Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yenikənd su elektrik stansiyasının açılışı mərasimində və digər tədbirlərdə iştirak etmək üçün Gəncə şəhərinə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 23 may 2000-ci il

Jurnalist: Cənab Prezident, Sizi Azərbaycanın hər bir bölgəsində səbirsizliklə gözləyirlər. Gəncəbasar bölgəsinə səfəriniz barədə bir necə kəlmə deməyinizi xahiş edirəm.

Heydər Əliyev: Məlumdur, mən dünən bu barədə demişəm. Biz çoxdandır ki, Yenikənd Su Elektrik Stansiyasını tikirik. Onun əsasını mən hələ vaxtilə Azərbaycana rəhbərlik etdiyim zaman - 1979-cu ildə qoymuşduq. Sonra işlər dayanmışdı. Son illər biz çoxlu kreditlər götürdük. İndi stansiya tikilib başa çatıbdır.

Mən onun açılışında iştirak etmək üçün oraya gedirəm. Təbiidir ki, həmin bölgədə insanlarla, əhali ilə görüşəcəyəm. Biz 1975-ci ildə Kür çayının üzərində, Yenikənddən yuxarıda böyük bir elektrik stansiyasının təməlini qoyduq, o tikildi. İndi o bizdə ən böyük su elektrik stansiyasıdır. Mingəçevir Su Elektrik Stansiyasından da  böyük olan həmin stansiya 360 meqavat elektrik enerjisi verir. Mən o vaxt oraya bir necə dəfə getmişəm. Layihəçilər həmin yerləri mənə göstəriblər. Yəni həmin yerlər mənim üçün çox əzizdir.

Bəli, biz 1975-ci ildə böyük bir elektrik stansiyası tikməyə başladıq. Vaxtilə Mingəçevir Su Elektrik Stansiyası tikiləndə o, Sovetlər İttifaqında böyük bir tikinti hesab olunurdu, ona “böyük tikinti” deyirdilər.

Yenə də deyirəm, biz yeni elektrik stansiyasını da tikdik, istifadəyə verdik. O, Mingəçevir Su Elektrik Stansiyasından da çox enerji verir. Mən indi gedib oranı sadəcə, ziyarət etmək istəyirəm ki, baxım görüm orada işlər necə gedir. İşlər yaxşı gedir, amma yaratdığım şeydir, sadəcə, ürəyim istəyir ki, gedib onu görüm.

Səfərimin ikinci günü Gəncədə bəzi yerlərdə olacağam, insanlarla görüşəcəm, oradakı vəziyyətlə yaxından tanış olacağam. Görək nə etmək olar, nə etmək lazımdır ki, insanlar yaxşı yaşasınlar. Məqsədim bundan ibarətdir. Yəni bunların hamısı daxili məsələlərdir, xarici bir şey yoxdur.

Jurnalist: Cənab Prezident, Nobel Sülh Mükafatı Komitəsinin seçmə komissiyası Sizin namizədliyinizi müzakirə edib.

Heydər Əliyev: Bilirsiniz, mən bu məsələyə heç toxunmaq istəmirəm. Kim nə müzakirə edir, qoy etsin. Mənim belə arzum yoxdur.

Sual: Parlament seçkiləri qarşısında müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?

Cavab: Müxalifət mitinq etdi. Sən o mitinqi gördün? Sən bunları məndən yaxşı bilərsən.

Mən dünən Amerika Birləşmiş Ştatlarının səfirini qəbul etdim. O məni təbrik etdi. Soruşdum ki, nə ilə təbrik edirsən? Dedi, ona görə təbrik edirəm ki, mayın 20-də 20 müxalifət partiyası mitinq keçirdi, orada 3500 adam iştirak edirdi, heç bir qanun pozuntusu olmadı və polis də heç bir pis iş görmədi.

Cavab verdim ki, sağ ol, mən də müxalifəti təbrik edirəm ki, 20 partiya yığışıb, 3500 adamı bir yerə toplaya bilib. Bu, böyük nailiyyətdir.

Mən onları bu münasibətlə təbrik edirəm. Amma daha çox ona görə təbrik edirəm ki, onlar tərəfindən də qanun pozuntusuna yol verilmədi. Əgər mitinqlər belə keçəcəksə, nə qədər istəyirlər, keçirsinlər. İndi 20 partiya bu qədər adam yığa bilərsə, bəlkə 40 partiya bundan bir-iki dəfə artıq yığsın. Bunlara heç bir etiraz yoxdur, təbii şeydir - bu demokratiyadır. Sağ olun.