Hörmətli konfrans iştirakçları!
Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş beynəlxalq konfransın iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram.
Birləşmiş Millətlər Təşkilatının birgə keçirdiyi bu konfrans səhiyyənin inkişafında əsas istiqamətlərdən biri sayılan reproduktiv sağlamlıq və ailənin planlaşdırılması məsələlərinə həsr olunmuşdur. Cəmiyyətin formalaşmasında və onun sabit inkişafında mühüm rol oynayan bu məsələlərin müzakirəsi və onların həlli yollarının müəyyən edilməsi hər bir millətin sağlamlığı və onun genofondunun mühafizəsi sahəsində milli siyasətin uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Əsas insan hüquqlarının mühüm tərkib hissəsini təşkil edən reproduktiv hüquqlar Birləşmiş Millətlər Təşkilatının sənədlərində və ayrı-ayrı ölkələrin qanunvericilik aktlarında təsbit olunsa da, planetimizin bütün insanlarının onlardan səmərəli faydalanması imkanlarının tam təmin olunması yolunda hələ çox işlər görülməlidir. Bu məqsədin həyata keçirilməsi üçün beynəlxalq, regional və milli səviyyələrdə səylərin optimal şəkildə birləşdirilməsinə nail olunmalıdır. Konfransınız da bu yolda atılmış mühüm addımlardan biridir.
Cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması və insan hüquqlarının qorunması yolunda ardıcıl siyasət aparan müstəqil Azərbaycan Respublikası insanların sağlamlığının qorunmasını dövlət əhəmiyyətli problem hesab edir. Respublika hökuməti 1994-cü ilin sentyabrında əhali və inkişaf məsələlərinə həsr olunmuş Qahirə konfransının qəbul etdiyi fəaliyyət proqramının, ölkəmizdə Reproduktiv Sağlamlıq və Ailənin Planlaşdırılması üzrə Dövlət Proqramının həyata keçirilməsi üçün lazımi tədbirlər görür.
Həmin proqramların yerinə yetirilməsində müxtəlif beynəlxalq təşkilatların metodik, maliyyə və təşkilati yardımını da xüsusilə qeyd edir və onu yüksək qiymətləndirirəm. Güman edirəm ki, onlar xalqımızın taleyi üçün böyük əhəmiyyətə malik bu proqramların həyata keçirilməsində əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.
Konfransın Bakı şəhərində keçirilməsi respublikamızın inkişafının indiki mərhələsi üçün xüsusi əhəmiyyətə malikdir. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlı ağır iqtisadi və sosial şəraitdə yaşayır. Onların digər problemləri ilə yanaşı sağlamlıq məsələlərinin həlli də qarşımızda duran aktual vəzifələrdəndir. Ümidvaram ki, konfrans bu sahədəki çətinliklərin aradan qaldırılması yollarının müəyyən edilməsinə kömək edəcəkdir.
İnsan sağlamlığının qorunmasına, gender siyasətinin uğurla həyata keçirilməsinə yönəldilmiş nəcib fəaliyyətinizdə sizə böyük nailiyyətlər, konfransın işində müvəffəqiyyətlər arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
\"Azərbaycan\" qəzeti, 22 sentyabr 1998-ci il.