Sizi - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tanınmış elm və müalicə-profilaktika ocaqlarından biri olan Milli Onkologiya Mərkəzinin əməkdaşlarını 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Onkologiya üzrə xüsusi elmi mərkəzin yaradılması səhiyyəmizin tarixində əlamətdar bir hadisə olmuşdur. Onun təşəkkül tapması XX əsrin ən təhlükəli bəlalarından sayılan xərçəng xəstəlikləri ilə mütəşəkkil mübarizə ehtiyacından doğan zərurət idi. Bu gün minlərcə xəstəyə konkret praktiki yardım göstərməklə yanaşı, səmərəli elmi araşdırmalar aparan Milli Onkologiya Mərkəzi Azərbaycan tibb elminin inkişafına qiymətli töhfələr vermişdir. Sevindirici haldır ki, mərkəzin apardığı uğurlu elmi-tədqiqat işləri onun beynəlxalq elm aləmində nüfuzunu sürətlə artırmaqdadır.
Milli Onkologiya Mərkəzi ölkəmizdə bu sahədə ixtisaslaşmış yardımın koordinasiyası ilə məşğul olan əsas qurumdur. Onun bu illər ərzində hazırladığı yüksək ixtisaslı kadrlar respublikada onkoloji xidmətin inkişaf etmiş şəbəkəsinin yaradılmasına imkan vermişdir. Hal-hazırda respublikanın bir neçə bölgəsində onkoloji mərkəzlərin və əksər xəstəxanalarında müvafiq kabinetlərin uğurla fəaliyyət göstərməsi məhz sizin mərkəzin xidmətidir.
Xalqımızın sağlamlığı keşiyində dayanmaq bu gün müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədlə ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin çirklənməsinin qarşısının alınması, qida məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır. İnanıram ki, əhali arasında onkoloji xəstəliklərin ilkin diaqnostikası, profilaktikası və müalicəsinə yönəldilmiş fəaliyyətinizlə Azərbaycan dövlətinin sosial siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsi yolunda əlinizdən gələni əsirgəməyəcək, ölkəmizdə tibb elminin və səhiyyənin inkişafı naminə bundan sonra da öz layiqli payınızı verəcəksiniz.
İnsanlarımızı xəstəlikdən qorumaq kimi olduqca nəcib fəaliyyətinizdə sizə yeni-yeni uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti