Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin 50 illik yubileyi ilə əlaqədar BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak etmək üçün ABŞ-a yola düşərkən İstanbulun Atatürk hava limanında mətbuat konfransında bəyanatı - 20 oktyabr 1995-ci il

Hörmətli mətbuat nümayəndələri!

Bilirsiniz ki, mən Nyu-Yorka Birləşmiş Millətlər Təşkilatının yaranmasının 50 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etməyə gedirəm. Ancaq yolumuz İstanbuldan keçir. Şəxsən mən həmişə Qərb ölkələrinə gedərkən Türkiyəni ziyarət etmək istəyirəm. Ona görə də yolumu buradan salmışam. Bir saatdan sonra buradan təyyarə ilə yola düşəcəyik. Doğrusu, mənim burada qısamüddətli olmağıma sizin bu qədər böyük maraq göstərdiyinizi təsəvvür etmirdim. Düşünmürdüm ki, siz mənimlə görüşmək üçün gələcəksiniz. Mənim görüşümə gəldiyinizə və səfərimə maraq göstərdiyinizə görə sizə təşəkkür edirəm. Bir halda ki, gəlmisiniz, mən sizi bir daha salamlayıram, hörmət və ehtiramımı bildirirəm. İstanbula, Türkiyə torpağına qardaşlıq salamımı, hörmət və ehtiramımı yetirirəm. Əgər mənə sözünüz, sualınız və ya sorğunuz varsa cavab verməyə hazıram.

Sual: Azərbaycanın Milli Məclisinə ilk demokratik seçkilərin keçirilməsi barədə nə deyə bilərsiniz?

Cavab:  Bilirsiniz ki, bu, Azərbaycanın indiki həyatında, ümumiyyətlə, tarixində çox önəmli və əhəmiyyətli hadisədir. Çünki respublikamız dörd il bundan öncə öz istiqlaliyyətini əldə edib və müstəqil dövlət olubdur. Lakin indiyədək onun müstəqil dövlət kimi yeni seçilmiş parlamenti olmayıbdır. Ona görə də biz noyabrın 12-nə Azərbaycanın Milli Məclisinə seçkiləri təyin etmişik. Şübhəsiz ki, bu bizim üçün o qədər də asan iş deyildir. Çünki bilirsiniz ki, Azərbaycan öz həyatının keçid dövrünü yaşayır.Respublikamız Ermənistanın təcavüzü nəticəsində müharibə şəraitindədir. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş ərazilərimizdən bir milyondan artıq vətəndaşımız öz yerindən-yurdundan, el-obasından didərgin düşübdür. Qaçqınlar Azərbaycanın digər bölgələrində, məntəqələrində çox ağır şəraitdə, əksəriyyəti çadırlarda yaşayır.

İqtisadi-sosial problemlər çox ağırdır, biz demək olar ki, böhran içərisindəyik. Belə bir şəraitdə parlament seçkiləri keçirmək, yəni yeni bir parlament yaratmaq böyük bir cəsarət, bu böyük işdə xalqa inamın olmasını tələb edir. Biz belə bir cəsarətli addım atmışıq və bu seçkiləri təyin etmişik. Biz parlament seçkilərini keçirmək üçn bir neçə ay ərzində seçkilər haqqında qanun hazırladıq. Çünki müstəqil Azərbaycan dövlətində ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Biz istəyirik ki, bu seçkiləri tam demokratik prinsiplər əsasında keçirək. Bilirsiniz ki, biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı bir dövlət qurmaq prosesindəyik. Bu proses içərisində olduğumuz zaman şübhəsiz ki, bizim hər addımımız, hər işimiz demokratiyaya söykənməli, demokratiyaya əsaslanmalıdır. Bu səbəbdən də biz çalışırdıq ki, bu seçkiləri sadəcə elan edərək keçmişdə olduğu kimi keçirməyək, yeni bir qanun əsasında keçirək. Yeni qanun da şübhəsiz ki, konstitusiya əsasında olmalıdır. Bizim yeni, müstəqil dövlətimizin isə indiyə qədər konstitusiyası yox idi. Dörd ildir ki, müstəqil dövlət olmağımıza baxmayaraq biz indiyə qədər keçmiş Sovetlər İttifaqı zamanı - 1978-ci ildə qəbul olunmuş konstitusiya ilə işləyirik. Onu da qeyd etmək istəyirəm ki, 1978-ci il konstitusiyası da mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə qəbul olunub və mən hətta həmin konstitusiyanı hazırlayan komissiyanın sədri olmuşam. O konstitusiyanı da yazanlardan, onun müəlliflərindən biri, ola bilsin ki, əsası mənəm.

Ancaq o, sovet respublikasının konstitusiyası idi. Bizə şübhəsiz ki, yeni konstitusiya lazımdır. Biz yeni konstitusiyanı hazırlayırıq. Ancaq istəyirik ki, bu konstitusiyanı parlamentdə yox, ümumxalq səsverməsində, referendumda qəbul edək. Çünki bizim seçkilərimiz xalqın səsinə söykənməlidir. Bizdə respublika prezidentini də xalq seçir. İndi Milli Məclisi, yəni parlamentin üzvlərini də xalq seçəcəkdir. Ona görə də bizim konstitusiyamız da parlamentdə yox, xalqın bəyəndiyi və referendum vasitəsilə qəbul etdiyi konstitusiya olmalıdır. Belə bir konstitusiyanın layihəsini hazırlamışıq.

Ancaq biz əvvəlcə istədik ki, ceçkilər haqqında qanun hazırlayaq. Həmin qanunu hazırladıq, elan etdik və o, qəbul edildi. Mən sizə deyə bilərəm ki, Azərbaycanda parlament seçkiləri haqqında qəbul etdiyimiz qanun ictimaiyyət tərəfindən demokratik qanun kimi qəbul olunubdur. Bu barədə başqa bir söz deyən, yəni ona müxalif çıxan yoxdur. Biz indi bu qanunun həyata keçirilməsinə başlamışıq. Çalışırıq ki, qanunun özü demokratik olduğu kimi, onun əsasında keçirilən seçkilər də tam demokratik olsun. Yəni insanların, dövlətin hüquqları qorunsun. Biz çalışırıq ki, xalqımızın içərisində ən dəyərli adamlar, xalqın istədiyi və seçdiyi adamlar parlamentdə olsun. İndi bu iş gedir. Seçkilərin birinci mərhələsi başa çatıbdır. Yəni seçilmək istəyən insanlar, vətəndaşlar öz namizədliklərini irəli sürüblər.

Bizim parlamentdə 125 millət vəkili olacaqdır. Bu 125 deputat yerindən 25-i partiyaların siyahıları üzrə, proporsional seçki sistemi əsasında seçiləcəkdir. Yəni bu partiyalar seçkilərdə iştirak edir və deputatlar da onların verdiyi siyahılar əsasında seçilir. Ancaq 100 mandat üzrə namizədlər, yəni 100 deputat majoritar sistem əsasında seçiləcəkdir. Yəni ayrı-ayrı birmandatlı dairələrdən hər bir kəs parlamentə seçilə bilər. Seçilmək istəyən partiyalar və vətəndaşlar artıq öz namizədliklərini bəyan ediblər. Birmandatlı dairələrdən 1070 şəxs, vətəndaş parlamentə seçilmək üçün müraciət edib, yəni ərizə verib.

Azərbaycanda Ədliyyə Nazirliyinin qeydə aldığı 31 siyasi partiya var. Bu partiyalardan 18-i seçkilərə hazırlıq başlayan vaxt seçkilərdə iştirak edəcəyini bəyan etmişdi. Ancaq son olaraq bu 18 partiyadan - hər bir partiya Mərkəzi seçki komissiyasından imza vərəqələri almalıdır. 50 min vətəndaşın imzasını toplamalıdır və Mərkəzi seçki komissiyası bu imzaların doğruluğunu təsdiqləyəndən sonra həmin partiyalara seçkidə iştirak etmək hüququ verir - 12-si gəlib seçkidə iştirak etmək üçün müraciət etmişdir. Yəni əvvəlcə 18 partiya seçkidə iştirak edəcəyi barədə bəyanat vermiş, lakin 12 partiya Mərkəzi seçki komissiyasından lazımi vərəqələri götürmüşdür.

İndi bu 12 partiya Mərkəzi seçki komissiyasına imza vərəqələrini təqdim edibdir. Vətəndaşlardan isə, dediyim kimi, 1070 nəfər öz sənədlərini veribdir. Son günlər Mərkəzi seçki komissiyası çox gərgin işləyir. Verilmiş sənədlərdən hansı doğru-düzgün tərtib olunubsa onlar seçkilərə buraxılır.

Beləliklə, biz çoxpartiyalı sistem üzrə seçkilərə gedirik. Çoxpartiyalı sistem təkcə partiyaların verdiyi siyahıdan ibarət deyil. Birmandatlı 100 dairədə hər deputat yerinə istənilən partiyanın nümayəndəsi öz namizədliyini verir. Mənə dedilər ki, Mərkəzi seçici komissiyasından alınan məlumata görə bütün partiyalara mənsub olan adamlar öz namizədliklərini irəli sürüblər. İndi seçki bu mərhələdədir. Bu işlər bitəndən sonra, təxminən sabah təbliğat işi başlayacaqdır. Yəni seçilmək istəyən adamlar özlərini təbliğ edəcəklər. Mərkəzi seçki komissiyasında kimin xahişi ödənilməyibsə onlar şikayət edə bilərlər. Həmin şikayətə Mərkəzi seçki komissiyası baxıb, bu ayın 25-nə qədər onların yenidən qeydiyyata alınmasına imkan vardır. Əgər Mərkəzi seçki komissiyası onlar barəsində müsbət qərar qəbul etməsə onlar məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qərar verə bilər və onlar yenidən seçkiyə girə bilərlər.

Azərbaycanda ilk dəfədir ki, belə sərbəst, azad, tam hürriyyət içində seçkilər keçirilir. Bizim məqsədimiz, Azərbaycanın prezidenti kimi mənim ən əsas məqsədim ondan ibarətdir ki, demokratik bir parlament seçilsin və həmin parlamentdə Azərbaycanın hər bir siyasi qüvvəsi təmsil olunsun. Bununla da biz demokratik addım ataq.

Mən eyni zamanda sizə bildirdim ki, biz konstitusiya layihəsi hazırlamışıq. Bizdə konstitusiya komissiyası yaranıbdır. Bu komissiya çox hörmətli adamlardan - hüquqşünaslardan, alimlərdən, dövlət adamlarından ibarətdir. Mən bir prezident kimi bu komissiyaya başçılıq edirəm. Bu komissiya 3-4 aydır ki, konstitusiya layihəsi üzərində işləyibdir. Nəhayət, biz bu işi bitirmişik və konstitusiya layihəsini mətbuata vermişik. Bu layihə qəzetlərdə dərc olunubdur, yayılıbdır. Oktyabr ayının sonuna qədər vətəndaşlar, siyasi partiyalar, elmi təşkilatlar, ictimai təşkilatlar, birliklər, hər bir kəs konstitusiya layihəsi haqqında öz fikirlərini deyə bilər - yəni hansı maddə ilə razıdır və ya razı deyil, nəyi əlavə etmək istəyir, nəyi çıxarmaq istəyir. Təkliflərin hamısı toplandıqdan sonra konstitusiya komissiyası bu ayın sonunda bir daha toplaşacaq və bunları təhlil edəcəkdir. Yararlı təklifləri, əlavələri, dəyişiklikləri edəcək və konstitusiya layihəsinin son variantını bir daha mətbuata verəcəkdir.

Bu, noyabrın 12-də olacaqdır. Yəni noyabrın 12-də seçki günü eyni zamanda konstitusiyanın qəbul edilməsi, ümumxalq səsverməsi, referendumu günüdür. Ondan 10 gün öncə son layihə yenə də mətbuata veriləcəkdir. İnsanlar bu 10 gün içərisində həmin layihəni yenə də oxuyacaq və noyabrın 12-də ona kim istəsə səs verəcək, kim istəsə səs verməyəcəkdir. Bu layihəyə xalqımız səs versə, konstitusiyamız qəbul olunacaqdır. Ona görə də noyabrın 12-si bizim üçün çox önəmli gündür. Həm yeni parlament seçiləcəkdir, həm də yeni konstitusiya qəbul olunacaqdır. Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik bir dövlət yaratması üçün bu, çox önəmli işlərdir. Biz bu işləri görürük.

Sual: ABŞ prezidenti Bill Klinton ilə qarşıdakı görüşün əsas mövzusu barədə nə deyə bilərsiniz?

Cavab:  Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton ilə aramızda çox yaxşı əlaqələr yaranıbdır. Biz bir-birimizə məktublar yazıb göndəririk, onun təmsilçiləri mənim yanıma gəlir, mənim təmsilçilərimi o qəbul edir. Keçən il mən Nyu-Yorkda olarkən Bill Klintonla görüşdüm. Bizim çox maraqlı və çox əhəmiyyətli danışıqlarımız oldu. Biz indi Bill Klinton ilə yenə də görüşəcəyik. Bundan bir neçə gün öncə cənab Bill Klinton mənə bir məktub göndərmişdir. Bu məktubda Amerika - Azərbaycan əlaqələri haqqında geniş söhbət gedir, eyni zamanda Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının müştərək istifadə olunması barədə və həmin neftin ixracı, yəni onun Qərbə aparılması haqqında bəhs olunur. Məktubda Azərbaycanda demokratiyanın inkişafı barədə də söhbət gedir. Mən həmin məktuba cavab verdim. Sonra cənab Bill Klintonun təmsilçisi cənab Bjezinski də Bakıya gəlmişdi. Mənim onunla da görüşlərim və danışıqlarım oldu. Cənab Bill Klintonun məktubunda əsas məsələlərdən biri də Ermənistan - Azərbaycan münaqişəsi barədə, yəni Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağ problemi haqqında təkliflər, fikirlərdir. Gümän edirəm ki, bizim görüşümüzdə də bu məsələlər danışıqlarımızın əsas mövzusu olacaqdır.

Sual: Azərbaycan neftinin Qərbə ixracında ABŞ-ın hər hansı bir mövqeyi varmı?

Cavab:  Mən bu gün sizə bildirmək istəyirəm ki, Azərbaycan neftinin ixracı haqqında oktyabrın 9-da çox əhəmiyyətli qərar qəbul etmişik. Siz bunu bilirsiniz. Bakıda xarici neft şirkətləri və Azərbaycan Dövlət Neft Şirkəti birgə konsorsium yaradıblar. Bilirsiniz ki, bir il bundan əvvəl, sentyabrın 20-də Azərbaycanda bu konsorsiumla böyük bir neft müqaviləsi imzaladıq.

Bir ildir ki, konsorsium işləyir və bu konsorsiumun, bu müqavilənin fəaliyyəti nəticəsində artıq 1996-cı ilin sonunda ilkin neft çıxarılacaqdı. Neçə vaxtdır biz bu neftin ixracı yollarını araşdırırıq. Bunun bir çox variantları var idi. Ayrı-ayrı ölkələr öz maraqlarını göstərirdilər. Ancaq biz çox düşündük. Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəl və Türkiyənin baş naziri hörmətli xanım Tansu Çüllər də bu barədə mənimlə danışıqlar aparmışlar. Mən bunları da nəzərə aldım. Cənab Bill Klinton da bu barədə öz fikirlərini demişdir. Mən onları da nəzərə aldım. Rusiyanın başçıları, xüsusən baş nazir cənab Çernomırdin də mənə bu barədə məktublar yazmışdır. Bunların hamısına baxıldı. Biz çox əhəmiyyətli bir qərar qəbul etdik. İki boru xətti barədə qərar qəbul olundu – biri Gürcüstandan Qara dənizə, o birisi Rusiyadan Qara dənizə. Bu qərarı Türkiyə də çox bəyənibdir. Bu, Türkiyənin də maraqlarını təmin edir. Bu qərar Qərbdə də çox bəyənilibdir. Biz də bunu çox əhəmiyyətli qərar hesab edirik.

Bu qərarın qəbul edilməsi asan iş deyildi. Onun qəbul edilməsi yolları çox çətin idi. Ancaq biz bu yolları keçdik və belə bir qərarı qəbul etdik.

Sual: Bu sahədəki çətinliklər nədən ibarət idi?

Cavab:  Bunları biz özümüz bilirik. Bunları siz də bilirsiniz. Bu barədə siz bizdən çox yazırsınız, qəzetlərinizdə bəzən olan şeyləri, bəzən də olmayan şeyləri yazırsınız.

Sual: İlkin neftin ixrac marşrutunun Türkiyə ərazisindən keçəcəyi yer barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz ki, boru xətti Ceyhana getməlidir. Bu, böyük boru xətti olacaqdır. İstanbul boğazından nəyi keçirəcəksiniz, nəyi keçirməyəcəksiniz - bu, sizin öz işinizdir. Ancaq bizim məqsədimiz boru xəttini Türkiyədən Ceyhana keçirməkdir. Sizin də istəyiniz budur. Mən sizin arzunuza görə bunu dedim.

Sual: Çeçenistan hadisələri barədə fikriniz necədir?

Cavab: Bilirsiniz ki, Çeçenistanda çox ağır savaş gedir. Bu işə bütün dünya ictimaiyyəti, dünya dövlətləri qoşulubdur. Bu işlə ATƏT çox ciddi məşğuldur. Onlar bu problemləri həll edirlər. Bizim ora qatılmağımıza ehtiyac yoxdur. Bizim özümüzün elə problemlərimiz var ki... Əsas problemimiz Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğal altında olmasıdır. Sizin bir milyondan artıq qardaşlarınız, bacılarınız qaçqın düşübdür. Azərbaycan torpaqlarının 20 faizi işğal olunubdur. Ermənistan təcavüzkardır. Bu, bizim üçün əsas məsələdir. Bilirəm ki, Türkiyə də bu məsələdə Azərbaycan kimi üzülür, bu işlə məşğul olur və biz sizinlə birlikdə, Türkiyə ilə birlikdə, digər dövlətlərlə birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində bu məsələni sülh yolu ilə həll etmək istəyirik.

Bilirsiniz ki, yeddi ildən artıqdır Ermənistanla Azərbaycan arasında müharibə gedir. Ancaq keçən il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs barədə saziş imzalanıb. İndi on yeddi aydır atəş yoxdur. Yəni qan tökülmür, vuruş yoxdur, savaş yoxdur. Bu, yeddi illik müharibədə, Ermənistan - Azərbaycan münaqişəsində ilk belə hadisədir. Ancaq biz bu atəşkəsi məsələnin sülh yolu ilə həlli üçün əldə etmişik. Biz barış istəyirik. Müharibə aparmaq istəmirik. Lakin biz eyni zamanda, işğal olunmuş torpaqlarımızın tamamilə azad edilməsini istəyirik. Azərbaycanın ərazi bütövlüyünün, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması, işğal edilmiş torpaqlanmızın qeyd-şərtsiz azad olunması və Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması şərti ilə biz danışıqlar aparırıq və buna nail olmaq istəyirik.

Sağ olun, təşəkkür edirəm.