Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasi ilə İran İslam Respublikası arasında sənədlərin imzalanması mərasimi və prezidentlərin birgə mətbuat konfransinda - İran prezidentinin dövlət iqamətgahı, 20 may 2002-ci il

Sual: Hörmətli cənab Heydər Əliyev, Sizin burada İranın rəhbərliyi ilə keçirdiyiniz görüşlərdə əsasən hansı mövzulara toxunulubdur, hansı istiqamətdə, hansı məsələlərə dair danışıqlar aparıldı və Mazandaran–Xəzər dənizinə aid hansı razılıqlar əldə edilibdir?

Heydər Əliyev: Biz burada mənim rəsmi səfərim çərçivəsində İran–Azərbaycan əlaqələrinə aid bütün məsələləri müzakirə etmişik. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bütün görüşlərimizdə, apardığımız bütün danışıqlarda birbirimizə xoş münasibət göstərmişik, bir-birimizi anlamaq istəmişik. İran–Azərbaycan dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək istəmişik. Hesab edirəm ki, biz bu sahədə böyük nailiyyətlər əldə etmişik. Bizim danışıqlarımız dostluq və mehribanlıq şəraitində keçibdir.

Bunların nəticəsi olaraq, bu gün İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında hökumətlərarası on sənəd imzalanıbdır. İmzalanmış sənədlər içərisində İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın prinsiplərinə aid müqavilə xüsusi yer tutur.

Bildirmək istəyirəm ki, İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında on ildən artıqdır ki, diplomatik əlaqələr mövcuddur. Ancaq indiyə qədər bu gün imzaladığımız sənəd kimi, yəni İran İslam Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlığın prinsiplərinə aid müqavilə kimi sanballı sənəd imzalanmamışdı.

Bu müqavilə İran–Azərbaycan əlaqələrində ilk böyük hüquqi sənəddir. Ölkələrimiz arasındakı əlaqələri bütün sahələrdə tənzimləyir. Hesab edirəm ki, bu mənim səfərimin, bizim görüşlərimizin ən əhəmiyyətli nəticələrindən biridir.

Bizim görüşlərimiz, danışıqlarımız İran–Azərbaycan əlaqələrində yeni mərhələ açıbdır. Ümidvaram ki, bundan sonra bizim əlaqələrimiz daha sürətlə inkişaf edəcək və dostluq, əməkdaşlıq, mehribanlıq əlaqələri daim davam edəcəkdir.

Hörmətli jurnalist, siz sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə səhvlər buraxmayasınız. Dünya xəritəsində «Mazandaran» gölü adında göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən hələ onu tanımıram, xahiş edirəm mənə tanıdasınız.

Seyid Məhəmməd Xatəmi: Cənab müxbir də bundan sonra «Kaspian si» deyəcəkdir.

Heydər Əliyev: Necə yəni bundan sonra deyəcək, elə «Kaspian si»dir. Xəzər dənizi Kürreyi-ərz yaranandan mühüm dənizlərdən biridir və onun adı Xəzərdir. 300–400 il bundan öncəki xəritələri götürsəniz, orada Xəzər dənizi –ağayi Xatəmi bunu ingiliscə deyir, Kaspian si – yazılıbdır.

Siz, İranda bəzi adamlar, belə adlar icad etməklə bizim Xəzər barədə danışıqlarımıza mane olursunuz. Xahiş edirəm, bunu nəzərə alasınız.

Bəli, biz Xəzər dənizinin hüquqi statusu haqqında çox ətraflı danışıqlar apardıq. Bu danışıqlar çoxdan gedir. Aprelin 18-də Aşqabadda Xəzəryanı dövlətlərin zirvə görüşündə biz bu məsələni müzakirə etmişdik. Hesab edirəm ki, Aşqabad zirvə görüşü hamımız üçün çox əhəmiyyətli olmuşdur. O danışıqların davamı olaraq, burada çox ətraflı danışıqlar gedibdir.

Bizim ekspertlər, demək olar ki, bu məsələnin həll olunması ilə əlaqədar saatlarla yollar axtarmaqla məşğul olublar. İndiki danışıqlarda bizim ekspertlərin arasında xeyli qarşılıqlı anlaşma əldə olunubdur. Bu da bizim gələcək danışıqlarımıza çox yaxşı şərait yaratmışdır. Ekspertlərin növbəti görüşü iyunun 11-də Bakıda keçiriləcəkdir. Güman edirəm ki, beləliklə, onlar bizim üçün münasib təkliflər hazırlayıb təqdim edəcəklər. Təşəkkür edirəm.

Sual: Mənim sualım cənab Xatəmiyədir. Hörmətli cənab Xatəmi, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevlə danışıqları, görüşləri necə qiymətləndirirsiniz?

Heydər Əliyev: Amma İranın daxilindən bir az kənara çıxın. Daxilində qalsanız bir şey çıxmayacaqdır.

Seyid Məhəmməd Xatəmi: Mən xahiş edirəm ki, cənab prezidenti narahat etməyin, icazə verin, biz işimizi davam etdirək.

Xoşbəxtlikdən, bütün sahələrdə mənimlə cənab Heydər Əliyev arasında, eyni zamanda digər məsul şəxslər arasında, onların öz aralarında yaxşı, faydalı danışıqlar aparılmışdır. İkitərəfli münasibətlərə, regional məsələlərə, beynəlxalq əlaqələrə, eyni zamanda iqtisadi, siyasi, digər sahələrə dair yaxşı danışıqlar aparıldı.

Hörmətli müxbirlər də şahid oldular ki, bu gün çox faydalı sənədlər imzalandı. Amma bu sənədlərdən də əhəmiyyətlisi, hər iki tərəfdən göstəriləcək iradə və əzmkarlıqdır. Biz bunu qəbul edirik ki, taleyimiz bir-birimizlə bağlıdır. Hər bir ölkədə əmin-amanlıq və sabitliyin olması, digər ölkədə də əminamanlıq və sabitlik deməkdir. Hər iki ölkə, hər iki dövlət sürətlə inkişaf etməkdədir. İnkişaf üçün sabitlik, əmin-amanlıq mühüm, vacib şərtdir. Biz hər iki ölkədə əmin-amanlıq, sabitlik haqqında düşünərək, həm də bölgədə, regionda da sabitliyin, əmin-amanlığın bərqərar olması barədə düşünürük.

Eyni zamanda belə bir qərara gəldik ki, iqtisadiyyat sahəsində mövcud olan əlaqələrimizi daha da genişləndirək. Mən inanıram ki, cənab Heydər Əliyevin bu səfəri ikitərəfli əlaqələrimizdə böyük dönüş yaradacaqdır.

Xəzər dənizi sülh, əməkdaşlıq dənizidir. Bu dənizin hüquqi statusu və ondan istifadə beş Xəzəryanı ölkəyə aiddir. Bu sahədə fikir mübadiləsi, danışıqlar aparılıbdır.

Bunlar çox faydalı olubdur. Ekspertlərimiz arasında yaxşı danışıqlar, müzakirələr aparılıbdır. Mən inanıram ki, yaxın gələcəkdə iki ölkə arasında ədalətli bir çıxış yolu tapılacaqdır.

İnşallah, iyunun 11-də keçiriləcək danışıqlar hər iki tərəf üçün faydalı olacaqdır. Biz bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət, ehtiram göstərmək şərtilə münasibətlərimizi inkişaf etdirmək üçün çalışacağıq. Sağ olun.

Sual: Mənim sualım cənab Seyid Məhəmməd Xatəmiyədir.

Cənab Prezident, möhtərəm Prezident Heydər Əliyevin İrana rəsmi səfərindən və bu gün burada sənədlərin imzalanmasından sonra Cənubi Qafqaz regionunun və Xəzər regionunun gələcəyini Tehran necə görür? Çünki hazırda Cənubi Qafqazda bir sıra münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Xəzərlə bağlı müəyyən fikir ayrılıqları var. Təkcə Xəzərin adına münasibətdə yox, həm də onun bölüşdürülməsinə münasibətdə fərqli mövqelər var. Zəngin dövlətçilik ənənələri olan bir dövlət kimi, İran bu münaqişələrin və fikir ayrılıqlarının aradan qaldırılmasında öz rolunu necə görür?

Seyid Məhəmməd Xatəmi: Əvvəla, Qafqaz çox mühüm bir bölgədir. Odur ki, bütün Qafqazın əmin-amanlığı bizim üçün çox əhəmiyyətlidir. İran bu regionda yerləşən böyük və qüdrətli dövlətlərdən biridir. Qafqazın əmin-amanlığını təmin etməkdə onun da öz payı var və öz rolunu göstərməlidir.

Qafqazda baş verən münaqişələr bu bölgədə heç kimin xeyrinə deyildir. Bu münaqişələr regionda yerləşən ölkələr tərəfindən həll olunmalıdır. Münaqişələri ölkələrin özləri, regiondan kənarda yerləşən qüvvələrin müdaxiləsi olmadan həll etməlidirlər. İşğalın, təcavüzün hər hansı bir şəkildə baş verməsindən asılı olmayaraq, biz onu pisləyirik. Cənab Heydər Əliyevin özü də dəfələrlə bəyan edibdir ki, Qarabağ münaqişəsi sülh və danışıqlar yolu ilə həll olunmalıdır. Bu sahədə biz əlimizdən gələn hər cür köməyi əsirgəməyəcəyik. Xəzər isə təkcə bu bölgədə yox, ümumiyyətlə, dünyada mühüm göllərdən biri sayılır.

İstər bölgədə, istərsə də dünyada ekoloji sistem sahəsində mühüm rolu vardır. Xəzər təbii sərvətlərindən əlavə, digər cəhətlər baxımından da əhəmiyyətlidir. Ekologiya, gəmiçilik, balıqçılıq – bu sahələrdə də çox əhəmiyyətlidir. Həmin sahələrdə də əməkdaşlıq olmalıdır və inanmıram ki, bu barədə fikir ayrılığı ola bilsin.

Xəzər dənizi sahilyanı beş ölkəyə aiddir. Amma bizim vəzifəmiz ondan ibarətdir ki, bəşəriyyətə aid olan bu böyük sərvətdən düzgün istifadə edək. Xəzər ətrafında müstəqil dövlətlərin yaranması və ümumiyyətlə, dünyada baş verən proseslər baxımından bu məsələyə, Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmalıdır. Xəzər dənizinin gələcək taleyi ümumi fikir birliyi nəticəsində həll olunmalıdır.

Qonşu dövlətlər bu sahədə bir-birləri ilə daha çox əlaqə saxlayaraq fikir yaxınlığı yaratmalıdırlar. İranla Azərbaycan arasında xoş niyyət və anlaşma olduğunu, yarandığını nəzərə alaraq, inanıram ki, lap yaxın gələcəkdə bu sahədə, bu məsələnin həllində ümumi bir razılığa gələ biləcəyik.

Doğrudur ki, Xəzəryanı ölkələrin hamısı gərək öz milli mənafeyini nəzərə alsın. Eyni zamanda, bu məsələ ədalətli həll olunmalıdır. Biz qərara gəlmişik ki, öz milli mənafeyimizi müdafiə edərkən, bu, digər ölkələrin milli mənafeyinə zidd olmasın.

Mən inanıram, Azərbaycanla ki bizim bu qədər yaxınlığımız var, bizi bir-birimizə bağlayan bu qədər müştərək cəhətlər var, elə hesab edirəm ki, bunların əsasında biz bu məsələni həll edə biləcəyik. Dostluq, qardaşlıq şəraitində bu məsələnin həllinə nail olacağıq. Çox sağ olun.

Sual: Azərbaycan prezidentinə sual vermək istəyirəm. Möhtərəm Prezident, bu gün imzalanan sənədlərin bir çoxu iqtisadi əməkdaşlığa aiddir. Siz hazırda İran–Azərbaycan iqtisadi əməkdaşlığını necə qiymətləndirirsiniz və bir də gələcəkdə böyük beynəlxalq layihələrdə İranın iştirakını necə görürsünüz?

Heydər Əliyev: Ağayi Xatəmi ilə mənim imzaladığım müqavilədən əlavə, imzalanan sənədlərin, demək olar ki, hamısı iqtisadiyyata aiddir. Bizim münasibətlərimizdə, apardığımız danışıqlarda iqtisadiyyat məsələləri çox mühüm yer tutur.

Mənim bu səfərimin nəticəsi, bizim görüşlərimizin, danışıqlarımızın nəticəsi ondan ibarətdir ki, biz İran–Azərbaycan iqtisadi əlaqələrini bundan sonra daha da genişləndirməliyik. Bunun üçün böyük imkanlar var. Güman edirəm ki, hər iki tərəf bu imkanlardan daha səmərəli istifadə etməyə çalışacaqdır.

Biz ağayi Xatəmi ilə böyük layihələr haqqında çox ətraflı söhbətlər apardıq. Layihələrdən biri ümumdünya xarakteri daşıyan Şimal–Cənub layihəsidir. İran İslam Cümhuriyyəti bu layihənin həyata keçirilməsinin təşəbbüskarıdır. İran artıq Rusiya və Hindistanla bu barədə saziş əldə edibdir. Azərbaycan bu layihədə iştirak etmək istəyir və mütləq iştirak etməlidir.

Yaxın vaxtlarda bu müqaviləyə, bu layihəyə daxil olacaqdır. Bu böyük layihənin içərisində bizim müzakirə etdiyimiz Astara–Astara, Qəzvin–Astara dəmir yollarının və Astara–Bakı avtomobil yolunun inşası xüsusi yer tutur. Demək olar ki, biz bu məsələnin həllində çox yaxşı nailiyyət əldə etdik.

İran İslam Cümhuriyyəti Qəzvin–Astara dəmir yolunun inşasına başlayır. İran və Azərbaycan birlikdə Astara–Astara dəmir yolunun çəkilməsini təmin edəcəkdir. İranın krediti ilə Bakı–Astara avtomobil yolunun çəkilməsinə başlanacaqdır.

Azərbaycan Astara–Bakı dəmir yolunu daha da təkmilləşdirəcəkdir. Bunların nəticəsində, təxminən 2-3 ildən sonra böyük nəqliyyat dəhlizi açılacaqdır.

Bunun da əsas hissəsi İranın və Azərbaycanın ərazisindən keçir. Əgər biz bu layihəni həyata keçirsək, o, Avropanın ən şimal nöqtəsindən dəmir yolu xəttini Qafqazdan, Azərbaycandan, İrandan keçməklə İranın cənubuna – Bəndər Abbasa, oradan Hindistana çatdıra biləcək. Güman edirəm ki, bir neçə ildən sonra, bu layihə başa çatandan sonra onun nə qədər böyük əhəmiyyətə malik olduğunu bizim xalqlarımız biləcək və başqa ölkələrin xalqları da biləcəklər.

İran başqa layihələrdə də iştirak edir. Məsələn, Xəzər dənizində neft və qaz ehtiyatlarının işlənilməsində İran neft şirkəti iki layihədə iştirak edir.

Zəngin qaz ehtiyatlarına malik olan «Şahdəniz» yatağında –orada bir trilyon kubmetrdən çox qaz olduğu təsdiq edilibdir –İran neft şirkətinin on faiz payı var.

Gələcək layihələrdə də İran Azərbaycanla birlikdə iştirak edəcəkdir. Təşəkkür edirəm.