Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 2003-cü il

Hörmətli xanımlar və cənablar!

Mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

2003-cü ildə Azərbaycan uğurla inkişaf etmişdir. Ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmlənmişdir. Beynəlxalq təşkilatlarla əməkdaşlığımız güclənmişdir. İkitərəfli münasibətlərdə, regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə olunmuşdur. Bu bizə imkan verir ki, Azərbaycan dünya birliyində daha möhkəm və güclü yer tuta bilsin. Bu siyasət gələcəkdə də davam etdiriləcəkdir.

İqtisadi sahədə ölkəmiz böyük uğurlar əldə etmişdir. İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul 11 faiz artmışdır. İstehsal sahələrində ümumi artım 13 faiz təşkil etmişdir, sərmayə qoyuluşu prosesi davam edir. Heç kəs üçün sirr deyil ki, sərmayə qoyuluşu baxımından Azərbaycan nəinki regionda, bütün MDB-də, Şərqi və Mərkəzi Avropada liderliyi saxlayır. Adambaşına düşən xarici sərmayənin həcminə görə ölkəmiz bu mövqeyini saxlamış və daha da möhkəmləndirmişdir. 2003-cü ildə bütün mənbələrdən ölkəmizin iqtisadiyyatına 3 milyard 200 milyon dollar sərmayə qoyulmuşdur. Bu proses davam edir və bizə imkan verir ki, Azərbaycanda yeni iş yerləri açılsın, yeni istehsal sahələri, infrastruktur yaradılsın. Bu meyllər gələcəkdə də davam edəcək və böyük həcmdə sərmayə qoyuluşu təmin olunacaqdır.

1994-cü ildən başlayaraq Azərbaycanda neft strategiyası uğurla həyata keçirilir. Heydər Əliyevin təşəbbüsü ilə başlanılmış bu strategiya öz gözəl nəticələrini verməkdədir. Artıq neft strategiyasının əsas mərhələsi başlanmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi uğurla davam etdirilir və yaxın gələcəkdə başa çatdırılacaqdır. Azərbaycan nefti böyük həcmdə dünya bazarlarına göndəriləcəkdir. Bu bizə imkan verəcəkdir ki, ölkəmizin büdcəsinə və Neft Fonduna böyük həcmdə vəsait daxil olsun. Bu da öz növbəsində Azərbaycanın hərtərəfli inkişafına gözəl şərait yaradacaqdır.

Sosial sahədə böyük uğurlar vardır. Bu sahə daim rəhbərliyin diqqət mərkəzindədir. 2003-cü ildə bu istiqamətdə böyük addımlar atılmışdır. Heydər Əliyevin fərmanları ilə büdcədən maliyyələşən təşkilatlarda çalışan 1 milyon 200 min insan öz həyat səviyyəsini yaxşılaşdırmışdır. Onların əmək haqları 50 faiz artırılmış, təqaüdçülərin pensiyaları 40 faiz qaldırılmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcək, sosial proqramlar həyata keçiriləcəkdir. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir.

Eyni zamanda, sosial cəhətdən ən az müdafiə olunan qaçqınların, məcburi köçkünlərin yaşayış səviyyəsi yaxşılaşmışdır. Prezident Heydər Əliyevin fərmanları ilə böyük sayda qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülmüşdür, onlar üçün yeni şəhərciklər və qəsəbələr salınmışdır. Biz bir neçə ay bundan əvvəl Biləsuvar rayonunun ərazisində salınmış qəsəbənin açılışında iştirak etmişdik. Bu siyasət davam edəcəkdir. Mən öz çıxışlarımda dəfələrlə bildirdiyim kimi, fəaliyyətimin əsas istiqamətlərindən biri ondan ibarət olacaqdır ki, Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlər normal şəraitlə təmin olunsun, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmasın. Artıq bununla əlaqədar proqram hazırlanır, yaxın zamanlarda bu proqram təqdim ediləcək və onun icrası təşkil olunacaqdır.

2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Bu, hər bir ölkə üçün çox mühüm bir hadisədir. Ölkənin gələcəyini müəyyən edən mühüm bir hadisə olan bu seçkilərdə Azərbaycan xalqı bir daha göstərdi ki, o, on il bundan əvvəl seçdiyi yolla getmək əzmində və arzusundadır. On il bundan əvvəl xalqın tələbi ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdı. Əgər o, qayıtmasaydı, ölkəmiz çox böyük fəlakətlərlə üzləşə bilərdi. Bu illər ərzində aparılan siyasətin nəticəsində Azərbaycan hərtərəfli inkişaf etdi, qüdrətli dövlətə çevrildi. Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. 2003-cü ildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı yenidən bu siyasətə səs vermişdir. Mən bu etimadı yüksək qiymətləndirirəm. Bir daha bu fürsətdən istifadə edərək, mənə inandığına görə, mənə etibar etdiyinə görə bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Bir daha söz verirəm ki, mən bu etimadı doğruldacağam, xalqa ləyaqətlə xidmət edəcəyəm.

2003-cü il, eyni zamanda, ölkəmiz və xalqımız üçün çox ağır il olmuşdur. Bu ildə xalqımız öz liderini itirmişdir. Ümummilli liderimiz Heydər Əliyev dünyasını dəyişmişdir. Bu, hamımız üçün böyük faciədir, böyük dərddir.

Ancaq bu faciə bizi ruhdan salmamalıdır. Biz daha da sıx birləşməliyik, Heydər Əliyevin qoyduğu yolla getməliyik, onun başladığı işləri davam etdirməli və başa çatdırmalıyıq. Mən əminəm ki, belə də olacaqdır. Dekabrın 15-də onun xatirəsinə göstərilən böyük hörmət və ehtiram bir daha göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, qüdrətli xalqdır. Biz hamımız birlikdə bu faciəni də yaşamaq məcburiyyətindəyik. Biz bunu edəcəyik, daha da sıx birləşərək ölkəmizi daha da gücləndirəcəyik. Heydər Əliyevin istədiyi səviyyədə, onun qoyduğu yolla gedəcəyik və əminəm ki, bu yol bizə böyük xoşbəxtlik gətirəcəkdir.

2004-cü il ölkəmiz üçün çox mühüm bir il olacaqdır. Azərbaycanda həyata keçirilən tədbirlər davam etdiriləcəkdir. İqtisadi baxımdan 2004-cü il bizim üçün çox önəmli olacaqdır. Bu ildə Azərbaycanın gələcək iqtisadi potensialını xeyli dərəcədə müəyyən edəcək Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib istifadəyə veriləcəkdir. 2004-cü ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həyata keçirilməsi istiqamətində böyük addımlar atılacaqdır. Yoxsulluqla mübarizə davam etdiriləcəkdir. Yeni iş yerlərinin açılması istiqamətində əməli tədbirlər görüləcəkdir.

Bütün bu görüləcək işlər bizə imkan verəcəkdir ki, Azərbaycan daha da güclənsin və ölkəmiz daha yüksək pilləyə qalxa bilsin. Mən əminəm ki, biz hamımız birlikdə qarşıda duran bütün məqsədlərə nail olacağıq.

Ordu quruculuğunda da böyük addımlar atılacaqdır. Artıq bu istiqamətdə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir. Azərbaycan ordusu güclü bir ordudur. Biz çalışacağıq və əminəm, nail olacağıq ki, bu ordu daha da güclənsin və qarşıda duran bütün məsələləri həll edə bilsin.

2004-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində də yeni mərhələ başlana bilər. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupu bu məsələ ilə daha ciddi məşğul olacaq, beynəlxalq ictimaiyyət işğalçıya daha güclü təzyiq göstərəcək və haqq-ədalət öz yerini tapacaqdır. Bu istiqamətdə Azərbaycanın siyasəti dəyişməz olaraq qalır. Mən bu barədə öz fikirlərimi dəfələrlə bildirmişəm və bir daha bildirirəm ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında öz həllini tapa bilər. İşğal olunmuş torpaqlar azad olunmalıdır, bir milyon qaçqın-köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Bu münaqişə ancaq bu prinsiplər əsasında öz həllini tapa bilər. Biz ümidvarıq ki, beynəlxalq ictimaiyyət, dünyanın aparıcı dövlətləri, habelə Minsk qrupunun həmsədrləri bu istiqamətdə daha da fəal və ədalətli fəaliyyət göstərəcəklər.

Əziz dostlar!

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu münasibətlə mən sizi təbrik edirəm, dünyada yaşayan bütün azərbaycanlıları həmrəyliyə, birliyə dəvət edirəm.

Əziz həmvətənlər!

Əziz xanımlar və cənablar, bacılar və qardaşlar!

2003-cü il arxada qalır. Qarşıda bizi böyük işlər gözləyir. Mən sizin hamınıza bu işlərdə uğurlar arzulayıram. Hamınıza xoşbəxtlik, cansağlığı, ailə səadəti arzulayıram.

Yeni iliniz mübarək olsun!

\"Azərbaycan\" qəzeti, 5 yanvar 2004-cü il