Azərbaycan Demokratik Respublikasının (28 may 1918 - 28 aprel 1920) mövcud olduğu dövr ərzində atılan ən mühüm addımlardan biri Azərbaycanın ilk ali təhsil müəssisəsi - Bakı Dövlət Universitetinin əsasının qoyulması olub. 1919-cu ilin iyulunda ADR-in parlamenti tərəfindən bu ali təhsil ocağının təsis olunması haqqında qərar qəbul edilib. Həmin ilin sentyabrında isə qanunverici orqan universitetin nizamnaməsini təsdiq edib və ali təhsil müəssisəsi noyabr ayından etibarən iki fakültə ilə fəaliyyətə başlayıb. Universitetin və bütövlükdə Azərbaycanda müasir ali təhsilin tarixi həmin dövrdən başlanır. Bu ali məktəbin yaranmasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri M.Ə. Rəsulzadə, F.X. Xoyski, S. Ağamalıoğlu, M.A. Şaxtaxtinski və digər şəxslər böyük rol oynayıblar.
1930-cu ildə Azərbaycanın Xalq Komissarları Sovetinin qərarı ilə universitet öz fəaliyyətini dayandırib və onun bazasında dörd institut yaradılıb. 29 may 1934-cü ildə isə ali məktəb yenidən bərpa edilib. Universitetin əsl inkişaf dövrü də məhz bu andan etibarən başlayıb.
Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır. Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq 15 mindən çox müəllim və tələbəsinin gündəlik istifadəsindədir.
Mövcud olduğu illər ərzində universitetdə xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin müxtəlif sahələrində çalışan yüz mindən artıq yüksək ixtisaslı kadr hazırlanıb. Onların sırasına çoxlu sayda görkəmli elm, təhsil, mədəniyyət, eləcə də dövlət və ictimai xadimlər daxildir.
Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra universitetin beynəlxalq əlaqələri genişlənib. Həmin dövrdən etibarən respublikaya səfər edən bir sıra xarici dövlətlərin rəhbərlərinə, elm və mədəniyyət xadimlərinə Universitetin Fəxri Doktoru adı verilib. Bu ada layiq görülən şəxslərdən Süleyman Dəmirəl, İslam Kərimov, Eduard Şevardnadze, Petru Luçinski, İhsan Doğramacı və digərlərini göstərmək olar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti və vaxtilə bu ali məktəbin məzunu olmuş Heydər Əliyevə 1994-cü il oktyabrın 28-də universitetin Fəxri Doktoru adı verilib.
Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Rusiya), Orta Doğu Texnik Universiteti (Türkiyə), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), İndiana Universiteti (ABŞ), Kiyev Milli Universiteti (Ukrayna), Vyana Universiteti (Avstriya) və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.
25 noyabr 1994-cü ildə Azərbaycanın dövlət başçısı Heydər Əliyev Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının 75 illik yubileyi ilə əlaqədar ünvanladığı təbrik məktubunda universitetin yaranmasını Azərbaycan xalqının tarixində ən əlamətdar mədəni hadisə kimi dəyərləndirib.
26 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Respublika sarayında Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Mərasimdə nitq söyləyən Heydər Əliyev qeyd edib ki, Azərbaycanda ali təhsilin, ümumi təhsilin, elmin, mədəniyyətin, iqtisadiyyatın inkişafında Bakı Dövlət Universitetinin xidmətləri əvəzsizdir. Universitetin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir.
Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.
11 fevral 2001-ci ildə Bakı Dövlət Universitetinin 80 illiyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib.
Türkiyədən bir çox universitetlərin rektorlarının, Moskva universitetinin, Tbilisi universitetinin rektorunun və başqa qonaqların iştirak etdiyi mərasimdə çıxış edən Heydər Əliyev tədbirin çox sevindirici hal olduğunu və bunların bizim həyatımızın yeni bir mənzərəsi olduğunu qeyd edib.
Heydər Əliyev çıxışında Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək qiymət verərək, universitetin alimlərinin, müəllimlərinin Azərbaycanın fəxri adlarını alması, orden və medallarla təltif edilməsi haqqında fərmanlar imzaladığını və Azərbaycana müstəqillik dövründə rəhbərlik etdiyi yeddi il ərzində, ilk dəfədir ki, belə bir geniş təltif fərmanı imzaladığını bildirib.
Tarixi arayış 23 fevral 2009-cu ildə tərtib edilib.