandığımız ən dəyərli nailiyyətdir. Biz xoşbəxtik ki, dövlət müstəqilliyini əldə etmişik, bizim öz müstəqil dövlətimiz var xalqımız öz müstəqil dövlətində yaşayır. Bax, elə bu hadisə şərəfinə bizim ali mükafatımız "İstiqlal" adlandırılmışdır. Müslüm də bu ordenlə təltif olunmuşdur.

Müslüm, mən səni təbrik edirəm, sənə möhkəm cansağlığı arzulayıram.

"Azərbaycan" qəzeti, 7 sentyabr 2002-ci il.