Azərbaycan Ordusunun hörmətli əsgərləri və zabitləri, möhtərəm veteranlar, həmvətənlər!
Bu gün əlamətdar bir gündür. 9 May bütün dünya tarixinə mütərəqqi qüvvələrin 1941-1945-ci il müharibəsində qalibiyyəti günü kimi yazılmışdır. Bu, dünya xalqlarının böyük bəlalardan xilas olması günüdür. 49 ildir ki, dünya ümumən sülh və əmin-amanlıq şəraitində yaşayır. İkinci dünya müharibəsində bütün Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, bir çox başqa ölkələr, o cümlədən keçmiş Sovetlər İttifaqı iştirak etmişdir. Azərbaycan Respublikası da, Azərbaycan xalqı da bu müharibənin sona çatmasında, Qələbənin əldə olunmasında böyük xidmətlər göstərmişdir. İkinci dünya müharibəsinin bir tərəfdən dəhşətli dağıntılar, insanların həlak olması, digər tərəfdən dünyanın yenilən dəyişilməsi baxımından bəşər tarixində öz yeri var. Bu müharibədə çox xalqlar iştirak edib. Azərbaycan xalqı da o vaxt mənsub olduğu ölkəni, Vətəni müdafiə etmək, dünya mədəniyyətini mürtəce qüvvələrdən xilas etmək üçün bu müharibədə iştirak etmişdir.
İkinci dünya müharibəsinin qələbə ilə başa çatması Sovetlər İttifaqının, eyni zamanda onunla müttəfiq olan Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın və bu böyük dövlətlərin ətrafında toplaşmış başqa mütərəqqi qüvvələrin ümumi həmrəyliyi və birgə döyüşməsi nəticəsində mümkün olmuşdur.
Biz bu gün qələbəni unuda bilmərik. İkinci dünya müharibəsində yaralanmış, əlil olmuş, ötən 49 ildə bu müharibənin əzab-əziyyətini çəkən həmvətənlərimiz, vətəndaşlarımız Azərbaycanda bu gün də var. Ötən müharibəyə 600 min Azərbaycan vətəndaşı səfərbər olunmuşdu. Onların 300 mini geri qayıtmayıb, həlak olub, itkin düşüb. Qələbənin əldə olunmasında o vaxtkı Sovet İttifaqının digər xalqları kimi, Azərbaycan xalqının da böyük xidmətləri vardır.
Çox səciyyəvidir ki, bizim bu mərasimimizdə müstəqil Azərbaycan dövlətində ABŞ-ın, Fransanın, İngiltərənin səfirləri də iştirak edirlər. Bu gün burada Rusiya səfirinin də iştirak etməsi böyük əhəmiyyətə malikdir. Sovetlər İttifaqının varisi olan Rusiya, habelə Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərə bəşəriyyəti, bütün dünyanı o böyük bəladan birlikdə xilas etmişlər. Biz bu gün o böyük müharibədə şəhid olanların ruhu qarşısında baş əyir və onların hamısına "Allah rəhmət eləsin" deyirik.
İkinci dünya müharibəsinin bu gün sıralarımızda olan veteranlarına hörmət və ehtiramımızı bildirir və onlara cansağlığı, xoşbəxtlik, gələcək işlərində müvəffəqiyyətlər diləyirik.
Bu gün biz Həzi Aslanovun adını daşıyan hərbi məktəbdəyik. Bir neçə dəqiqə bundan əvvəl xalqımızın qəhrəman oğlu, İkinci dünya müharibəsində Vətəni qoruyaraq həlak olmuş general Həzi Aslanovun böyük, əzəmətli xatirə abidəsini açdıq. Həzi Aslanov öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır. Onun adı Azərbaycanda çox yerlərlə əbədiləşibdir. Bu məktəbin də Həzi Aslanovun adını daşıması tam ədalətlidir.
Həzi Aslanovun böyük heykəlini yaratmaq üzərində heykəltəraşlarımız hələ 70-ci illərdə işləyirdilər. O vaxt heykəl hazır idi, onun açılışı da olmalı idi. Bu gün mən bir tərəfdən təəssüf edirəm ki, hələ on il bundan öncə açılmalı olan heykəl indiyədək qoyulmamışdır, digər tərəfdən çox məmnunam ki, bu heykəlin yaranması üçün çalışmış bir adam kimi mən bu gün onun açılışında iştirak edirəm və bu heykəlin açılması da mənə etibar olunub. Mən bunu böyük iftixar hissi ilə qeyd edirəm.
Həzi Aslanovun həyat yolu, qəhrəmanlığı, İkinci dünya müharibəsində xidmətləri bütün Azərbaycan gəncləri üçün örnəkdir. Xüsusən müstəqil Azərbaycanın indiki vaxtında. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın təcavüzə məruz qaldığı bir vaxtda Həzi Aslanov Azərbaycan xalqı üçün, ordumuz üçün, gənclərimiz üçün böyük örnəkdir, nümunədir. Mən bu gün Həzi Aslanov adına məktəbin kursantları qarşısında çıxış edərkən ilk növbədə hamınızın Həzi Aslanova bənzəməyinizi arzu edərdim. Hər biriniz xalqımızı, Vətənimizi Həzi Aslanov kimi sevməlisiniz. Hər biriniz hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlisiniz.
Bilin ki, o dövrdə sovet ordusunda azərbaycanlı zabitlərin sayı çox az idi. Azərbaycandan general olanlar da çox az idi. Həzi Aslanov həm vətənpərvərliyinə, həm öz zəkasına, biliyinə görə, həm də hərbi peşəyə böyük hörmət və məhəbbətinə görə bu yolu seçmiş, zabit olmuş, İkinci dünya müharibəsində vuruşmuş, böyük yol keçmiş, Qafqaz dağlarından Pribaltikaya qədər döyüşə-döyüşə getmiş, həlak olmuşdur.
Mən vaxtilə Stalinqradda müharibəyə həsr olunmuş abidəni ziyarət edərkən orada adları qızıl hərflərlə yazılmış Sovet İttifaqı qəhrəmanları arasında Həzi Aslanovun da adını iftixarla oxumuşdum. Hələ o vaxt ürəyim dağa döndü, fəxr etdim, ətrafımda olan adamlara sevinclə bildirdim ki, baxın, bu abidədə Azərbaycan oğlunun da adı var. Bunlar hamısı Azərbaycan tarixinin parlaq səhifəsidir...
Mən siz kursantlara tövsiyə edirəm, bu yolla gedin. Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatla çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr elə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm. Güman edirəm ki, siz elə də olacaqsınız. Qarşınızla böyük bir yol durur. Bu yolda ilk addımlar atırsınız. Arzu edərdim ki, yaxşı təhsil, təlim alasınız, yaxşı hazırlaşasınız, Azərbaycan Ordusunun möhkəmlənməsində, inkişaf etməsində böyük xidmətlər göstərəsiniz. Çünki bu gün Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə məruz qalıb. Biz torpaqlarımızı müdafiə etməli, Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, Vətənimizin keşiyində durmalıyıq. Bu vəzifə sizin üzərinizə düşür. Azərbaycan Ordusu gələcəkdə də bizə lazımdır. Çünki Azərbaycan müstəqil dövlətdir. Hər bir müstəqil dövlətin güclü ordusu olmalıdır. Bu ordunun özəyini siz təşkil edirsiniz. Gələcəkdə sizin böyük xidmətləriniz olacaq. Güman edirəm ki, siz bu xidmətləri şərəflə həyata keçirəcəksiniz.
Ermənistanın respublikamıza təcavüzü nəticəsində cəlb olunduğumuz müharibənin sülh yolu ilə başa çatdırılması sahəsində son vaxtlar bir çox mühüm tədbirlər həyata keçirmişik. Mən bir daha bəyan edirəm ki, biz müharibə istəmirik.
Sizin qarşınızda çıxış edərkən Azərbaycan torpaqlarının müdafiəsi yolunda şəhid olmuş həmvətənlərimizin ruhu önündə baş əyərək bir də deyirəm ki, Vətən yolunda həlak olanların, müstəqil Azərbaycanın torpaqlarını qorumaq uğrunda şəhid olanların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun. Onların qəhrəmanlıq nümunələri sizi daha mübariz olmağa dəvət etsin. Mən inanıram ki, siz şəhidlərin qanını yerdə qoymayacaq, Azərbaycanın torpaqlarını şərəflə müdafiə edəcək, respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.