İstanbulda İslam Konfransı təşkilatının tarix, kültür, sənət mərkəzində Azərbaycan prezidenti Heydər Əliyevin çıxışı - 8 may 1997-ci il

Hörmətli professor Əhmənt İhsan oğlu!

Hörmətli cənablar!

Bu gün İstanbulda İslam Konfransı Təşkilatının tarix, kültür, sənət mərkəzində olarkən mən islam tarixinə aid Azərbaycanda da böyük araşdırmalar aparıldığını nəzərə çarpdırmaq istərdim. Mənim fikrimcə, bu araşdırmalar islam dünyasında geniş təbliğ edilməlidir. İslam Konfransı Təşkilatının İstanbuldakı bu mərkəzi ilə Azərbaycan Elmlər Akademiyasının, onun Şərqşünaslıq İnstitutunun və respublikamızdakı bir sıra mərkəzlərin əlaqələrinin daha da sıxlaşdırılmasının vacib olduğunu göstərməklə bildirirəm ki, yaradılacaq belə münasibətlər xalqlarımızın və islamın tarixinin, mədəniyyətinin öyrənilib daha geniş təbliğ edilməsində mühüm rol oynaya bilər.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyatının və xalqımızın qədim tarixə malik mədəniyyətinin ümumtürk və islam tarixində özünəməxsus yer tutduğunu xatırladaraq ümidvar olduğumu bildirirəm ki, türk və islam tarixləri yenidən işlənib hazırlanarkən orada Azərbaycanın mütəfəkkir şəxsiyyətlərinin həyat və yaradıcılığı da öz layiqli əksini tapacaqdır.

Azərbaycan mədəniyyətinin, incəsənətinin zəngin tarixi vardır. Bu tarixin öyrənilib yayılmasının əhəmiyyəti böyükdür. Yola salmağa hazırlaşdığımız XX əsrdə Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində əldə olunmuş nailiyyətlər isə xüsusilə təqdirəlayiq və cahanşümul nailiyyətlərdir. Görkəmli bəstəkar Üzeyir Hacıbəyov dahi Nizaminin və Füzulinin \"Leyli və Məcnun\" poemaları əsasında 1908-ci ildə \"Leyli və Məcnun\" operası yaratdı, Qara Qarayev isə 1960-cı ildə \"Leyli və Məcnun\" simfonik poemasını bəstələyərək klassik Şərq mövzusunu müasir modern səviyyəsinə çatdırdı. Əlbəttə, xalqımızın içərisindən çıxmış belə dahi şəxsiyyətlərin sayı olduqca çoxdur və onların hər birinin yaradıcılığı haqqında saatlarla, günlərlə söhbət açmaq olar. Onlar həm də islam dünyasının böyük şəxsiyyətləri olduqlarına görə, bu adamların yaradıcılığının islam aləmində və türk, ərəb dünyasında geniş öyrənilib yayılması olduqca vacibdir.

Bununla əlaqədar İslam Konfransı Təşkilatının İstanbuldakı bu mərkəzi ilə Azərbaycanın əlaqələrinin daha da sıxlaşdırılması üçün birgə tədbirlər hazırlanmasının və keçirilməsinin təşkilinə diqqəti artırmağın vacib olduğu daim nəzərə çarpdırılmalıdır.

Mərkəzlə ətraflı tanışlıqdan sonra fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:

\"İslam Konfransı Təşkilatının İstanbulda yerləşən mədəniyyət mərkəzinin gördüyü çox əhəmiyyətli işlər böyük məmnuniyyət hissi doğurur. Zəngin kitabxana, çox qiymətli eksponatlar islam mədəniyyətinin tarixini və xüsusiyyətlərini tədqiq etmək üçün böyük imkanlar yaradır. Bu mərkəzə yeni uğurlar arzulayıram.\"

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.