Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi və konsert qurtardıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Respublika sarayı, 2 may 1997-ci il

Çox hörmətli Mstislav Leopoldoviç, əziz dostum Slava!

Sizi Azərbaycanda, Bakı şəhərində keçirilən gözəl yubileyiniz və şübhəsiz ki, Azərbaycanın, onun mədəniyyətinin tarixinə ən parlaq səhifə kimi daxil olacaq bugünkü əla çıxışınız münasibətilə ürəkdən təbrik edirəm!

Görkəmli musiqiçi, bəstəkar, dirijor kimi, vətəndaş hüquqları, azadlıq, demokratiya uğrunda, zorakılığa və totalitarizmə qarşı böyük mübariz kimi Sizi Azərbaycanda yüksək qiymətləndirir, ehtiramınızı saxlayır, sevir, Sizə hörmət bəsləyirlər.

Sizin yaradıcılığınız dünya, ümumbəşər mədəniyyətinin ən parlaq tərkib hissəsinə çevrilmişdir. Fəxr edirik ki, Siz, belə görkəmli incəsənət, mədəniyyət xadimi, XX əsrin görkəmli vətəndaşı bizim həmyerlimiz, bakılısınız.

Sizin Azərbaycana, Bakıya sonuncu dəfə gəldiyiniz vaxtdan 25 ildən də çox keçir. Ondan az sonra Siz Sovetlər İttifaqını tərk etdiniz və şübhəsiz ki, Sizinlə ünsiyyətdə olmağa imkan yox idi. Ancaq bununla belə, inanın, Bakıda, Azərbaycanda bizim Azərbaycan xalqı Sizinlə idi, çünki Siz bu addımı həqiqət, ədalət, şərəf, vicdan naminə atmışdınız.

Sözün həqiqi mənasında, Azərbaycanda Rostropoviç həftəsinə çevrilmiş həftə başa çatır. Bu həftə Azərbaycan vətəndaşlarına, hamımıza Sizinlə ünsiyyətdə olmaq, Sizin sənətinizlə, musiqinizlə, yaradıcılığınızla təmasda olmaq imkanı verdi. Burada, Bakıda, Azərbaycanda keçirdiyiniz çoxsaylı görüşlər silinməz təəssürat yaradır. Özünüz hiss edirsiniz ki, insanlar Sizin buraya gəlməyinizə sevinirlər. Hamı Sizi məftunluqla qarşılayır, bu cür yüksək hörmətə və yüksək ehtirama layiq olduğunuz üçün Sizə öz hisslərini ifadə edirlər.

Bu gün biz simfonik musiqidən ibarət gözəl konsertin şahidi olduq. Bir azərbaycanlı, Azərbaycanın prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin mədəniyyətə, zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar musiqinin əsasını böyük Üzeyir Hacıbəyov qoyubdur. Onun məktəbi, tələbələri, silahdaşları XX əsrdə Azərbaycanda çox yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla fəxr edirik. Əziz Slava, bütün bunlarda 20-ci illərin əvvəlində Azərbaycana gəlmiş Sizin atanızın böyük xidməti var. O, Azərbaycanın qabaqcıl insanları ilə birlikdə, böyük Üzeyir Hacıbəyovla birlikdə peşəkar musiqinin, ali musiqi təhsilinin əsasını qoymuşdur. Biz bunlarla fəxr edirik və bu gün o, gözəl dinləyicilər qarşısında çox əla təqdim olundu.

Slava, biz Sizi tanıyırıq, Sizin valideynlərinizi tərifləyirik. Belə görkəmli insanı məhz onlar yetirmişlər. Ona görə də Sizin barənizdə danışarkən, şübhəsiz ki, valideynlərinizin də şərəfini uca tuturuq. Bu gün mən qərar qəbul etmişəm ki, Sizin doğulduğunuz, valideynlərinizin yaşadıqları, Sizin uşaqlıq illərinizin keçdiyi mənzil indən belə Rostropoviçin xatirə ev-muzeyi olacaqdır.

Əziz Slava, Sizə bütün Azərbaycan xalqının dərin hörmət hissini, məhəbbət hisslərini çatdırır və bundan sonra da uzun illər səmərəli yaradıcılıq, səadət və xoş həyat arzulayıram.

Bu gün Sizi təbrik edərkən burada iştirak edən, bizimlə birlikdə olan Qalina Pavlovna Vişnevskaya haqqında danışmalıyıq. Mən ona son dərəcə minnətdaram ki, dəvətimi qəbul edib və Azərbaycana gəlibdir. Mən görkəmli müğənni Qalina Pavlovna Vişnevskayanı salamlayıram. Bizim dostumuz Rostropoviçin sədaqətli silahdaşı olan insanı salamlayıram. Onlar birlikdə musiqini də, incəsənəti də, insan ləyaqətini də şöhrətləndirmişlər.

Sağ olun.

\"Azərbaycan\" qəzeti, 3 may 1997-ci il.