Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda səfərdə olan nümayəndə heyəti - AŞPA-nın Siyasi Komitəsinin sədri Viktor Rufi, Komitənin Azərbaycan üzrə məruzəçisi Jak Bomel, AŞPA-nın Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Corc Klerfayt ilə görüşdə söhbət - Prezident sarayı 8 dekabr 1999-cu il

Heydər Əliyev: Cənab Rufi, cənab Bomel, cənab Klerfayt, cənab səfirlər!

Mən sizin hamınızı səmimi-qəlbdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz!

Mən bu görüşümüzdən çox məmnun olduğumu bildirirəm. Siz Avropa Şurasını təmsil edirsiniz. Azərbaycan son bir neçə ildir ki, Avropa Şurası ilə əməkdaşlıq edir və bu əməkdaşlığı daha da sürətləndirmək istəyir. Ona görə də Azərbaycana sizin ziyarətiniz bizim üçün çox əhəmiyyətlidir. Cənab Bomel Azərbaycanda bir neçə dəfə olubdur, digər qonaqlarımızın buraya neçə dəfə gəldiyini bilmirəm. Amma hər halda, Azərbaycanı görmək, ölkəmizin bugünkü həyatı ilə tanış olmaq həm Avropa Şurası üçün, həm də sizin özünüz üçün əhəmiyyətlidir. Güman edirəm ki, siz bu günlər burada - həm Milli Məclisdə, həm Xarici İşlər Nazirliyində və digər nazirliklərdə bir çox görüşlər keçirərək Azərbaycanın bugünkü vəziyyəti haqqında yetərli qədər təəssürat toplaya bilmisiniz. Ona görə də hesab edirəm ki, sizə ətraflı məlumat verməyə ehtiyac yoxdur. Amma mən onu demək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyinin səkkizinci ilini keçirdi. Ötən müddətdə bizim dövlət müstəqilliyimiz ilbəil möhkəmlənibdir və Azərbaycan bir müstəqil dövlət kimi, dünyada özünəməxsus yer tutubdur. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyə qədər tutduğu yolla gedir. Bu yol da Azərbaycanda hüquqi, demokratik dövlət qurmaq, ölkəmizdə bazar iqtisadiyyatı yaratmaq və inkişaf etdirmək, iqtisadi islahatlar keçirmək, Azərbaycanı dünya sisteminə - həm siyasi, həm də iqtisadi sisteminə sıx bağlamaq, daha da yaxınlaşdırmaq yoludur. Avropa qitəsində olan bir ölkə, dövlət kimi biz, şübhəsiz ki, birinci növbədə Avropa ilə, Avropa strukturları ilə inteqrasiya yaratmağa və inkişaf etdirməyə çalışırıq. Ancaq biz eyni zamanda dünyanın bütün beynəlxalq təşkilatları - ATƏT ilə, Birləşmiş Millətlər Təşkilatı ilə və başqa təşkilatlarla səmərəli əməkdaşlıq edirik.

Biz ötən illərdə bu istiqamətdə müəyyən nailiyyətlər əldə etmişik. Baxmayaraq ki, ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra həm daxili, həm də xarici çətinliklərlə rastlaşıbdır. Təbiidir ki, biz əldə etdiyimiz nailiyyətləri çox da şişirtmək istəmirik. Biz qüsurlarımızı, nöqsanlarımızı da bilirik və onların aradan qaldırılması üçün lazımi tədbirlər görürük. Avropa Şurası ilə əməkdaşlığımız Azərbaycan Avropa Şurasında qonaq statusu alandan sonra daha da genişlənib, güclənibdir. Azərbaycan Parlamentinin üzvləri, nümayəndə heyətləri Avropa Şurasının Parlament Assambleyasında lazım olan vaxtlarda iştirak edirlər. Onlar mənə söyləyirlər ki, orada Azərbaycan haqqında məlumatlar verirlər. Bu illərdə biz Avropa Şurasının Azərbaycana qayğısını, diqqətini görmüşük, yardımını da almışıq və bunu çox yüksək qiymətləndiririk. Avropa standartlarına çatmaq üçün lazımi işlərin görülməsi barədə Avropa Şurasının tövsiyələri, təklifləri bizim üçün xüsusən çox əhəmiyyətli olubdur. Bu, xüsusən dövlətimizin qanunvericilik sisteminə aiddir. Amma təbii ki, bizim əməkdaşlığımız bununla məhdudlaşmır. Biz Avropa Şurasının bütün tövsiyələrini, təkliflərini məmnuniyyətlə qəbul edirik və bir daha qeyd edirəm ki, bunu Azərbaycana qayğı və yardım kimi yüksək qiymətləndiririk. Təbiidir ki, qısa bir zamanda hər şeyə nail olmaq mümkün deyildir. Əsas odur ki, biz bu yolla gedirik. Amma bəzən sürət yaxşı, bəzən zəif olur. Bunların da obyektiv və subyektiv səbəbləri vardır. Biz sizinlə - Avropa Şurası ilə əməkdaşlığımızı hər halda uğurlu hesab edirik.

Sizə bu ziyarətinizə görə təşəkkür edirəm. Əmin olduğumu bir daha bildirirəm ki, bu günlər siz Azərbaycanda son vaxtlar baş vermiş dəyişiklikləri görmüsünüz. Bilirsiniz ki, Azərbaycanın ən böyük problemi Ermənistan - Azərbaycan münaqişəsidir. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə, bir milyondan çox azərbaycanlının işğal olunmuş ərazilərdən zorla çıxarılmasına, indi onların köçkün vəziyyətində, ağır şəraitdə yaşamasına baxmayaraq, biz beş ildən artıqdır ki, sülh danışıqları aparırıq. Ümidvaram ki, münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq mümkündür.

Bizim bütün bu və başqa çətin problemlərimizə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Bizdə 1996-cı ildən iqtisadiyyatda tənəzzülün qarşısı alınıbdır, ölkəmizin iqtisadiyyatı ilbəil inkişaf yolu ilə gedir. Ümumi daxili məhsul hər il artır. Bu ilin ötən aylarında da ümumi daxili məhsul təxminən 7 faiz artmışdır. Kənd təsərrüfatı, sənaye məhsulları istehsalı artır. Bu il sənaye məhsulu istehsalı təxminən 3 faiz, kənd təsərrüfatı məhsulu istehsalı da bir o qədər artacaqdır. Biz bunların nəticəsində xalqın rifah halını müəyyən qədər yaxşılaşdırırıq. Mən elə iki gün bundan öncə Azərbaycan müəllimlərinin əmək haqqının artırılması haqqında sərəncam verdim, mən onların maaşını 25 faiz artırdım. Bu artım ildə təxminən 40 milyon dollar təşkil edir. Bu, Azərbaycanın büdcəsi üçün çox böyük rəqəmdir. Mən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, maddi və maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün onların aylıq müavinətini, pul gəlirini də artırdım. Məni sevindirən bir də o oldu ki, imkan yarandı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının bütün işçilərinin maaşını 5 dəfə artırdım.

Mən bunu ona görə deyirəm ki, bunlar son 2-3 gün ərzində həyata keçirdiyim sərəncamlardır. Biz keçmiş zamanlara nisbətən indi dövlət büdcəsini hər il vaxtında təşkil edirik və parlament, Milli Məclis onu təsdiq edir. Bu il də Milli Məclis onu hələ bir ay bundan əvvəl təsdiq edibdir. Son beş ildir ki, Azərbaycanda inflyasiya yoxdur. Bizim milli valyutamız və onun dəyəri tamamilə sabitdir. İstehlak mallarının isə qiyməti artmır, azalır. Siz bilirsiniz, elə ölkələr var ki, inflyasiya artır, ona görə də maaşları artırmağa məcbur olurlar. Amma biz ötən beş ildə inflyasiyanın olmadığı, yəni maliyyə sahəsində tam sabitlik yarandığı halda, maaşların artırılmasına hər il nail ola bilirik. Bunlar görülən işlərin, xüsusən islahatları həyata keçirməyimizin nəticəsində mümkün olur. Amma bunlar ölkəmiz və əhalimiz üçün hələ çox azdır.

Güman edirəm ki, biz bu minvalla getsək, gələcəkdə vəziyyət daha da yaxşı olacaqdır. Bizim ən böyük nailiyyətimiz odur ki, Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirmişik və son beş ildə bu sabitlik təmin edilir. Təbiidir ki, bunlar hamısı Avropa strukturları ilə yaxınlaşmağa, əlaqə qurmağa, inteqrasiya yaratmağa bizim üçün imkanlar açır. Biz Avropanın Şərqdə ən sərhəddə olan ölkəsiyik. Şərq istiqamətində Azərbaycandan sonra Avropa qurtarır. Biz Avropanın kənarında olaraq istəyirik ki, Avropanın çox inkişaf etmiş ölkələri səviyyəsinə gəlib çataq.

Beləliklə, mən sizə öz sözlərimi qısa olaraq dedim. Mən sizi dinləməyə hazıram.

Viktor Rufi: Cənab prezident, bu gün Sizin tərəfinizdən qəbul edilməyimizdən çox böyük şərəf duyuruq. Mən yenə də demək istəyirəm - bu, bizim üçün bir neçə dəfə şərəfdir ki, bu gün qəbulunuzda Sizinlə qarşı-qarşıya oturmuşuq.

Cənab prezident, mən, cənab Bomel və cənab Klerfayt burada həm Avropa Şurasını, həm də Avropa dəyərlərini təmsil edirik. Sizin də bu gün bizi qəbul etməyiniz onu göstərir ki, bu dəyərlərə çox böyük əhəmiyyət verirsiniz.

Cənab prezident, Sizin bu diqqətinizə cavab olaraq demək istəyirəm ki, biz bu səfərə gəlməzdən əvvəl çox iş görmüşük, fəaliyyət göstərmişik. Onu da deməliyəm ki, burada olduğumuz, işlədiyimiz zaman Sizin diqqətinizin davamı kimi tərəfdaşlarmızın da bizə böyük diqqətini hiss etmişik. Cənab prezident, mən onu da demək istəyirəm ki, bugünkü nümayəndə heyətinin başçısı, siyasi komitənin sədri kimi mən Azərbaycana, Bakıya birinci dəfədir gəlirəm. Bu, paradoksal haldır. Mənə elə gəlir ki, cənab Bomeli və cənab Klerfaytı Sizə təqdim etməyə ehtiyac yoxdur. Cənab prezident, etiraf etmək istəyirəm ki, mənim ürəyimdə Sizə qəribə bir inam hissi yarandı. Qarşmızda əyləşən, Sizinlə danışan bu şəxs siyasətlə məşğul olan adamdır. Amma indi o, bu siyasətin sonuna yaxınlaşır. Mən bu siyasi komitədə növbəti sessiyanın əvvəlinədək - yəni 2000-ci ilin yanvar ayına qədər qalacağam. Mən Azərbaycana gələndə təyyarəyə oturarkən öz ölkəmin milli müşaviri idim, ancaq təyyarədən çıxanda artıq mən milli müşavir deyildim.

Cənab prezident, Azərbaycana səfərimin əsas məqsədi odur ki, işimi burada tamamilə yekunlaşdırım, bunu həmkarıma elə bir vəziyyətdə təhvil verim ki, bu işin dəyərinə onu bütünlüklə inandıra bilim. Bizim hər üçümüz müxtəlif siyasi fraksiyalara mənsub olan adamlarıq, ayrı-ayrı ölkələri təmsil edən şəxslərik. Lakin, bizim hamımız fransız dilində danışırıq və Avropa Şurasında hər birimiz aşkarlığın tərəfdarıyıq. Müxtəlif səbəblərə görə bəzilərinin dediklərinin əksinə olaraq, - bəziləri deyirdilər ki, Qafqaz ölkələri Avropaya aid deyildir, - biz bunlara əks arqumentlər tapdıq və Avropa Şurasında çoxluğu öz mövqeyimizə inandıra bildik. Biz Sizin ölkənin Avropa qitəsinə aid olmasına tamamilə əminik. Cənab prezident, bizim ən böyük təəssüratımız odur ki, Bosfor və Dardanel boğazlarını keçib buraya gələndə Cənubi Qafqazın təkcə əhalisi, müəyyən yerləri ilə yox, ümumiyyətlə, Cənubi Qafqazın Avropaya aid olan ölkələri ilə tanış oluruq. Bu həmin ölkələrdir ki, Avropa ilə müxtəlif vaxtlarda, dövrlərdə əlaqələri, mübadilələri olmuşdur. Müəyyən vaxtda bu əlaqələr kəsilmişdi. Lakin indi əsas vəzifə onları yenidən, ən yüksək səviyyədə bərpa etməkdən ibarətdir.

Cənab prezident, mən həddindən artıq xoşbəxtəm ki, Azərbaycanda iqtisadi vəziyyətin yaxşılaşması haqqında Sizin fikirlərinizi eşitdim. Biz əminik ki, bu vəziyyətin yaxşılaşması demokratiyanın inkişafı üçün ən gözəl amillərdən biridir. Cənab prezident, mən Sizə demək istəyirəm ki, bizim burada apardığımız işlər, keçirdiyimiz görüşlər həddindən artıq gərgin və səmərəli oldu. Mən sizə Azərbaycan ilə Avropa Şurası arasında olan əməkdaşlıq haqqında məruzə etmək istəyirəm. Bu əməkdaşlıq Azərbaycan parlamenti, hökuməti ilə olan əməkdaşlıqdır. Bu əməkdaşlıq çox gözəl inkişaf edir və biz indi onun meyvələrini dəririk. Mən Sizə bir nümunə söyləmək istəyirəm. Azərbaycan parlamenti və hökuməti ilə əməkdaşlığımızın meyvələrindən biri o idi ki, biz burada olduğumuz müddətdə, elə dünən axşam respublikanın baş prokuroru mənə bu struktur haqqında qanunun parlamentdə qəbul edilməsi barədə məlumat verdi. Mən bunu çox gözəl bir nümunə kimi Sizin nəzərinizə çatdırıram.

Cənab prezident, mən Sizinlə olan əməkdaşlığımızın daha da bir vacib elementindən danışmaq istəyirəm. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli uğrunda Sizin göstərdiyiniz səylərdir. Mən İsveçrədə, Cenevra şəhərindən çox da uzaqda olmayan bir yerdə yaşayıram. Bizim hamımız, ümumiyyətlə, Avropa Şurası da əmindir ki, Azərbaycanın inkişafı, Avropa Şurası ilə əlaqələri də Ermənistan-Azərbaycan münaqişəsinin həllindən çox asılıdır.

Cənab prezident, biz çox şadıq ki, Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin təklifi ilə parlament üzvləri arasında keçirilən görüşlər çox böyük nailiyyətlərdən biridir. Belə görüşlər Strasburqda, Tbilisidə keçirilibdir və bu günlərdə Parisdə də belə bir görüş olacaqdır. Ümumiyyətlə, biz istəyirik ki, Sizə verdiyimiz dəstəyi eləcə də Ermənistana göstərək. Bu şərtlə ki, qoy bu hər iki dövlət lap tez bir zamanda və birlikdə Avropa Şurasına qəbul edilsinlər. Əlbəttə, bunun üçün bizə ən əvvəl sülhün daha da möhkəmləndirilməsi barədə təminat lazımdır. Sülhün daha da möhkəmləndirilməsi üçün bu təminatı hər iki tərəf verməlidir. Biz bunu təkid edirik. Bu təkidin səbəbi aşağıdakılardan ibarətdir.

Mən Sizə dedim ki, Avropa Şurasında böyük əksəriyyət aşkarlığın, açıq qapı siyasətinin tərəfdarıdır. Onu da bildirmək istəyirəm ki, ümumiyyətlə, beynəlxalq təşkilatlar içərisində Avropa Şurası onların ən böyüyü, ən irisidir. Bu, elə bir təşkilatdır ki, onun daxilində müəyyən proseslərin təsiri ola bilir. Məsələn, bu günlərdə Rusiyanın Şimali Qafqazda, yəni Çeçenistanda həyata keçirdiyi əməliyyatlar indinin özündə Avropa Şurasının mövqeyini zəiflətmişdir. Çünki, Rusiya Avropa Şurasının fundamental prinsiplərinə riayət etməyib, onları pozubdur. Hətta, Rusiya Avropa Şurasının təkliflərini, tövsiyələrini bir aydır ki, qulaqardına vurur. Ona görə də demək istəyirəm ki, belə bir vəziyyət Avropa Şurasının mövqeyini həddindən artıq zəiflədir və ümumiyyətlə, Avropa Şurası bu gün çox qəribə bir vəziyyətdə qalır, Rusiyanın belə fəaliyyəti onu çox zəiflədir.

Cənab prezident, bütün bunlardan belə bir nəticəyə gəlməliyəm, - Bakıda gördüyümüz işlər də bunu sübut edir - Azərbaycan Avropa Şurasına daxil olmaq yolunda demokratiyaya doğru çox qəti addımlarla irəliləyir və elə bu proseslər də onu Avropa Şurasına yaxınlaşdırır.

Cənab prezident, icazənizlə, mən sözü cənab Bomelə vermək istərdim.

Heydər Əliyev: Buyurun. Təşəkkür edirəm.

Jak Bomel: Cənab prezident, siyasi komitənin Azərbaycan üzrə məruzəçisi kimi, mən Azərbaycanın Avropa Şurasına daxil olması yolunda fəaliyyət göstərən bir məsul şəxsəm. Sizin vaxtınızı çox almaq istəmirəm. Cənab prezident, Sizə demək istəyirəm ki, mən yalnız son bir il ərzində burada olmamışam. Lakin Bakını, Azərbaycanı yenə də bu cür inkişafda, bu cür irəliləyişdə görmək məni həddindən artıq sevindirir. Eyni zamanda bu gün Sizinlə görüşmək, söhbət etmək bizim üçün böyük şərəfdir.

Cənab prezident, Azərbaycanın Avropa Şurasına daxil olması üzrə məruzəçi kimi demək istəyirəm ki, 70 il ərzində qara dövr keçmiş Azərbaycanın bütün mərhələləri adlayaraq demokratik Avropa dövlətləri sırasına daxil olmasına böyük marağım var. İcazə verin, XXI əsrin astanasında bu fəaliyyətimlə bağlı üç arzumu Sizə bildirim.

Cənab prezident, birinci, ən əsas arzum budur ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə beynəlxalq hüquq normalarına əməl edilməklə, beynəlxalq aləmdə tanınmış sərhədlər gözlənilməklə və iqtisadi əməkdaşlıq müstəvisində həll olunsun.

İkinci arzum odur ki, istərdim qarşıdan gələn bələdiyyə seçkiləri çox yaxşı şəraitdə keçsin. Bu, Avropa Şurasına daxil olmaq üçün mühüm şərtlərdən biridir. Bütün nöqteyi-nəzərlərdən, yəni həm iqtisadi, o cümlədən enerji, həm siyasi və həm də strateji cəhətdən gələcək üçün çox vacib olan bu regionda, sülh və təhlükəsizliyə böyük ehtiyac duyulan regionda əmin-amanlığın bərqərar olmasını istəyirəm.

Cənab prezident, Siz bu yaxınlarda İstanbul sammitində təhlükəsizlik və əməkdaşlıq paktı haqqında danışdınız. Mən istərdim ki, burada belə bir pakt yaransın, necə ki, Avropanın mərkəzində yerləşən dövlətlər sülh və təhlükəsizliyi təmin etmək üçün bu yoldan istifadə edirlər. Siz Avropanın elə bir cinahında yerləşirsiniz ki, ölkənizin həm şimalda, həm cənubda, həm də digər istiqamətlərdə müxtəlif qonşuları var. Ona görə də biz Avropa olaraq Sizi hərtərəfli dəstəkləməliyik.

Cənab prezident, nəhayət, üçüncü arzum. İstərdim yeni, qarşıdan gələn əsrdə ölkənizə, Sizə təmsil etdiyiniz dəyərlərin həyata keçirilməsi sahəsində ən xoş arzularımı yetirim, ən yaxşı şəraitdə, sülh şəraitində yaşamağınız barədə arzularımı çatdırım.

Nəhayət, icazə verin, bu fürsətdən istifadə edib, cənab president Şirakın ən xoş arzu və istəklərini də Sizə yetirim.

Heydər Əliyev: Təşəkkür edirəm, sağ olun.

Viktor Rufi: Cənab prezident, indi də cənab Klerfayt bir neçə kəlmə demək istəyir.

Corc Klerfayt: Cənab prezident, hüquqi işlər və insan hüquqları sahəsində məruzəçi olduğum üçün mən də bir neçə kəlmə demək istərdim. Mənim buraya son gəlişimdən 14-15 ay keçibdir. Həqiqətən demək istəyirəm ki, mən çox böyük təəssürat altındayam. Bu təəssürat yalnız və yalnız Sizin dediyiniz iqtisadi nəticələrdən deyil, - əlbəttə, onların da böyük rolu var, - Azərbaycanın indiyə qədər, ümumiyyətlə, gördüyü nəhəng işlərdən doğmuşdur. Bu, Azərbaycanın bir çox strukturlarının - Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, başqa orqanların gördükləri işlərin təəssüratıdır.

Cənab prezident, Siz dəfələrlə amnistiya haqqında qərar vermisiniz, həbsdə olan neçə minlərlə insanı azad etmisiniz. Kütləvi informasiya vasitələrində senzuranı götürmüsünüz. Ölüm hökmünü ləğv etmisiniz. Ümumiyyətlə, buna oxşar nə qədər qərarlar qəbul etmisiz. Əlbəttə, mən desəydim ki, indi Azərbaycanda hər şey ideal vəziyyətdədir, onda bunu bir qədər şişirtmiş olardım. Şübhəsiz, hələ görülməli işlər olan sahələr var. Məsələn, mən insan ləyaqətinə hörmət məsələsini demək istərdim. Yəni, insanların şübhə altında olması, hakimin qərarına qədərki dövrdə onlara olan münasibət. Yaxud onların barəsində hökm oxunandan sonra həbsxanadakı münasibət. Mənə elə gəlir ki, bu sahədə hələ görülməli olan işlər vardır. Bu işlərdən biri o olardı ki, vəkillər gəlib həmin yerlərdə fəaliyyət göstərə bilsinlər. Mən bilirəm ki, dediyim bu məsələ, yəni vəkillər haqqında qanun layihəsi, deyəsən, bu günlərdə Azərbaycan parlamentinin müzakirəsinə veriləcəkdir.

Cənab prezident, demək istədiyim ikinci məsələ demokratik prinsiplərin ən vacib amillərindən biridir. Bu, söz azadlığı, xüsusən jurnalistlərin söz azadlığıdır. Bu da tamamilə ideal şəkildə təmin olunmalıdır. Əlbəttə, mən başa düşürəm ki, jurnalistlər özlərinə aid olan prinsiplərə heç də həmişə axıradək riayət etmirlər. Lakin buna o qədər də fikir verməyib onların azad fəaliyyətini təmin etmək yolunda müəyyən işlər görmək lazımdır.

Cənab prezident, bunları deməyimə baxmayaraq, ümumən bu işlərə qiymət versək, bildirməliyəm ki, sizin cəmiyyətdə gördüyünüz işlər onu göstərir ki, səyləriniz davam edir və edəcəkdir. Mən əminəm ki, bunlar çox müsbət haldır ki, siz Avropa Şurasına daxil olandan sonra da biz əməkdaşlıq edəcəyik, Sizin rəhbərliyiniz altında bunu lazımi səviyyəyə çatdıracağıq. Əlbəttə, bunun üçün təqvim hazırlamaq və qarşıya qoyulan öhdəliklər haqqında müəyyən tarixlər göstərmək olar ki, bu işə mərhələ-mərhələ nəzarət etmək mümkün olsun.

Cənab prezident, mən deməliyəm ki, Azərbaycanda çox böyük uğurlar əldə edilibdir. Bu işdə mənim də müəyyən rolum olduğu üçün, bu əməkdaşlıqda iştirak etdiyim üçün özümü çox xoşbəxt sayıram.

Heydər Əliyev: Hörmətli cənab Rufi, cənab Bomel, cənab Klerfayt, dəyərli fikirlərinizə görə sizə təşəkkür edirəm. Siz Avropa Şurasının çox təcrübəli nümayəndələrisiniz. Sizin tərcümeyi-halınıza baxanda görürsən ki, siz neçə illər, on illərlə parlamentlərin üzvüsünüz, Avropa Şurası Parlament Assambleyasının üzvüsünüz. Bəzən də təəccüb edirsən - nə cür olub ki, bunlar hər il bu qədər nailiyyət qazanırlar ki, daim seçilirlər və belə böyük məclisdə görkəmli yer tuturlar?

Təbiidir ki, Avropa dəyərləri və Avropa standartları sizin nəinki beyninizdə, həm də sümüyünüzdə, iliyinizdədir. Ona görə də Avropa Şurasının sizin kimi təcrübəli nümayəndələri ilə əməkdaşlıq etməyimiz bizim üçün çox şərəflidir. Azərbaycanda son vaxtlarda olan dəyişikliklər haqqında sizin bu gün bəyan etdiyiniz fikirlər, ölkəmizin Avropa demokratiyası, ümumiyyətlə, demokratiya yolu ilə getməsi, Avropa standartlarına yaxınlaşması sahəsində gördüyümüz işlərə verdiyiniz qiymət, təbii ki, bizim üçün çox dəyərlidir. Bu, bizi ruhlandırır. İnsan isə ruhlananda daha da yaxşı işləmək istəyir. Mən bu gün sizinlə söhbətə başlayanda dedim ki, təbii, bizim qüsurlarımız, çatışmazlıqlarımız, nöqsanlarımız da var və bir çox şeylərə hələ nail ola bilməmişik. Nəticə isə ondan ibarətdir ki, biz gərək bu günə qədər edə bilmədiyimizi sabah, yaxın gələcəkdə edək, nöqsanlarımızı aradan qaldıraq. Əmin ola bilərsiniz ki, əgər indiyədək biz bu qədər iş görmüşüksə və siz bu işləri qiymətləndirirsinizsə, demək, biz böyük təcrübə toplamışıq. Bu, birincisi. İkincisi də bu, artıq bizim tutduğumuz yoldur. Biz bu yoldan nə sağa, nə sola dönə bilmərik. Bu onu göstərir ki, biz daim irəli gedəcəyik və bundan sonra Avropa Şurası ilə əməkdaşlığımızda daha yaxşı nailiyyətlər əldə edəcəyik.

Bir neçə gündən sonra Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəkdir. Bu seçkilər Azərbaycanda ilk dəfə keçirilir. Biz çalışırıq və demək istəyirəm, çox çalışırıq ki, birincisi, bələdiyyə seçkiləri tam demokratik şəraitdə, şəffaflıq şəraitində keçirilsin, bizim ölkənin demokratiya sahəsində irəliyə atdığı böyük bir addım olsun. Biz nəinki çalışırıq, çox istəyirik ki, buna nail olaq. Güman edirəm ki, seçkilərin nəticələri bunu göstərəcəkdir. Təbiidir, biz hesab etmirik ki, bu nəticələr tam ideal ola bilər. Bu, ilk bələdiyyə seçkiləridir. Son vaxtlara qədər Azərbaycanda heç bilmirdilər ki, bələdiyyələr nədir. Ancaq yenə də deyirəm, biz indiyə qədər bütün işləri görmüşük və qarşıdakı günlərdə də görəcəyik.

Mən bu fürsətdən istifadə edib Azərbaycanın bütün vətəndaşlarına da müraciət edirəm ki, bələdiyyə seçkilərini demokratik şəraitdə keçirmək mümkün olsun, ədalətli olsun və insanlar istədikləri adama sərbəst səs verə bilsinlər. Siz bizim qanunvericilik sahəsində gördüyümüz işləri qiymətləndirdiniz, prokurorluq haqqında qəbul olunmuş qanun barəsində müsbət fikrinizi bildirdiniz. Amma bilməlisiniz ki, bunlar asan keçmir, çünki bizdə hələ mühafizəkar qüvvələr var, keçmiş prinsiplərdən ayrılmaq istəməyənlər də var.

Məsələn, mən hesab edirəm ki, \"Prokurorluq haqqında\" qanunu biz bir il bundan öncə qəbul edə bilərdik. Nə üçün bunu edə bilməmişik? Çünki bir tərəfdən Avropa Şurasının tələblərini ortaya qoyan qüvvələr, ikinci tərəfdən isə öz mövqelərini əldən vermək istəməyən qüvvələr mübahisə aparırdılar. Mübahisə aparan bu qüvvələr bir nəticəyə gələ bilmirdilər. Ona görə mən bu işlərə qarışdım. Təbiidir ki, biz fikir azadlığına həmişə hörmət etməli və hər bir fikrə də öz münasibətimizi göstərməliyik. O tərəfi də, bu biri tərəfi də bir neçə dəfə dinlədim. Yenə də deyirəm, gərək hər bir tərəfin fikrinə ədalətli münasibət göstərəsən. Mən bu prinsipi pozmayaraq, eyni zamanda əlimi vurdum stola: Avropa Şurasının təkliflərinin hamısı oraya düşməlidir! Əllərini qaldırdılar. Beləliklə, mən \"Prokurorluq haqqında\" qanunun layihəsini öz imzamla Milli Məclisə göndərdim.

Siz soruşa bilərsiniz ki, bəs bir il bundan öncə niyə belə etmədiniz? Çünki mən istəyirəm ki, fikir mübadiləsi getsin. Heç kəsin fikrinə ayrı-seçkilik münasibəti bəsləmək istəmirəm. Mən istəyirəm ki, mühafizəkar fikirli adamlar özləri dərk etsinlər ki, artıq belə mühafizəkar fikirlərdən xilas olmaq lazımdır. Yəni mən o insanların fikrinə zor etmək istəmirəm. Bu da demokratiyanın prinsiplərindəndir. Yəni demək istəyirəm ki, biz bu qanunların vaxtında, Avropa standartlarına uyğun olaraq qəbul edilməsi üzərində işləyirik və çox işlər də görülübdür. \"Vəkillik haqqında\" qanun da qəbul olunacaqdır. Bunlar hamısı bizim üçün yeni şeylərdir.

Mən sizə keçmiş tarixdən bir şey danışmaq istəyirəm. Mən Moskvada Baş nazirin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrində işləyirdim. Brejnev vəfat edəndən sonra, Andropov rəhbərlik etdiyi zaman biz sosialist sistemini bir az demokratikləşdirmək istəyirdik. Belə bir fikir meydana çıxdı ki, \"Dövlət arbitrajı haqqında\" qanun qəbul etmək lazımdır, arbitraj müstəqil olmalıdır. Qərar qəbul olundu ki, bunun üçün bir layihə hazırlansın. Baş nazirin birinci müavini, Siyasi Büronun üzvü kimi, məni də bu komissiyaya sədr təyin etdilər. Mən Sovet İttifaqının ən hörmətli professorlarını -hüquqşünaslarını topladım. Layihəni hazırladıq. Bu layihə həqiqətən sovet sistemi içərisində arbitraja çox böyük müstəqillik verirdi. O vaxta qədər arbitraj Nazirlər Sovetinin tərkibində idi. Yəni bir nazirlik kimi Nazirlər Sovetinin tərkibində idi. Biz isə onun statusunu dəyişdirdik ki, o, Nazirlər Sovetinin tərkibindən çıxmalıdır. Nazirlər Sovetində bunu müzakirə edəndə həmkarlarımın hamısı mənim üstümə düşdü. Məni günahlandırdılar ki, niyə belə layihə təqdim etmişəm. Deyirdilər ki, əgər arbitraj Nazirlər Sovetinə tabe olmasa, bizim işimiz pis gedəcəkdir. Bir neçə ay mübahisə getdi. Mən və bir çox hüquqşünaslar çalışdıq ki, - mən Baş nazirin birinci müavini idim, məndən savayı bir on nəfər də müavin var idi, - onların hamısını inandıraq ki, biz artıq o vəziyyətdən çıxmalıyıq. O müqavimətlərə görə mən bu layihəni dörd ay təqdim edə bilmədim. Gəldim Andropovun yanına, bu məsələni ona tövsiyə elədim. O, hamını topladı, bir-bir dinlədi. Dedi ki, siz düz demirsiniz, bu layihə düzdür. Beləliklə, Sovetlər İttifaqının tarixində ilk dəfə \"Dövlət arbitrajı haqqında\" qanun qəbul olundu. Yəni bununla onu demək istəyirəm ki, psixologiyada dəyişiklik birdən-birə getmir. İnsanların bir hissəsi bunu tez qavrayır, o biri hissəsi isə qavraya, yaxud da köhnə sistemdən ayrıla bilmir. Belə vəziyyəti mən burada da görürəm. Sizi bir daha əmin edirəm ki, biz bundan sonra da bütün qanunlarımızı Avropa Şurasının tələbləri ruhunda yaradacağıq.

Cənab Klerfayt, siz Azərbaycanda mətbuat azadlığı sahəsində gördüyümüz işləri qiymətləndirdiniz. Siz bilirsinizmi Azərbaycanda nə qədər qəzet çıxır? Nə Fransada, nə İtaliyada, nə də Belçikada o qədər qəzet çıxmır. Burada hər həftə yeni bir qəzet meydana çıxır. Yəni \"qəzet xəstəliyi\" başlanıbdır. Əgər qəzetlərin sayı artırsa, deməli, bu qəzetlərdə işləyən adamlar nə isə yazmalıdırlar. Biz imkan vermişik, nə istəyirlərsə, onu da yazırlar. Doğru şeyi də yazırlar, düzgün, sağlam tənqid də olur. Amma yalanlar, uydurmalar, böhtanlar da olur. Bu təbiidir, cəmiyyətimiz bunu artıq öyrənir. Güman edirəm ki, bütün ölkələr də bunu beş il içərisində öyrənməmişdir, buna uzun illər lazım olmuşdur. Arxayın ola bilərsiniz ki, Azərbaycanda mətbuat, söz azadlığı tamamilə təmin edilir və ediləcəkdir. Jurnalistlər xüsusi status alıblar. Onların toxunulmazlıq statusu ölkənin bütün vətəndaşlarınınkından yüksəkdir. Amma təbii ki, onlar da bundan suiistifadə etməməlidirlər. Təəssüf ki, elə faktlar da var. Ancaq bu prosesdir və biz bu proseslə gedirik.

Təşəkkür edirəm ki, amnistiya haqqında mənim son fərmanımı qiymətləndirirsiniz. Siz dediniz, artıq beşinci dəfədir ki, mən amnistiya haqqında təşəbbüsdə bulunuram. Bundan əlavə, əfvlər haqqında bilavasitə fərmanlar vermişəm. Son amnistiyaya görə 11 min adam cəza çəkməkdən azad olacaqdır. Bizdə hər 100 min nəfər hesabı ilə həbsxanada olanların sayı MDB ölkələrinin hamısına nisbətən azdır. Siz hamınız Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması məsələsinə toxundunuz.

Bildirdiniz ki, bu, Avropa Şurasına daxil olmaq üçün əsas şərtlərdən biridir. Bu təbiidir, siz istəmirsiniz ki, Avropa Şurasında bir-biri ilə münaqişədə olan ölkələr olsun. Mən də tam belə fikirdəyəm. Məsələn, siz bilirsiniz ki, bizim MDB təşkilatımız var. Keçmişdə Sovet İttifaqına daxil olmuş indiki müstəqil dövlətlərdən 12-si MDB təşkilatına daxildir. MDB dövlətləri başçılarının görüşündə mən bir neçə dəfə bildirmişəm ki, bizim bu təşkilat sağlam təşkilat olmaq üçün gərək öz daxilində olan münaqişələri ləğv etsin. Əgər MDB-yə daxil olan 12 dövlətdən ikisi bir-biri ilə hərbi münaqişədədirsə, onda bu təşkilat normal təşkilat ola bilməz. Təəssüf ki, MDB-yə daxil olan başqa dövlətlər buna fikir vermirlər. Yəni bu problem mənə məlumdur. Mən də hesab edirəm ki, Avropa Şurasına daxil olan ölkələr gərək bir-biri ilə münaqişədə olmasınlar. Ona görə də beş ildən artıqdır ki, biz məsələnin sülh yolu ilə həll olunması üçün Ermənistanla danışıqlar aparırıq. Sülhə nail olmamağın səbəbi də təbii ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyidir. Ancaq buna baxmayaraq, bu barədə həm Minsk qrupu indi çox gərgin fəaliyyət göstərir, - Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır, - eyni zamanda bu il içərisində Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə təkbətək görüşləri olubdur. Bu görüşlərin ikisi İsveçrədə, sizin vətəninizdə keçirilibdir. Biz birinci görüşü Vaşinqtonda keçirdik. Ondan sonar görüşü harada keçirmək haqqında fikirləşəndə mən dedim ki, yaxşı olar İsveçrədə keçirək. İki dəfə İsveçrədə görüşdük. Bundan sonra da görüşlərimiz olubdur. Mən İsveçrədə olmamışdım. Çox məmnunam ki, bu münasibətlə İsveçrəni də gördüm. Cenevrə kantonunda da mənə bir saat bağışladılar. Mənim bir saatım vardı, onu on beş il idi daşıyırdım. Ondan ayrılmaq istəmirdim. Bəzən də yaxşı işləmirdi. Amma mən onu çox sevirdim. Saatı mənə bağışladılar, əvvəlcə fikirləşdim ki, bəlkə o qədər də yaxşı saat deyildir. Amma qoluma bağladım və görürəm ki, çox yaxşı işləyir. Yəni məndə Cenevrədən yadigar da var.

Bizim bu danışıqlarımız nəticəsində hər iki prezident - həm Ermənistan prezidenti, həm də Azərbaycan prezidenti belə bəyan etmişik ki, sülh əldə etmək üçün hər iki tərəf kompomislərə getməlidir. Mən bunu İstanbulda, ATƏT-in zirvə görüşündə də öz nitqimdə bildirdim.

Cənab Bomel, çox məmnunam və təşəkkür edirəm ki, siz İstanbuldakı zirvə görüşündə mənim Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının yaradılması haqqında təklifimi bilirsiniz və bu gün onu yada saldınız. Belə bir paktın yaranması həqiqətən çox zəruridir. Mən orada həm Amerika Birləşmiş Ştatlarına, həm Rusiyaya, həm Fransaya, həm də ATƏT-in başqa üzvlərinə -Türkiyəyə, Gürcüstana, Ermənistana və ATƏT-in bu işdə maraqlı olan ölkələrinə müraciət etdim ki, çox böyük əhəmiyyətə malik region kimi, Cənubi Qafqazda belə bir paktın yaranması həm bu ölkələr, həm də bu ölkələrdə marağı olan ölkələr üçün çox vacibdir. Onun yaranması üçün isə, təbii ki, Ermənistan-Azərbaycan münaqişəsi ləğv olunmalı və Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Təbiidir ki, bu, beynəlxalq hüquq normaları əsasında olmalıdır.

Mən bu gün sizə bəyan edirəm və xahiş edirəm Avropa Şurasına çatdırasınız ki, Azərbaycan Ermənistanla olan münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri bu barədə müəyyən imkanlar yaradıbdır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ, Fransa öz fəaliyyətlərini gücləndirməlidir və hamımız birlikdə bu məsələnin sülh yolu ilə həllinə nail ola bilərik. Mən sizin fikrinizlə razıyam ki, Azərbaycan və Ermənistan eyni zamanda Avropa Şurasına daxil olmalıdırlar. Bəyan edirəm ki, Azərbaycan tərəfdən heç vaxt döyüşlər, müharibə başlanmayacaqdır. Biz bu barədə Avropa Şurasına problem yaratmayacağıq. Siz dediniz ki, Rusiyanın yaratdığı problem Avropa Şurasının işinə təsir edir. Münaqişə həll olunacaq, məsələnin sülh yolu ilə həllinə nail olmaq mümkündür və beləliklə, həm Ermənistan, həm də Azərbaycan Avropa Şurasının üzvü ola bilərlər.

Hörmətli cənab Bomel, dostum prezident Şirakdan mənə çatdırdığınız salama görə təşəkkür edirəm. İstanbulda prezident cənab Şirakla mənim görüşüm və çox yaxşı danışığımız oldu. O, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün son zamanlar atılan addımları çox yüksək qiymətləndirir. Təbiidir, o mənə bildirdi və hətta ATƏT-in zirvə görüşündəki çıxışında da dedi ki, əgər bu münaqişə həll olunarsa, Fransa və bütün Avropa Birliyi butün imkanlarını işğaldan azad edilmiş, dağılmış rayonların, şəhərlərin bərpası üçün səfərbər edəcəkdir. Prezident Jak Şirakın bu barədəki fəaliyyətinə mən çox yüksək qiymət verirəm, ümidlər bəsləyirəm. Çox məmnunam ki, bizim aramızda səmimi dostluq əlaqələri yaranıbdır. Xahiş edirəm, mənim hörmət və ehtiramımı, salamımı prezident Jak Şiraka çatdırasınız. Beləliklə, mən belə düşünürəm ki, bugünkü fikir mübadiləmiz həm sizin üçün, həm də bizim üçün çox sərfəlidir. Ancaq çox təəssüf ki, cənab Rufi, siz dediniz ki, bir aydan sonra bu siyasətdən gedəcəksiniz. Təzəcə tanış olmuşuq, ancaq gedirsiniz. Bəlkə biz Avropa Şurasına yazaq ki, sizi buraxmasınlar, biz etiraz edirik? Təbii ki, bu, sizin öz işinizdir. Ancaq mənim xasiyyətim belədir ki, yeni dostlar qazananda onları itirmək istəmirəm.

Viktor Rufi: Cənab prezident, əgər izi versəydiniz, bu cür xoş sözlərdən sonra mən bir neçə kəlmə deyərdim. Mən sizi Cenevrəyə dəvət edirəm. Cenevrəyə gəlin, mən sizi qarşılamağa həmişə hazıram. Sizdə çox gözəl bir məqsəd var, - dünyada ən vacib məsələlərdən biri sülh axtarmaq məqsədidir. Cənab prezident, icazə verin, həm nəticə, həm də son söz kimi bir neçə kəlməni diqqətinizə çatdırım.

Heydər Əliyev: Buyurun.

Viktor Rufi: Cənab prezident, Siz bayaq söhbətiniz zamanı bir qanun layihəsindən danışarkən misal çəkdiniz, daha doğrusu, bir hadisəni danışdınız. Yəni köhnə illə yeni arasında mübarizədən söhbət açdınız. Mən Sizə deyim ki, hazırda bizim öz cəmiyyətlərimizdə, yəni bizdə də bu cür nümunələri həddən artıq çox göstərmək olar. Bu qarşıdurma həmişə olub, var və bundan sonra da olacaqdır. Bu gün səhər biz Azərbaycanın müxalifət nümayəndələri ilə görüşdük, söhbət apardıq. Onlar da öz baxışlarını özlərinin düşündükləri kimi bizə çatdırmaq istədilər. Biz onları dinlədik. Mən Sizə demək istəyirəm ki, bizim onlarla görüşə bilməyimiz, bunun üçün şərait yaradılmasının özü hər şeydən əvvəl onu göstərir ki, Siz demokratiya yolundasınız. Əlbəttə, müxtəlif tənqidlər, şikayətlər də eşitdik. Cənab prezident, onlar öz mövqelərini şərh edir, bizə çatdırırdılar. Onların tərəfindən əsas narazılıq söz, mətbuat azadlığı barədə oldu. Bir də onlar yerli seçkilər, yəni bələdiyyə seçkiləri haqqında danışdılar. İddiaları da bu idi ki, bələdiyyə seçkiləri guya həqiqi siyasi seçkilər olmayacaq, yəni bunlar ədalətli deyildir. Bir də \"Sara\" televiziya kanalı ilə bağlı hadisəni bizə çatdırdılar. Bələdiyyə seçkiləri ilə bağlı əsaslandırmaq istəyirdilər ki, Bakı kimi bir şəhər üçün mer nəzərdə tutulmur, sadəcə, müxtəlif rayonların məsul şəxsləri nəzərdə tutulur. Parlament üzvlərindən birinin isə əsas fikri bu idi ki, informasiya vasitələri ilə, yaxud parlamentdə, televiziya kanalları ilə iqtidardan olan deputatların biri ilə qarşı-qarşıya oturub mübahisə aparmaq, mövqeləri tutuşdurmaq imkanı yoxdur.

Təbii ki, biz bunların nə dərəcədə əsaslı olduğunu bilmirik və yoxlaya da bilmirik, buna imkanımız yoxdur. Lakin Sizin tərəfdən bütün bunlara cavab kimi müəyyən təkliflər etmək lazımdır.

Cənab prezident, bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycanın orqanları ilə Beynəlxalq Qızıl Xaç Cəmiyyəti arasında anlaşılmazlıq var. Yəqin ki, bunlara da aydınlıq gətirmək lazımdır. Mən bunların mahiyyətinin nədən ibarət olduğunu, razılaşmamağın, eyni fikrə gəlməməyin əsasının nə olduğunu dəqiq bilmirəm.

Sonda söylədiklərimin əsas məqsədi ondan ibarət idi ki, sizə bildirəm - burada olduğumuz müddətdə biz bütün tərəfdaşlarımızla hərtərəfli söhbət etdik, hamı ilə dil tapdıq. Sağ olun. Bizim burada gördüyümüz işlərin tam olması üçün müxalifətlə də görüşmüşük, onlarla da söhbətimiz olubdur. Amma demək istəyirəm ki, ümumiyyətlə, bütün ölkələrdə müxalifət var. Hansı ölkə olur-olsun, müxalifətlə söhbət zamanı tənqid də, şikayət də eşidəcəksiniz. Sadəcə olaraq, mənim də deməyim o idi ki, bizim burada gördüyümüz işlər haqqında təsəvvürünüz tam olsun.

Cənab prezident, mən bugünkü görüşümüzü elə söhbətimizin mahiyyətinə uyğun olan xoş bir ahənglə də bitirmək istəyirəm. Mən buraya gələndə çox fikirləşdim ki, özümlə İsveçrə şokoladı, yoxsa saatı götürüm? Nədənsə şokolad üzərində dayandım və indi görürəm ki, çox düz eləmişəm. Mən Sizin üçün xüsusi olaraq şokolad qutusu sifariş verib hazırlatdırdım. İndi də onu Sizə təqdim etmək istəyirəm.

Heydər Əliyev: Sağ olun, çox gözəl hazırlanıbdır. Bunu nəvələrimlə yeyəcək və sizi yad edəcəyik. Təşəkkür edirəm.