Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və \"BP\" şirkətinin Bakıdakı ofisində ən müasir texnologiya ilə təchiz edilmiş üçölçülü vizualizasiya mühiti zalının açiliş mərasimi mütəxəssislərlə söhbəti - 22 iyun 2001-ci il

Con Braun (\"BP\" şirkətinin prezidenti): Cənab Prezident, Xanımlar və cənablar!

Cənab Prezident, mən bu gün Sizi ikinci dəfə görməyimdən çox məmnunam. Bir daha deyirəm ki, \"BP\"- nin Bakıdakı ofisinə xoş gəlmisiniz.

Biz bir-iki dəqiqədən sonra sizə çox yüksək, tam müasir texnologiyadan ibarət bir obyekti göstərəcəyik. Cənab Prezident, bu, \"BP\"-nin bütün dünyada işlətdiyi bir neçə çox nadir texnologiyalardandır. Belə texnologiyalar dünyada olduqca azdır. Belə bir mühüm obyektin indi məhz bizim Bakı ofisində də açılması Azərbaycana çox böyük əhəmiyyət verməyimizin bariz nümunəsidir.

Cənab Prezident, biz içəri keçməmişdən əvvəl, icazə verin, Sizdən xahiş edim ki, qırmızı lenti kəsərək, obyekti özünüz şəxsən açasınız.

* * *

Qrupun rəhbəri: Səngəçal terminalı haqqında məlumat verərək bildirim ki, orada ilkin neft üçün çənlər və təmizləmə sahəsi yerləşəcəkdir. \"Şahdəniz\" yatağından hasil olunacaq təbii qazın saxlanması və nəqli üçün qurğular da nəzərdə tutulmuşdur. Terminalda əsas neftin kəmərə vurulmasını təmin edəcək nasos stansiyası quraşdırılacaq və gələcəkdə əsas neft kəməri bu dəhlizdən keçəcəkdir.

Heydər Əliyev: Bakı–Tbilisi–Ceyhan neft kəməri?

Bəhram Hüseynov: Bəli. Burada iki çən quraşdırılacaq və onlar da birinci fazanın neftini qəbul edə biləcəkdir. Həmin neft təmizlənəcək Bakı–Tbilisi–Ceyhan kəmərinə vurulacaqdır. Terminalda mərkəzi nəzarət binası tikiləcək və bütün terminalın işi buradan tənzimlənəcəkdir.

Heydər Əliyev: Burada \"Şahdəniz\" yatağı göstərilməyibdir?

Bəhram Hüseynov: Xeyr.

Heydər Əliyev: Çox yaxşı düzəltmisiniz. Bütün bunlar yaxşı təsəvvür yaradır.

Devid Vudvord: Bilirsiniz ki, bu texnologiya cavabları vermir, lakin cavabları tapmaqda bizə çox kömək edir. Yeni texnologiyanın üstünlüyü ondadır ki, ayrı-ayrı sahələrdə çalışan işçi qrupları bir yerə toplaşanda, bir adam nəyi izah etmək istəyirsə, həmin təsviri buraya köçürür və nə demək istədiyini əyani göstərə bilir. Beləliklə, qərarı daha asan qəbul etmək mümkün olur. Amma bütün bunlar çoxlu kompüterlər və sair tələb edir.

Heydər Əliyev: Elədir. Bu da yüksək texnologiya deməkdir. Amma siz o platformanı bizim özüllər üzərində quraşdıracaqsınız?

Natiq Əliyev (ARDNŞ-in prezidenti): Platformanın aşağı hissəsi bizim zavodda -Bakı dərin dəniz özülləri zavodunda hazırlanacaqdır. Onlar bu özülləri hissə-hissə gətirib dənizdə özləri yığacaqlar.

Heydər Əliyev: Görün mən sizin işləriniz üçün nə cür şərait yaratmışam. Mən həmin o zavodun, dərin dəniz özülləri zavodunun sovet hakimiyyəti dövründə, burada rəhbərlik etdiyim zaman çox çətinliklə, 400 milyon dollara burada tikilməsinə nail oldum. Əlbəttə ki, onda biz müstəqil deyildik, pulumuz yox idi, amma sovet hökumətinin pulu ilə tikdik. Doğrudur, bundan sonra onu biz istədiyimiz səviyyədə inkişaf etdirə bilmədik. Mən uzun müddət Moskvada yaşayandan sonra, buraya gələndə ora getdim ki, görüm tikdirdiyim müəssisə nə vəziyyətdədir. Çünki əvvəllər dənizin kənarında heç bir şey yox idi. Tamam boş yer idi. İndi orada bir şəhər yaranıbdır. O da indi sizə və bizə yararlı oldu. Bu məsələlərə mən hələ 25 il bundan öncə başlamışam. Bunlar olmasaydı, siz burada bu səviyyədə işləyə bilməzdiniz.

Elə götürün o \"Çıraq\" platformasını. Platforma var idi, siz onu bərpa etdiniz. Yaxud da ki, \"Dədə Qorqud\", \"İstiqlal\", \"Qurtuluş\" qazma qurğuları... O zavoddakı hamısı Sovet İttifaqı vaxtında bizim aldığımız texnikadır. \"Şelf-1\", \"Şelf-2\" üzən qazma qurğuları. O işləri biz burada görmüşük. Bizdə 7 \"Şelf\" vardı. Biz o vaxt bunların əsasını qoymuşuq.

Con Braun: Cənab Prezident, elə bu gün günorta sizinlə görüşəndə də mən Sizə dedim ki, bunların hamısı əzmkarlıq və gələcəyi qabaqcadan görmək qabiliyyəti tələb edir. Bu sahədə də Siz yeganəsiniz.

Heydər Əliyev: Mən bunları ona görə demirəm ki, siz məni tərifləyəsiniz. Sadəcə, mən bunun tarixini sizə bildirmək istəyirəm ki, o vaxt da biz bu işlərlə məşğul olmuşuq. Amma indi sizinlə birlikdə, təbiidir ki, tamam başqa səviyyədə işlər görürük. O vaxt bunların hamısı sovet hökumətinin idi. Biz burada işləyirdik, neft çıxardırdıq. Həmin dərin dəniz özülləri zavodunu tikdik. Doğrudur, 400 milyon dolları sovet hökuməti verdi. Amma biz də sovet hökumətinə neft verirdik. Ona görə də o vaxt kim-kimə borclu idi, məlum deyildi.

Con Braun: Cənab Prezident, bu çox böyük, nəhəng bir bazadır. Biz bu gün günorta Sizinlə müzakirə etdiyimiz işləri həmin baza əsasında irəli aparacağıq. Düzdür, gələcəkdə görüləsi işlər daha çox olacaqdır. Amma, hər halda, əsası budur. Bu nəhəng əsasda biz işimizi quracağıq.

Heydər Əliyev: Bəli, bəli...

Con Braun: Cənab Prezident, bizim fəxri qonaqlar üçün kitabımız var, Sizdən xahiş edərdim ürək sözlərinizi yazasınız ki, Azərbaycan üçün, bizim üçün böyük əhəmiyyəti olan bu hadisəni tarixə salaq.

Heydər Əliyev: Bu hadisəni, yoxsa?

Con Braun: Bugünkü açılışı.

* * *

ABƏŞ -\"BP\"nin fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

\"Bu gün mən böyük məmnuniyyət hissi ilə yenidən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin -\"BP\" şirkətinin ofisini ziyarət etdim. Ötən illər ərzində ABƏŞ -\"BP\" Azərbaycanda, Xəzərin Azərbaycan sektorunda böyük işlər görmüşdür. Bu gün hörmətli cənab Con Braunla apardığımız söhbətlərdə biz artıq perspektivlər haqqında müzakirələr apardıq. Perspektivlər çox gözəldir, ümidvericidir. Burada yüksək texnologiya əsasında qurulmuş \"vizualizasiya\" vasitəsi ilə gələcək işlər haqqında verilən məlumatlar çox sevindiricidir. Azərbaycanın neft və qaz yataqlarının işlənməsində \"BP\" şirkəti liderlik edir. Ümidvaram ki, gələcəkdə də liderliyi əlindən verməyəcək. Uğurlar arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.