Azərbaycan Prezidenti Heydər Əliyevin NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella və qurumun baş katibi Seymon Lann ilə görüşdə söhbətindən - 18 yanvar 2002-ci il

Heydər Əliyev: Hörmətli cənab prezident!

Hörmətli cənab baş katib!

Azərbaycana xoş gəlmisiniz. Sizinlə görüşməkdən çox məmnunam. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram.

Mən bilirəm ki, siz burada bir çox görüşlər keçirmisiniz. Azərbaycan parlamentinin sədri hörmətli cənab Murtuz Ələsgərov sizi dəvət edib və səfərinizi təşkil edibdir. Mən ondan sizin görüşləriniz haqqında məlumat aldım. Çox şadam ki, siz, NATO Parlament Assambleyasının prezidenti Azərbaycana maraq göstərir və Azərbaycanla qısa müddət də olsa tanış olmusunuz. Buyurun, mən sizi dinləyirəm.

Rafael Estrella: Cənab prezident, ilk öncə Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, bu gün bizi qəbul edirsiniz. Ölkənizdə olmaq mənim üçün böyük şərəfdir. Çox şadam ki, parlamentinizin sədri cənab Ələsgərovun dəvətini qəbul edib buraya gəlmişəm. Bu səfərimiz Azərbaycanın parlamenti ilə NATO Parlament Assambleyası arasında əlaqələrin davam etməsinin nümunəsidir.

Cənab Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasında çox fəal iştirak edir və onlar bizə Azərbaycan haqqında məlumat verdilər. Assambleyanın keçirdiyi bütün seminarlarda, görüşlərdə, fikir mübadilələrində iştirak edirlər.

Bu günlər ərzində Sizin ölkədə olarkən biz bir sıra mühüm müzakirələr keçirdik. Müzakirələr zamanı Azərbaycanın bugünkü reallıqları haqqında fikir mübadiləsi apardıq. Sizin ölkənin üzləşdiyi bir sıra problemləri də müzakirə etdik. Sizə məlum olduğu kimi, bunların arasında ən mühüm problemlər - Azərbaycanın ərazisində çoxsaylı qaçqınların, ölkə daxilində daimi yaşayış yerlərindən didərgin düşmüş adamların olması, eləcə də Dağlıq Qarabağ məsələsinin həllində bir irəliləyişin qeydə alınmamasıdır. Təəssüflər olsun ki, bu günə qədər beynəlxalq birlik, beynəlxalq təşkilatlar bu məsələdə kifayət qədər fəal olmamışlar və Birləşmiş Millətlər Təşkilatının indiyədək qətnamələri yerinə yetirilməmişdir.

Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Parlament Assambleyasında təmsil olunmuş digər nümayəndə heyətlərinin diqqətini daim bu məsələyə yönəldir və Azərbaycanın səsini eşitdirməyə çalışır.

Cənab prezident, demək istəyirəm ki, assambleyada bizim çox qiymət verdiyimiz məqamlardan biri açıqlıq, məlumatın yayılması məsələsidir ki, bunda da sizin nümayəndə heyəti çox fəaldır və ölkədə gedən proseslər barədə informasiyanı bizə vaxtlı-vaxtında çatdırırlar. Biz sizin nümayəndə heyətiniz vasitəsilə Cənubi Qafqazda, habelə Mərkəzi Asiyada gedən proseslərdən xəbərdar oluruq.

Sizin nümayəndə heyəti ilə əməkdaşlıq, ondan aldığımız informasiya nəticəsində biz digər ölkələrlə də əlaqələrimizi tənzimləyirik. Məsələn, deyə bilərəm ki, Rusiya ilə fikir mübadilələrimiz zamanı biz onları Cənubi Qafqazda daha konstruktiv işləməyə çağırmışıq. Biz Sizin bu günə qədər göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və parlamentdə müxtəlif siyasi partiyaları təmsil edən nümayəndələrlə görüşlər zamanı onu da bildirmişik ki, Azərbaycanın Qərb yönümlü olmasını və Azərbaycanın azadlıq, demokratiya və qanunun aliliyi tərəfində olmasını yüksək qiymətləndiririk.

Dünən və bu gün biz Azərbaycan haqqında, Azərbaycanın ətrafında yaranmış vəziyyət haqqında müzakirələr keçirmişik. Biz bilirik ki, Sizin bu günlərdə Rusiyaya səfəriniz olacaqdır və daha sonra İrana səfəriniz planlaşdırılmışdır.

Bilirik ki, hər iki ölkə Sizin region üçün, Sizin ölkə üçün çox vacib, qonşu ölkələrdir. Eyni zamanda, biz Sizin GUÖAM-da iştirakınızı də alqışlayırıq. Bilirik ki, Azərbaycan bu təşkilatda aparıcı rol oynayan ölkədir. Gördüyünüz kimi, bizim ümumi danışıqlarımızda bütün bu məsələlərə, fikir mübadiləsinə yer ayırmışıq.

Cənab prezident, qonaqpərvərliyinizə görə Sizə minnətdarlığımızı bildirmək istəyirik.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Mən sizin danışığınızdan belə başa düşdüm ki, Azərbaycan haqqında hər şeyi bilirsiniz. Ona görə hesab edirəm ki, mənim sizə əlavə məlumat verməyimə ehtiyac yoxdur.

Birincisi, mən məmnunam ki, sizin dediyinizə görə, bizim nümayəndə heyəti NATO-nun Parlament Assambleyasında fəal iştirak edir və Parlament Assambleyasının üzvlərinə, sizin hamınıza Azərbaycan haqqında lazım olan məlumatları verir və bizi narahat edən problemlər haqqında orada fikir mübadiləsi aparır.

İkincisi, siz burada olduğunuz qısa bir vaxtda çox səmərəli işlər görmüsünüz, Azərbaycanın bugünkü vəziyyətini öyrənmisiniz, hər şeyi də bilirsiniz. Mən qısa onu deyə bilərəm ki, Azərbaycan öz dövlət müstəqilliyinin on illiyini bu yaxınlarda qeyd edibdir. Bizim üçün müstəqillik ən həlledici amildir və müstəqilliyimizin daha da möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq.

Biz müstəqil dövlət kimi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq, islahatlar həyata keçiririk və Azərbaycanı bütün sahələrdə bazar iqtisadiyyatı, demokratik prinsiplər əsasında irəliyə aparmağa çalışırıq. Biz bütün beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edirik, NATO ilə əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk.

Xatirimdədir, 1994-cü ildə Brüsseldə mən NATO ilə \"Sülh naminə əməkdaşlıq\" proqramını imzaladım. Ondan sonra çox işlər görülübdür. Ən nəhayət, biz NATO-nun Parlament Assambleyasında müşahidəçi kimi iştirak edirik. Biz bu istiqamətdə bundan sonra da əməkdaşlıq etmək istəyirik.

Mənə belə gəlir, bizim parlamentin sədri sizinlə danışmışdı ki, əgər Azərbaycan Parlament Assambleyasının assosiativ üzvü olsa, daha yaxşı olar. Hər halda, biz sizinlə öz əməkdaşlığımızı bundan sonra da bütün sahələrdə davam etdirəcəyik.

Mən çox məmnunam ki, sizin Azərbaycanı narahat edən əsas problem, Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi haqqında məlumatınız vardır. Güman edirəm, onu da bilirsiniz ki, Ermənistan təcavüzkar olaraq Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir.

Bilirəm ki, siz bu gün köçkünlərlə, qaçqınlarla görüşmüsünüz, onların vəziyyətini gözünüzlə görmüsünüz. Amma bilin, onlar ən yaxşı vəziyyətdə yaşayanlardır. Çünki birincisi, onlar Bakıdadırlar, ikincisi, heç olmasa, münasib olmasa da binadadırlar. Amma əksriyyəti çadırlarda çox ağır şəraitdə yaşayır. Bu da artıq 9 ildən çoxdur və bu günə qədər davam edir.

Biz müharibəni 1994-cü ildə dayandırmışıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq Ermənistan məsələnin həll olunmasına maneçilik törədir. Siz qeyd etdiniz ki, beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının bu məsələ ilə əlaqədar qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir. Təbiidir ki, bu da bizdə, bütün vətəndaşlarımızda böyük təəccüb hissi doğurur. Siz də, yəni NATO-nun Parlament Assambleyası da bu məsələ ilə maraqlanırsınız.

Bizim parlamentin sədri mənə dedi ki, Buxarestdə seminarda bizim nümayəndəmiz Ziyafət Əsgərov bu barədə çıxış edib, geniş məlumat veribdir. Amma siz də bir şey edə bilmirsiniz. Ona görə biz çox arzu edirik ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən siz də bu bölgədə sülhün, sabitliyin təmin olunması üçün daha da təsirli tədbirlər görəsiniz.

Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ümumiyyətlə, biz hər yerdə sülh istəyirik, sülh arzulayırıq. Bizimlə qonşu olan dövlətlərlə mehriban dostluq əlaqələri əsasında əməkdaşlıq edirik və etmək də istəyirik. Amma bizim bölgədə, Cənubi Qafqazda həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də Gürcüstanda olan münaqişələr, təbiidir ki, vəziyyəti çox gərginləşdiribdir. Cənubi Qafqaz isə, siz artıq bunu yaxşı bilirsiniz, dünyanın ən mühüm regionlarından biridir.

Güman edirəm, sizin Azərbaycanla tanışlığınız, burada gördükləriniz, eşitdikləriniz bizə yardım edəcəkdir ki, NATO-nun Parlament Assambleyasında da Azərbaycanın problemlərinə daha diqqətlə yanaşılsın.

Rafael Estrella: Cənab prezident, tam əmin ola bilərsiniz ki, bu, bizim hazırkı məqsədimizlə eynidir. Məqsədimiz ondan ibarətdir ki, bu regiona diqqətiniz artsın.

Bizim Assambleyanı narahat edən, çalışdığımız əsas məramlardan biri təhlükəsizlikdir. Əlbəttə, təhlükəsizlik dedikdə, biz Cənubi Qafqaz və Mərkəzi Asiyanın təhlükəsizliyini nəzərdə tuturuq. Bu təhlükəsizliyi təmin etməkdən ötrü regiona daxil olan ölkələrlə sıx əməkdaşlıq lazımdır.

Gürcüstanda, xüsusilə Azərbaycanda təhlükəsizlik bizim üçün vacibdir.

Bizim Assambleyanın üzvləri region haqqında düzgün məlumat aldıqdan sonra bu fikirdədirlər ki, - əmin ola bilərsiniz ki, Assambleyanın üzvləri öz ölkələrində hörmətli şəxslərdir, - bu regionda təhlükəsizliyin təmin olunmaması, bu regionun təhlükəsizliyinin pozulması, ümumiyyətlə, Avrasiya məkanında təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər.

Cənab prezident, sizə bildirim ki, Rusiya parlamentinin nümayəndələri ilə bizim çoxsaylı söhbətlərimiz, müzakirələrimiz olur. Biz bir sıra məsələlərdə razılaşmasaq da, artıq onlar da bu fikirdədirlər ki, Qafqazın təhlükəsizliyi məsələsi müzakirə olunmadan biz ümumi müzakirələr apara bilmərik. Rusiya nümayəndələri ilə bizim bu cür söhbət aparmağımıza imkan yaratmaq lazım idi. Yəni Rusiya nümayəndələrini bu fikrə sövq etməkdən ötrü təbiidir ki, sizin regiondan olan nümayəndələr lazım idi. Sizin regionun, ölkənin nümayəndələri bu vəzifəni layiqincə yerinə yetirdilər. Ona görə də biz Rusiya nümayəndələri ilə söhbətlər, müzakirələr zamanı onları bu fikrə sövq edə bildik ki, bizim müzakirələrimiz zamanı Cənubi Qafqaz məsələləri mütləq müzakirə olunmalıdır.

Qeyd etməliyəm ki, 2003-cü ildə Bakıda NATO-nun seminarı keçiriləcəkdir. Cənab prezident, mən Sizdən xahiş etmək istərdim ki, özünüz bu seminara himayədarlıq edəsiniz. Elə bilirəm ki, bu seminar keçirilən zaman Sizin parlament üzvləri ümumiyyətlə təhlükəsizlik, müdafiə məsələləri ilə daha yaxından tanış ola biləcəklər. Biz istərdik ki, sizin parlamentlə münasibətlərimizi təsisatlar səviyyəsinə qaldıraq. Yəni bizim birbaşa münasibətlərimiz olsun.

Heydər Əliyev: Çox yaxşı, mən bunlarla razıyam. Ancaq bütün bu seminarlar, görüşlər, müzakirələr bizim üçün onda çox əhəmiyyətli olardı ki, bölgəmizdə sülh əldə edilsin, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Biz bundan sonra da bütün söhbətləri, bütün seminarları keçirməyə hazırıq. Ancaq biz istəyirik ki, real nəticələr olsun.