Yazıçı Anara - 13 mart 1998-ci il

Hörmətli Anar!

Sizi - xalqımızın tanınmış yazıçısı, dramaturqu və ictimai xadimini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz 60-cı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir. Saflıq ideyalarını tərənnüm edən pyesləriniz, xüsusilə \"Şəhərin yay günləri\" pyesi öz bədii dəyəri ilə yanaşı, cəmiyyətimizin diqqətini bir çox mənəviyyat problemlərinə cəlb etmişdir. Qürur, şərəf və ləyaqət simvolu olan ulu \"Dədə Qorqud\" eposunun qəhrəmanlarını müasirlərimiz üçün daha doğma və əziz edən məhz sizin yaradıcılığınız olmuşdur. Bu eposun gənc nəslin tərbiyəsində müstəsna yer tutmasında da səyləriniz xüsusi qeyd olunmalıdır.

\"Molla Nəsrəddin\" ənənələrinə, müdrik Mirzə Cəlilin millət dərslərinə bizim səhnədə və jurnalistikada yenidən həyat vermiş fəaliyyətiniz də diqqətə layiqdir. Üzeyir bəy mövzuları sizin əsərlərinizdə öz uğurlu əksini taparaq tarixi keçmişimizin yenidən dərk olunması zərurətini bir daha vurğulamışdır.

Təşəbbüsünüzlə yaranan \"Qobustan\" toplusu azərbaycançılıq ideyalarının carçısına çevrilərək bütöv bir nəslin milli, mənəvi-əxlaqi qayə və duyğularının formalaşmasında böyük rol oynamışdır.

Ölkədə və cəmiyyətdə baş verən dəyişikliklər yazıçı Anara publisist və tədqiqatçı şöhrəti də gətirmişdir. Sizin ictimai fəaliyyətiniz bədii əsərlərinizdəki fikir və ideyaların əməli surətdə gerçəkləşməsinə əyani bir nümunədir.

Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutmuş və böyük xidmətləri olmuş sevimli şairlərimiz Nigar Rəfibəyli ilə Rəsul Rzanı yubiley gününüzdə böyük minnətdarlıq hissi ilə yad edir və bu ailənin layiqli övladı olmağınızdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan Respublikasının müstəqil inkişafı yollarında öz zəngin təcrübə və bacarığınızı bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.