Əziz balalar!
Sizin hamınızı üzümüzə gələn Yeni il, 1996-cı il münasibətilə təbrik edir, sizə cansağlığı arzulayıram.
Bu gün sizi belə gözəl əhval-ruhiyyədə görəndə, gözəl özfəaliyyət yaradıcılığımızı görəndə, əl işlərinizi, çəkdiyiniz şəkilləri görəndə, düzəltdiyiniz oyuncaqları görəndə həddindən artıq sevindim. Bizim balalarımız istedadlıdırlar, çox böyük həvəslə yaşayırlar. Bu, bizim fəxrimizdir. Sizi bu gün belə mühitdə, bu gözəl şəraitdə görəndə, bir el sözü var, – ürəyim dağa dönür. Məni nə qədər sevindirdiniz.
Bu günlərdə bəlkə də məni ən çox sevindirən hal sizinlə görüşməyimdir. Ümumiyyətlə, uşaqları görəndə hər bir yaşlı insan, yaxud ata-ana, valideyn sevinir. Çünki uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Uşaqlar həyatımızı şənləndirən, bəzəyən, gözəlləşdirən doğma övladlarımızdır.
Hər bir insan üçün dünyada uşaqlardan istəkli heç bir şey ola bilməz. Mən də həyatımda daim uşaqları sevmişəm, öz balalarımı da sevirəm. Amma sizin hamınız mənim balamsınız. Sizi öz balam kimi sevirəm və sizi öz balam hesab edirəm. Siz burada dəfələrlə mənə müraciət edərək "Heydər baba" dediniz. Mən bununla fəxr edirəm. Mənim, deməli, Azərbaycan dövlətinin bu qədər gözəl övladları var və onlar üç yaşında, dörd, beş, altı yaşında belə istedada malikdirlər. O şerləri ki, siz deyirsiniz, gənclərin də çoxu deyə bilməz. Siz ki, belə gözəl rəqs edirsiniz, bunu çoxları edə bilməz. O mahnıları ki, siz oxuyursunuz, onları çoxları oxuya bilməz.
Bu, sizin nə qədər istedadlı olduğunuzu göstərir və hər birinizin uşaq vaxtından özünüzü ifadə etmək iradənizi göstərir. Siz özünüzü ifadə edirsiniz, bu, çox sevindirici haldır. Mən bununla fəxr edirəm, sevinirəm və hamınızı bağrıma basıram, öpürəm. Hər biriniz mənim üçün əzizsiniz, doğmasınız. Bu uşaqlıq dövrünüzdə hər birinizə şən, sağlam, firavan həyat arzulayıram. Çalışacağam əlimdən gələni edim ki, sizin həyatınız daim şən, xoşbəxt, firavan olsun.
Mən bu gün sizin tərbiyəçilərinizi, müəllimlərinizi, sizinlə məşğul olan, tərbiyə ocaqlarında fəaliyyət göstərən vətəndaşlarımızı təbrik edirəm. Görürəm ki, buradakı tərbiyəçilərin əksəriyyəti qadınlardır – cavan, gənc qadınlardır. Qadın uşağın dilini yaxşı bilir, bizdən də yaxşı bilir. Ona görə sizin müəllimlərinizi, tərbiyəçilərinizi, sizin tərbiyənizlə, təhsilinizlə, öz-fəaliyyət yaradıcılığınızı meydana çıxarmaqla məşğul olanların hamısını Yeni il münasibətilə təbrik edir və bu xeyirxah işlərinə görə, uşaqlara ürəkdən, candan qayğı göstərdiklərinə görə, uşaqların daxilindəki istedadı üzə çıxarmaq üçün göstərdikləri səylərə görə onlara təşəkkür edirəm. Çox sağ olun!
Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm. Bizim nə qədər gözəl gələcəyimiz var, Azərbaycanın necə parlaq gələcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! Çünki Azərbaycanın gələcəyini təşkil edən sizin kimi istedadlı balalarımız var. Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər. Sizi bir daha təbrik edirəm.
Balalarım! Sizi də, müəllimlərinizi, tərbiyəçilərinizi, valideynlərinizi, qohum-əqrəbanızı da təbrik edirəm. Bu işlərə rəhbərlik edən müvafiq təşkilatların başçılarını da təbrik edirəm. Bilirəm ki, Bakı şəhər icra hakimiyyəti bu işdə xüsusi təşəbbüs göstərib, onları da təbrik edirəm. Bu işə qatılmış adamları və balalarımızın bu gün şən əhval-ruhiyyə ilə Yeni ili qarşılamalarını təşkil edənlərin hamısını təbrik edir, öz təşəkkürümü bildirirəm.
Sağ olun, sizin hər birinizi öpürəm, bağrıma basıram, Yeni il münasibətilə hamınıza xoş arzularımı bildirirəm. Mən sizə Yeni il hədiyyələri gətirmişəm. Bunları indi sizə paylayacaqlar. Sağ olun.