\"Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması\" mövzusunda beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 10 oktyabr 2002-ci il

Hörmətli konfrans iştirakçıları!

Xanımlar və cənablar!

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycan hökumətinin dəstəyi və yardımı ilə bu gün Bakıda keçirdiyi beynəlxalq konfrans əlamətdar hadisədir. Müasir dövrdə olduqca böyük məna kəsb edən bu konfransın iştirakçılarını Azərbaycan dövləti adından salamlayıram, konfransın işinə uğurlar arzulayıram.

11 sentyabr hadisələri dünyanın siyasi mühitində və geostrateji proseslərdə əsaslı dəyişikliklər edərək hər bir ölkə üçün böyük təhlükə olan terrorizmin dəhşətli simasını bizə bir daha nümayiş etdirdi. Tarixdə terrorizmin güclənməsi ilə bağlı bir çox dövrlər olub. Hətta bəzi hallarda terrorizm dövlət səviyyəsinə qaldırılaraq bütöv xalqların varlığına düşmən kəsilib. 11 sentyabr hadisələri isə bəşər tarixinə misli görünməmiş bir faciə kimi əbədi daxil olacaq. Bu dəhşətli terror aktının qurbanlarının xatirəsini bu gün bir daha yad etməyi özümə borc bilirəm.

Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi də məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, bu dialoqa dəstək verərək biz müəyyən mənada terrorizmin formalaşmasına xidmət edən bütün qaynaqları araşdırıb onu kökündən məhv etməyə can atmalıyıq.

Bu gün terrorizm bir çox hallarda din pərdəsi altında, dini libasda özünü büruzə verir. Bu, bizi onun əsl mahiyyətindən yayındırmamalıdır.

Vaxtilə terrorizm Böyük fransız inqilabının bəşəriyyətə bəxş etdiyi gözəl şüarlar altında öz həqiqi niyyətlərini ört-basdır etmək istəyirdi. \"Qırmızı terror\"u gerçəkləşdirən komissarlar kommunist ideologiyası bayrağı altında bunu həyata keçirirdilər.

Bu gün isə terrorçu qüvvələr qərəzli siyasi məqsədlərə nail olmaq naminə bəzi hallarda hamımız üçün müqəddəs olan ümumbəşəri dəyərlərə müraciət edərək bu və ya digər qrupun mənafeyini müdafiə etmək üçün terrora haqq qazandırmağa çalışırlar. Bu gün terrorizm müxtəlif dini pərdələr arxasında gizlənərək diqqəti öz pozucu və dağıdıcı məqsədlərindən daha mahir bir şəkildə yayındırmağa cəhd göstərir. Bu pərdə, bu libas, bu xarici görkəm bizi çaşdırmamalıdır. Bütün bu libaslar altında terrorizmin əsl vəhşi sifəti görünür.

Terrorizmə \"yox\" deyən bəşəriyyət bütün səylərini səfərbər edərək onun mənəvi, iqtisadi, siyasi köklərini məhv etməyə can atmalıdır. Əminəm ki, sizin konfransınız bu istiqamətdə atılan ciddi addımlardan biri olacaq və demokratik cəmiyyətdə terrorizmə və ekstremizmə qarşı mübarizə yollarının araşdırılmasında uğurlar əldə edəcəkdir.

Hörmətli konfrans iştirakçılarının nəzərinə bir daha çatdırmaq istərdim ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına qoşuldu və beynəlxalq terrorizmlə ciddi mübarizə aparan bir ölkə kimi bir sıra inzibati və təşkilati tədbirlərin bilavasitə iştirakçısı oldu.

Bizim son illər ərzində beynəlxalq konvensiyalara qoşulmağımız və mühüm hüquqi sənədlər qəbul etməyimiz göstərir ki, ölkəmizdə terrorizmlə mübarizə üçün artıq müvafiq qanunvericilik bazası tam formalaşdırılıb. Azərbaycanın Cinayət Məcəlləsində bir sıra dəyişikliklər edilib, o cümlədən terrorizmi maliyyələşdirməyə görə məsuliyyət haqqında xüsusi maddə əlavə edilib. 2002-ci ilin may ayında mən xüsusi bir sərəncamla terrorizmə qarşı mübarizəyə yönəlmiş və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olan tədbirlər planını təsdiq etmişəm.

Əlbəttə, Azərbaycan hökumətinin terrorizmlə və ekstremizmlə bağlı əməli fəaliyyəti yuxarıda qeyd etdiyim konkret faktlarla məhdudlaşmır. Ölkədə sərhəd rejiminin gücləndirilməsi, qeyri-qanuni miqrasiya kanallarının aşkar edilib qarşısının alınması, terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsi ehtimal olunan maliyyə vəsaitinin, müxtəlif iqtisadi mənbələrin aşkar edilməsi və digər istiqamətlərdə bir çox işlər görülmüşdür.

Azərbaycan xalqının və ümumən bizim bölgəmizin həyatında böyük əhəmiyyət kəsb edən bir sıra layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin təhlükəsizliyinin təminatı terrorizmə qarşı apardığımız mübarizəmizin ayrılmaz bir tərkib hissəsidir.

Beynəlxalq terrorizmlə mübarizəyə yönəlmiş bir sıra layihələrdə Azərbaycan fəal iştirak edir və mən ATƏT-in üzvü olan ölkələrin nümayəndələrini bu konfrans vasitəsilə bir daha əmin etmək istərdim ki, terrorizmin bütün formalarına qarşı mübarizədə Azərbaycan dövləti sizin etibarlı müttəfiqinizdir. Biz hesab edirik ki, terrorizm bəşəriyyətə qarşı yönəldilmiş qəddar əməllərin və niyyətlərin gerçəkləşməsinə xidmət etdiyi üçün onunla aparılan mübarizə də ardıcıl, mütəşəkkil və amansız olmalıdır.

Bununla yanaşı, xüsusi qeyd etmək istərdim ki, dünya birliyinin terrorizmə qarşı apardığı mübarizədə fəal iştirak edən Azərbaycan xalqı 15 ildən artıqdır ki, terrorizmə və ayrı-ayrı terrorist təşkilatlarının qanlı aksiyalarına məruz qalır. 1987-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında cərəyan edən hadisələr zamanı minlərlə insan qətlə yetirildi, uşaq, qadın və qocalar məhv edildi, məcburi köçkünə və qaçqına çevrildi. Onların yeganə günahı azərbaycanlı olduqlarından ibarət idi.

Həmin dövrdə SSRİ rəhbərliyi Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün mərkəzin yeritdiyi məqsədyönlü siyasətə qarşı çıxmağa cəsarət edən Azərbaycan xalqına açıq-aşkar divan tutmaq yolunu seçdi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan olunmadan Bakını işğal etməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklərlə müşayiət edildi. 137 nəfər günahsız insan qətlə yetirildi, 611 nəfər müxtəlif dərəcədə xəsarət aldı.

Azərbaycan xalqının inamını və iradəsini qırmaq, sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə törədilən 20 Yanvar faciəsi totalitar kommunist rejiminin xalqımıza qarşı dəhşətli cinayəti idi.

XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi mahiyyət etibarı ilə həm də bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmişdir. Təəssüf ki, bu dəhşətli cinayətin təşkilatçıları da, icraçıları da indiyədək cəzasız qalmışlar.

20 Yanvar hadisələrindən sonra Azərbaycan ərazisinə Ermənistandan terrorçu dəstələr göndərilməsi prosesi gücləndi, Azərbaycana qarşı silahlı təcavüzü həyata keçirmək üçün əməliyyat meydanı yaradıldı.

Erməni yaraqlılarının Qazax rayonunun bir sıra kəndlərində dinc əhalini qırması, Azərbaycanın Naxçıvan bölgəsinin kəndlərinə hücumları artıq sübut edirdi ki, əslində terrorçu dəstələr bütün sərhəd boyu Azərbaycanın dinc əhalisinə divan tutur.

Azərbaycanı Naxçıvan ilə birləşdirən dəmir yolunun 130 kilometrlik sahəsində Dağlıq Qarabağ münaqişəsinin ilk çağlarından fasiləsiz terror aktları başlandı və bunun nəticəsində dəmir yol əlaqəsi kəsildi. Naxçıvan əslində tam təcrid olundu, blokada vəziyyətinə düşdü.

BMT-nin Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətini, ərazilərin ilhaq edilməsi üçün zor işlədilməsinin yolverilməz olduğunu təsdiq etdi, bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.

BMT-nin Təhlükəsizlik Şurasının bütün tələblərinə baxmayaraq, Ermənistan Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxlayır və orada özünün hərbi qüvvəsini artırır. Bizim bir milyondan artıq vətəndaşımız məcburi köçkün və qaçqın vəziyyətindədir. Onlardan hər biri əslində terrorizmin qurbanıdır.

Mən bu gün konfrans iştirakçılarının qarşısında xüsusi vurğulamaq istəyirəm ki, əgər Dağlıq Qarabağda yaranmış bu terrorçu dəstələrinin əməllərinin qarşısı vaxtında alınsaydı, iki qonşu xalq böyük bir faciənin nəticələrinin aradan qaldırılması problemləri ilə üzləşməzdi.

Təəssüf ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və onun ətrafında terrorçu birləşmələr bu gün də fəaliyyət göstərir. İşğal olunmuş və nəzarətdən çıxmış ərazilərin mövcud olması terrorçu və cinayətkar qrupların fəaliyyəti üçün münbit zəmin yaradır.

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin 2001-ci il üçün məruzəsində qeyd olunduğu kimi, bu gün də Azərbaycanın işğal olunmuş ərazisində silah və narkotik tranziti, çirkin pulların yuyulması ilə məşğul olan müxtəlif beynəlxalq terrorçu təşkilatların üzvləri sığınacaq tapırlar. Buna son qoymaq bizim borcumuzdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ATƏT-in Minsk qrupunun, digər qurumların və qüvvələrin bütün səylərinə baxmayaraq, məsələ öz həllini hələ də tapmayıb.

Bu konfransda mən bir daha bəyan etmək istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasında dini və etnik problemlər durmur.

Azərbaycan öz geosiyasi mövqeyinə, etnik və dini mənzərəsinin rəngarəngliyinə görə Qafqazın, bəlkə də dünyanın unikal guşələrindən biridir. Məhz burada - Avropa ilə Asiyanın qovuşuğunda, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, islam, xristian və yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc yanaşı yaşamış və gördüyünüz kimi, indi də yaşamaqdadır.

Azərbaycan çoxkonfessiyalı bir ölkədir. Bu baxımdan o, dünyada dinlərarası, mədəniyyətlərarası əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir. Əminəm ki, bugünkü konfrans da belə töhfələrdən biri olacaq. Bununla bağlı mən konfransın keçirilməsi haqqında qərarın tarixçəsini qısaca yadınıza salmaq istəyirəm.

2001-ci ilin dekabrında Buxarestdə keçirilmiş görüşün yekunları terrorizmlə mübarizəni gücləndirmək baxımından xüsusilə səmərəli olmuşdur.

Yadımdadır, cənab Jerar Ştudmanla 2002-ci ilin əvvəlində biz Bakıda görüşərkən \"Dinin demokratik cəmiyyətdə rolu\" mövzusunda beynəlxalq seminarın keçirilməsi ətrafında fikir mübadiləsi apardıq və qərara gəldik ki, belə bir forumun öz etnik və dini dözümlülüyü ilə seçilən Bakı şəhərində çağırılması bir çox cəhətdən məqsədəuyğundur.

Sonra isə bu tədbirin əhəmiyyətini və orada ATƏT-in üzvü olan, onunla əməkdaşlıq edən ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirak edəcəyini nəzərə alaraq onu seminar yox, \"ATƏT-in Bakı konfransı\" adlandırmaq qərara alındı.

Zənnimcə, bu mühüm konfransın Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi haqqında qərarımız tamamilə düzgün bir qərar idi.

Azərbaycan, əhalisinin mütləq əksəriyyəti islam dininə etiqad etdiyinə görə, müsəlman ölkəsidir. Biz qürur hissi ilə qeyd edirik ki, Azərbaycan, onun alim və mütəfəkkirləri tarixdə böyük iz qoyan möhtəşəm islam sivilizasiyasına öz layiqli töhfələrini vermişdir. 1998-ci ildə Bakı şəhərində \"İslam sivilizasiyası Qafqazda\" mövzusunda keçirilmiş geniş tərkibli beynəlxalq simpoziumda müxtəlif ölkələrin nümayəndələri tərəfindən bu barədə ətraflı söhbət aparılmışdır.

Azərbaycan öz Konstitusiyasına görə, həm də dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, \"Dini etiqad azadlığı haqqında\" qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik.

Məlumdur ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. İnsanlarda belə bir mədəniyyətin formalaşdırılmasını uşaqlıq illərindən başlamaq lazımdır. Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konsepsiyalar daxilində bir ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq. Bunu demək çox asandır, lakin gerçəkləşdirmək kifayət qədər mürəkkəb bir prosesdir.

Tarixdə elə dövrlər olmuşdur ki, cəmiyyətin həyatında dinin oynadığı rol düzgün qiymətləndirilməmişdir. Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Müsbət proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir. Dialoqa və əməkdaşlığa hazır olan bütün insanlar üçün sizin konfrans gözəl imkan yaradır.

Hörmətli konfrans iştirakçıları!

Bu gün bəşəriyyət bir sıra qlobal problemlərlə üzləşir. Əfsuslar olsun ki, bu problemlər olduqca çoxdur: düzgün iqtisadi inkişaf strategiyalarının müəyyən edilməsindən tutmuş ta müxtəlif ekoloji məsələlərin həllinə qədər. Bu problemləri araşdırarkən hər birimiz nəzərə almalıyıq ki, dünyada gedən mürəkkəb proseslərdə bizim üçün ən böyük zinət və nemət insanın özüdür.

İnsanın daxili dünyası, onun dünyagörüşü, onun təhsili, elmi, mədəniyyəti, onun varlığını və daxili aləmini müəyyən edən bir çox amillər, o cümlədən onun hüquqları cəmiyyət tərəfindən daim qorunmalıdır. İlk növbədə isə biz hər bir insanın həyatına cavabdehik: əgər terrorizm insan həyatını təhlükəyə məruz edirsə, deməli, bizim sivilizasiya təhlükə altındadır.

Məhz bütün insanların gələcəyi naminə, bəşər sivilizasiyasının gələcəyi naminə biz hamımız mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoqunda ümumi dil taparaq ekstremizmə, terrorizmə, təcavüzkar separatçılığa dəstək verən qara, şər, pozucu qüvvələrin niyyətlərini puça çıxara bilərik. Bu çətin, lakin şərəfli yolda sizin hamınıza uğurlar diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.