Azərbaycan Prezidenti Heydər Əliyevin Almaniyanın \"Simens\" şirkətinin prezidenti Henrix Fon Pireri qəbul edərkən söhbətindən - 6 oktyabr 1998-ci il

Heydər Əliyev: Bizim müəyyən zamanlarda əlaqələrimiz olmamışdır. Həmişə Sovet İttifaqı hökuməti \"Simens\"lə əməkdaşlıq etmişdir. Mən Moskvada Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən \"Simens\"lə Sovet İttifaqı arasındakı iqtisadi əlaqələri bilirdim. İndi müstəqil Azərbaycan Almaniya ilə öz əməkdaşlığını genişləndirmək, inkişaf etdirmək istəyir.

Henrix Fon Pirer: Cənab Prezident, arzu edirəm ki, iqtisadiyyatın yüksəlməsi, inflyasiyanın qarşısının alınması sahəsində Sizin gərgin zəhmətiniz qarşıdan gələn prezident seçkilərində xalqınız tərəfindən dəyərləndirilsin.

Heydər Əliyev: Mən Azərbaycanın Prezidenti kimi, Almaniya ilə Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsinin, inkişaf etməsinin tərəfdarıyam və bunu istəyirəm. Sizin və Almaniyanın başqa şirkətlərinin respublikamıza gəlməsini biz özümüz istəmişik və hətta bunun təşəbbüskarı olmuşuq. Almaniyanın hökuməti ilə bizim çox yaxşı münasibətlərimiz vardır. 1996-cı ildə mən Almaniyada olarkən Prezident Roman Hersoqla, Federal kansler Helmut Kol ilə, Federal nazir Klaus Kinkel ilə və başqa dövlət adamları ilə çox əhəmiyyətli danışıqlar apardıq. Mən bunları Almaniya-Azərbaycan əlaqələrinin ən mühüm hissəsi hesab edirəm.

Ona görə də sizin təkliflərinizə biz maraqla, diqqətlə baxırıq və güman edirəm ki, bunların əsasında əməkdaşlığımızı inkişaf etdirə bilərik.

Siz Azərbaycanın Baş naziri ilə bu məsələlər barədə konkret danışıqlar aparmalısınız. Mən isə bu məsələnin müsbət həll olunmasına dəstək verirəm. Çünki biz bu məsələlərdə sizdən də çox maraqlıyıq.

\"Heydər Əliyevin Neft strategiyasi\" kitabından, Bakı 2001, II hissə, səh 423.