Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Soçiyə yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında jurnalistlərə verdiyi müsahibə - 1 avqust 2001-ci il

Heydər Əliyev: Bilirəm, siz mənim yanıma gəlmisiniz ki, bu səfərimlə əlaqədar məlumatlar alasınız. Ancaq ondan öncə mən sizi və televiziya vasitəsilə Azərbaycanın bütün vətəndaşlarını, Azərbaycan xalqını təbrik edirəm. Bu gün, avqust ayının 1-dən Azərbaycan öz doğma latın əlifbasına keçibdir. Bu, böyük bir bayramdır. Bunun tarixi sizə məlumdur. Bu barədə mən bir dəfə öz çıxışımda da demişəm. Bu haqda qərar 10 il bundan öncə qəbul olunmuşdur. Ancaq həmin qərar yerinə yetirilmirdi. Mən isə fərman verdim və qəti vaxt təyin etdim ki, həmin vaxtdan mütləq latın qrafikasına keçmək lazımdır. Doğrudur, müəyyən etirazlar oldu, indi bizim bəzi qəzetlərə, yaxud başqa dairələrə xas olan cürbəcür yalanlar və uydurmalar yaydılar: Heydər Əliyev bunu hansısa qəzetlərə qarşı edir, filan edir… Bu onların öz işidir. Çünki onlar, ümumiyyətlə, yalan danışmaqla məşğuldular. Sizin içərinizdə də onların nümayəndələri vardır, yalan danışmaqla məşğuldurlar. Amma mən ölkənin prezidentiyəm, bilirəm nə edirəm. Hesab edirəm ki, çox düzgün etmişəm. Bu günü, avqustun 1-ni - mən qayıdandan sonra yəqin ki, bu barədə fərman verəcəyəm - Azərbaycanın əlifba günü elan edəcəyəm.

Güman edirəm ki, bundan sonra Azərbaycan müstəqil dövlət olaraq, bir daha öz əlifbasını dəyişdirməyəcəkdir. Bilirsiniz ki, XX əsrdə bizim əlifbamızı neçə dəfə dəyişdiriblər. Bu əlifba bizə doğma əlifbadır.  Bu əlifba uğrunda hələ vaxtilə, XIX əsrdə Mirzə Fətəli Axundov və başqaları mübarizə aparıblar. 1921-ci ildən bu işə başlayıblar, 1924-cü ildə latın əlifbasına keçiblər. Ancaq 1939-cu ildə bu əlifbanı bizim əlimizdən alıblar. Mən sizi və bütün Azərbaycan xalqını təbrik edirəm.

Mənim səfərim haqqında artıq mətbuatda o qədər məlumatlar verilibdir ki, hər şey məlumdur. Son dəfə biz, dövlət başçıları Minskdə görüşərkən belə bir təklif irəli sürüldü ki, qeyri-formal şəraitdə də görüş keçirək. Rusiyanın prezidenti cənab Putin təklif etdi ki, bunu avqustun 1-də edək. Biz də razı olduq. İndi bu, artıq baş verir. Müstəqil dövlətlərin başçıları bu gün oraya toplaşırlar. Bu günün və sabahın proqramı vardır. Orada həm ümumi görüş, həm də fərdi görüşlər olacaqdır. Ondan sonra, avqustun 3-də mən Bakıya qayıdacağam. Bu qədər.

Sual: Cənab Prezident, axırıncı iki həftə ərzində İran iki dəfə sərhədimizi pozubdur. Siz bunu necə qiymətləndirirsiniz? İran Bakı tərəfindən hansısa cavab alacaqmı?

Cavab: Bilirsinizmi, birincisi, biz onlara nota vermişik. Bu sizə məlumdur. İkincisi, indiki zamanda heç bir ölkə başqa dövlətə qarşı zor işlətməməlidir. Bu həm Birləşmiş Millətlər Təşkilatının, həm də başqa beynəlxalq təşkilatların prinsipidir. Hər bir ölkə buna riayət etməlidir. Biz buna riayət edirik. Biz istəyirik ki, bütün qonşularımızla dostluq, mehribanlıq şəraitində yaşayaq və heç bir münaqişəyə yol verməyək. Bizim onsuz da bir münaqişəmiz var. Əgər o olmasaydı da, yenə də Azərbaycan - mən əvvəldən demişəm - sülhsevər siyasət aparıb, heç bir qonşusuna qarşı hər hansı bir iddiası yoxdur. Ona görə də biz belə hərəkətləri pisləyirik və öz münasibətimizi də bildirdik.

Sual: Cənab Prezident, Cənubi Azərbaycandan 1000-dən artıq ziyalı Sizə müraciət qəbul edibdir ki, biz prezidentin əmrinə həmişə əməl etməyə hazırıq. Başqa bir hal baş verərsə, istənilən vaxt silahı İrana qarşı çevirməyə də hazırıq.

Cavab: Bilirsinizmi, hesab edirəm ki, onların bu təşəbbüsünə indi bizim heç bir ehtiyacımız yoxdur. Çünki biz heç vaxt İran ilə Azərbaycan arasındakı münasibətlərin kəskinləşməsinə yol vermək istəmirik. Orada, İranın vilayətlərində onlar 1000 nəfər, 2000 nəfər, 3000 nəfər - deyirlər ki, orada 30 milyona qədər azərbaycanlı yaşayır - onlar İran vətəndaşlarıdırlar. Mən bir neçə dəfə demişəm və bu gün də bir də bəyan edirəm ki, biz hər bir ölkənin ərazi bütövlüyünü tanıyırıq, heç bir ölkənin daxili işlərinə qarışmırıq və qarışmayacağıq və bizim ölkəmizin də daxili işlərinə qarışmasına heç kəsə yol verməyəcəyik. Ona görə də o müraciətlər hansısa insanların hissiyyatıdır, amma bu yollara getmək fikrimiz yoxdur. Çünki, yenə də deyirəm, biz hər bir zorakılığın əleyhinəyik. Zorakılığın əleyhinə olduğumuz halda, biz hansısa xırda hadisədən ötrü nəsə iğtişaş yaratmalıyıqmı? Bu lazım deyildir.

Sual: Cənab Prezident, bu hadisələrdən sonra Siz avqust ayında İrana səfər edəcəksinizmi?

Cavab: Edəcəyəm.

Sual: Cənab Prezident, onların antiazərbaycan təbliğatını necə qiymətləndirirsiniz? İran televiziyasının \"Səhər\" proqramı hər gün Azərbaycan əleyhinə məlumatlar verir. Hətta deyirlər ki, Xəzərdə baş verən hadisələri guya Azərbaycan edibdir. Onlar yalan məlumatlar verirlər.

Cavab: Elə siz də Azərbaycan əleyhinə yalan məlumatlar verirsiniz də. Siz burada, içərimizdəsiniz, necə deyərlər, bu hakimiyyətin 8 ildə yaratdığı şəraitdən istifadə edirsiniz. Gənc oğlansan, yəqin ki, 8 il bundan qabaq sən uşaq idin…

Jurnalist: Onda mənim 20 yaşım var idi.

Heydər Əliyev: 20 yaşın vardı. Allah səni 100 yaşa çatdırsın. Yaratdığımız bu şəraitdən, sabitlikdən istifadə edirsiniz, silahlı dəstələrdən xilas olmusunuz, Azərbaycan inkişaf edir. Belə olan halda, sən, o birisi, bu birisi hər gün qəzetlərdə, yaxud elə sizin televiziyada, başqa televiziyalarda Azərbaycandakı vəziyyəti tamamilə tərsinə verməklə Azərbaycana xidmət edirsinizmi? İndi bizim içərimizdə belə hallar olanda, İranda bu, beş dəfə artıq ola bilər. Sizə onu deyə bilərəm ki, mənə məlumdur, indi artıq xaricdə, xüsusən erməni lobbisinin apardığı bu təbliğatda Azərbaycanın daxilində müxalifət qəzetlərinin gündə dərc etdiyi yalanlar, iftiralar, uydurmalar və şərlərdən istifadə olunur. Onları götürürlər və bildirirlər ki, \"Azərbaycanın filan qəzetində belə yazılıbdır, görürsünüzmü, özləri belə yazırlar\", \"filan qəzetdə belə yazılıbdır, özləri belə yazırlar\". Ona görə də mən buna heç fikir vermirəm, çünki Azərbaycanda yaşayanlar mənə bundan çox ediblər.

Sual: Cənab Prezident, Türkmənistanın bəyanatlarını necə qiymətləndirirsiniz?

Cavab: Türkmənistan özü də beynəlxalq hüquq normalarına - beynəlxalq dəniz hüququ var - əsaslanmayan və həmin normalara sığmayan iddialar edir. Bu barədə biz onlarla bir neçə dəfə danışıqlar aparmışıq və bundan sonra da aparacağıq. Buna hazırıq. İndi nota veribsə, veribdir də.

Sual: Cənab Prezident, biz də Sizi həm ölkənin prezidenti, həm də Azərbaycanın vətəndaŞı kimi, latın qrafikasına keçilməsi münasibətilə təbrik edirik. Amma bəzi problemlər olacaqdır. Külli miqdarda vəsait lazımdır. Deyək ki, xarici dillərdə olan filmlərin tərcüməsinə… Bu problem necə həll olunacaqdır?

Cavab: Siz də, Azərbaycan televiziyası da, bütün televiziyalar da bizim televiziya kanallarını rusdilli seriallarla doldurmusunuz. Hətta cizgi filmlərini də rus dilində verirsiniz. Yaxşı, biz öz ölkəmizdə Azərbaycan dilini hər yerdə tətbiq etmək istəyirik. Mənim fərmanımın bir hissəsi əlifbadan, bir hissəsi isə bundan ibarətdir. Amma hansı kanalı açırsansa - mən təkcə sizi demirəm, dövlət televiziyası da, sizin özəl kanallarınız da - iki-üç saat serial verir, hamısı da rus dilində. Mən başa düşmürəm, o serialın nə əhəmiyyəti var? Hamısı cəfəngiyat, uydurma, filan… Siz bilməzsiniz, keçmişdə \"Məlikməmməd nağılı\" vardı. Onu 40 gün ərzində hər gün uşaqlara danışırdılar. Bu seriallar \"Məlikməmməd nağılı\" kimi bir şeydir. Uydurma şeylərdir. Uydururlar, pul qazanırlar.

İndi əgər bunu Azərbaycan dilində versəniz, yenə deyərdim ki, bəli, indi insanlar bundan da bir həzz alarlar. Yaxud, siz özəl şirkətsiniz, tərcümə edin, verin. Sizə kim mane olur? Mən elə sənin bu sualından istifadə edərək buna öz münasibətimi bildirirəm. Bundan mən narazıyam. Azərbaycan televiziyaları hansı ölkədə hansı filmi görürlərsə, onu ancaq Azərbaycan dilində verməlidirlər. Bir də düşünməlidirlər ki, hansı filmi vermək lazımdır, hansını yox. Bir tərəfdən, biz istəyirik ki, verilişlərimizi milliləşdirək, bir tərəfdən də, sən məcbur edirsən ki, adamlar iki saat oturub rus dilindəki o seriala baxsınlar. Serialda da ki, xoşagələn bir şey yoxdur. Heç başa düşmürsən ki, nədir - qızlar məni bağışlasın - amma biri orda öpüşür, biri burda qucaqlaşır. Mən belə filmlərə baxmıram. Amma hərdən bir kanalları yoxlayıram: siz nə verirsiniz, onlar nə verirlər, Azərbaycan televiziyası rast gəlir, bir dəqiqə ona baxıram.

Sual: Cənab Prezident, Siz Köçəryanla görüşəcəksinizmi?

Cavab: Yəqin ki, görüşəcəyəm.

Sual: Soçi görüŞündə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı müzakirələr aparılacaqmı? İlham Əliyev Avropa Şurasında məsələ qaldırmıŞdı ki, Dağlıq Qarabağda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi həyata keçirilir. Bu məsələni müzakirəyə təqdim edəcəksinizmi?

Cavab: Ola bilər ki, bu məsələ orada müzakirə edilsin. Təbiidir ki, bu barədə biz də öz fikirlərimizi, o cümlədən Avropa Şurasında İlham Əliyevin qaldırdığı məsələni orada səsləndirəcəyik.

Sual: Cənab Prezident, Xəzərin statusu barədə orada danıŞıqlar olacaqmı?

Cavab: İndi danışıqlar ola bilməz. Xəzərin statusu barədə yəqin ki, sonra danışıqlar olacaqdır.

Sual: Cənab Prezident, latın qrafikasına keçdikdən sonra ad və familiyaların dəyiŞiləcəyi gözlənilirmi?

Cavab: Bu hər bir adamın öz işidir. Sizin Türkiyədə də familiyalar var ki, heç başa düşmək olmur, bunu hardan götürübdür. Nə bilim, filankəs Kəpəzoğlu. Bu, adamların öz işləridir. İndi familiyaları dəyişmək nəyə lazımdır? Kim istəyir, o dəyişir. Onsuz da indi biri olubdur nə bilim daş, o biri olubdur qaya… İndi kim istəyirsə, özünə çinar, ağac, nə bilim, çay, bağ, dəvə - nə istəyir götürsün. Söhbətimizi qurtaraq. Sağ olun.