Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elm və təhsilə göstərilən qayğı elə ilk günlərdən özünü bir daha göstərib. Heydər Əliyev ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında keçirib ki, bunu da alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminə göstərilən diqqət və qayğının təzahürü hesab etmək olar. Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyası Azərbaycan Milli Elmlər Akademiyası adlandırılıb, 4 yanvar 2003-cü il tarixli fərmanı ilə isə Akademiyaya müstəqil Azərbaycan dövlətinin elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət təşkilatı statusu verilib.