Azərbaycanın pravoslav xristianlarına - Bakı şəhəri, 29 aprel 2000 il

Hörmətli həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və bayram əhval-ruhiyyəsi arzulayıram. 

Dilindən, dinindən, etnik mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşların mehriban dostluq və qardaşlıq şəraitində yaşadığı müstəqil Azərbaycan Respublikasında hökm sürən tolerantlıq, konfessiyaların, azad fəaliyyəti, dini bayram və mərasimlərini sərbəst şəkildə qeyd etməsi günümüzün gerçəkliyidir. Hər il ölkəmizdə geniş qeyd olunan Pasxa bayramı da bela dini mərasimlərdəndir.

Pasxa sülh, əmin-amanlıq, həmrəylik və mərhəmət bayramıdır. Ölkəmizin pravoslav vətəndaşları digər dini konfesiyaların nümayəndələri ilə birlikdə bu amalların gercəkləşməsi uğrunda həmişə var qüvvələrini sərf etmişlər. Onlar bu gün də doğma Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun ərazi bütövlüyünün təmin olunması, ölkəmizdə hüquqi demokratik dövlət quruculuğu prosesinin uğurla həyata kecirilməsi işindədə böyük əzmkarlıq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. 

Ümidvaram ki, xristian həmvətənlərimiz müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin, içtimayi-siyasi sabitliyin bərqərar olunması yolunda bundan sonra da əllərindən gələni əsirgəlməyəcək, xalqımızın xoşbəxt gələçəyi naminə öz səylərini daha da artıracaqlar.

Bu ilki Pasxanın bəşər tarixində əlamətdar bir hadisəyə - İsa peyğəmbərin mövludunun 2000-ci ildönümünə təsadüf etməsi bayram şənliklərinə xüsusi rövnəq verir, arzu və istəklərin gerçəkləşməsinə olan inamı daha da gücləndirir.

Qoy bu bahar bayramı günlərində etdiyiniz bütün xoş diləklər, xeyir-dualar yerinə yetsin, ailələrinizə firavan və xoşbəxt həyat nəsib olsun! 

Bayramınız mübarək olsun!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 30 aprel 2000-ci il