Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Cahan Polliyevadan, mədəniyyət naziri Mixail Şvidkoydan və başqa şəxslərdən ibarət Rusiya nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı, 9 avqust 2002-ci il.

Azərbaycan prezidenti Heydər Əliyev qonaqları səmimiyyətlə salamlayaraq vurğuladı ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində çox dinamik inkişaf edir. Lakin digər sahələrdən fərqli olaraq, Azərbaycan–Rusiya əlaqələri humanitar sahədə daha səmərəli inkişaf edir, belə ki, prezident Heydər Əliyevin dediyi kimi, «mədəniyyətin sərhədi yoxdur». Rusiyanın mədəniyyət xadimlərinin nümayəndə heyəti ilə hər bir görüş Azərbaycanda böyük maraq doğurur, Rusiya artistləri vaxtaşırı ölkəmizdə qastrollarda olur və müxtəlif tədbirlər həyata keçirilir. Azərbaycan prezidenti Rusiya estradasının ulduzu Alla Puqaçovanın Bakıda konsertinin uğurla keçdiyini xatırladaraq bildirdi ki, ölkələrimizin mədəniyyət nazirliklərinin rəhbərliyi arasındakı sıx əlaqələrin də mədəni əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyəti var. Cahan Polliyeva səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri arasında  yaranmış əməkdaşlıq əlaqələri həm nəticələrinə, həm də intensivliyinə görə müstəsnadır. O, bildirdi ki, Bakıda Mədəniyyət Nazirliyində keçirilmiş görüşlərdə Rusiya kinematoqrafçılarının son əsərlərinin payızda Azərbaycan paytaxtında nümayiş etdirilməsi haqqında saziş əldə olunmuşdur.

Rusiya Federasiyasının Mədəniyyət naziri Mixail Şvidkoy Azərbaycan Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilmiş görüşlərin əsas cəhətlərindən danışaraq dedi ki, indiki Rusiya şəraitində müsbət azərbaycanlı obrazının hansı yollarla yaradılması barədə ətraflı söhbət getdi. Rusiyalılar Azərbaycan prezidenti Heydər Əliyevin simasında azərbaycanlılar haqqında müsbət təsəvvürə malikdirlər. Bununla belə, diaspor məişət səviyyəsində müəyyən problemlərlə qarşılaşır. Nazirin fikrincə, Rusiyanın ictimai həyatında mövcud olan bəzi mənfi halları bir sıra mədəni tədbirlər keçirməklə dəyişdirmək olar.

Mixail Şvıdkoy Azərbaycandakı rus diasporunun və rusdilli vətəndaşların vəziyyətinə toxunaraq bildirdi ki, onlar MDB-nin hər hansı bir ölkəsindəkindən daha yaxşı yaşayırlar. Nazir 2003-cü ildə Rusiyada keçiriləcək Azərbaycan mədəniyyəti günlərindən danışaraq dedi ki, tədbiri aprel ayında Sankt- Peterburqda keçirmək və şəhərin 300 illiyinə həsr etmək barədə razılıq əldə olunmuşdur. Cənab Şvıdkoy xüsusi vurğuladı ki, Sankt-Peterburqdakı Azərbaycan diasporu çox mütəşəkkildir, bu ilin yayında orada Nizami Gəncəvinin abidəsinin açılışında iştirak edərkən Azərbaycan prezidenti də buna əmin olmuşdur. Rusiya mütəxəssisləri kinoprokatın və kino sənayesinin inkişafına dair proqram hazırlamaqda azərbaycanlı həmkarlarına kömək etmişlər. Mixail Şvıdkoy Azərbaycanın Mədəniyyət naziri ilə birgə bu proqramın əsas istiqamətləri haqqında məlumat vermək arzusunda olduğunu bildirdi. Onun fikrincə, ölkələrimizin qarşılıqlı kino bazarının açılması Azərbaycanda və Rusiyada kinematoqrafiyanın inkişafına təkan verəcəkdir. Rusiyanın Mədəniyyət naziri regional TÜRKSOY təşkilatinin sədri olan Azərbaycanın Rusiya ilə türk dünyası arasındakı vasitəçilik rolunun böyük əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, həm də türkdilli ölkə olan Rusiya bu təşkilata daxil olmaq fikrindədir.

Nazir Azərbaycanın görkəmli musiqi xadimləri Fikrət Əmirovun, Niyazinin, Qara Qarayevin Moskvada yubiley tədbirlərinin, habelə rəssam Sakit Məmmədovun sərgisinin keçirilməsinin planlaşdırılması barədə məlumat verdi. O dedi ki, ilk növbədə prezident Heydər Əliyev tərəfindən yaradılmış etimad şəraitini və Azərbaycan rəhbərinin Rusiya prezidenti Vladimir Putinlə əlaqələri sayəsində iki ölkə arasında yaranmış yeni münasibətləri Rusiyada yüksək qiymətləndirirlər. Prezident Heydər Əliyev bildirdi ki, mədəniyyət sahəsində bərqərar olmuş qarşılıqlı münasibətlərin qədrini bilmək, onları qorumaq və inkişaf etdirmək lazımdır. Dövlətimizin başçısı xatırlatdı ki, bu il sentyabr ayının əvvəllərində Azərbaycanda Müslüm Maqomayevin yubileyi qeyd olunacaqdır. Tədbirlər planı hazırlanmışdır, Rusiya artistlərinin böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Azərbaycan prezidenti müğənninin yaradıcılığından danışaraq prezident Vladimir Putinin belə bir sözünü də xatırlatdı ki, «onun kimə – Rusiyaya və yaxud Azərbaycana məxsus olduğunu demək çox çətindir».

Prezident Heydər Əliyev bəyan etdi ki, Azərbaycanla Rusiya arasında dövlətlərarası münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əlaqələrin gələcəkdə də inkişafına yönəlmiş hər bir addımı, hər bir təklifi dəstəkləyir.