Hörmətli konqres iştirakçıları!
Sizi - \"III minillik. Əsrin yekunları. Gələcəyə baxış\" beynəlxalq konqresinin bütün iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Sizin xoşməramlı toplantınız bəşəriyyətin həyatında əlamətdar tarixi anların yaşandığı bir dövrə təsadüf edir. Bu günlər müqəddəs İsa peyğəmbərin mövludunun iki min illiyi böyük təntənə ilə qeyd olunur. Möhtəşəm tarixi, ictimai-siyasi hadisələrlə dolu XX əsr başa çatır, dünyamız böyük həyəcan və ümidlərlə III minilliyə qədəm qoyur.
Əsrlərin, minilliklərin belə bir tarixi qovuşuq məqamında II minilliyin yekunlarını və yeni minillikdə dünyamızın inkişaf perspektivlərini müzakirə etmək məqsədi ilə dünya şöhrətli alimlərin, görkəmli elm, mədəniyyət xadimlərinin, siyasət və iş adamlarının bir araya gəlməsini yüksək qiymətləndirir, xeyirxah məram və məqsədlərinizi ürəkdən dəstəkləyirəm. Ümidvaram ki, Konqresdə konstruktiv müzakirələr aparılaraq dünyamızın dünəni, bu günü və gələcəyi barədə obyektiv elmi nəticələr əldə ediləcəkdir.
Əziz dostlar! Dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən olan Azərbaycan artıq doqquzuncu ildir ki, xalqımızın sarsılmaz və iradəsi sayəsində öz tarixi haqqına - milli müstəqilliyinə olmuşdıır. Dünya Birliyinin tam və bərabər hüquqlu üzvü olan suveren Azərbaycan Respublikası müstəqil daxili və xarici siyasət xətti yeridərək sivilizasiyalı beynəlxalq aləmlə inteqrasiya istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Demokratik dövlət quruculuğu prosesi, hüquqi islahatlar ardıcıl və dönməz xarakter almışdır. Azərbaycanın mühüm geostrateji mövqeyi, zəngin yeraltı-yerüstü sərvətləri, tarixi böyük İpək yolunun Şərqi Qərblə qovuşduran strateji məntəqəsi olması barədə, güman edirəm ki, sizlərin kifayət qədər məlumatınız vardır. Bu gün dünyanın bir çox aparıcı dövlətləri, nüfuzlu şirkət və iqtisadi qurumları Azərbaycan Respublikasında neft sənayesinə və digər sahələrə böyük investisiyalar qoymaqla perspektivli iqtisadi proqramlar həyata keçirməkdədirlər.
Biz beynəlxalq hüquqi dəyərlərin ölkəmizdə bərqərar olması və dünya dövlətləri ilə qarşılıqlı işgüzar əlaqələrin, bərabər hüquqlu siyasi, iqtisadi, mədəni, elmi-texniki əməkdaşlığın inkişafı istiqamətində ardıcıl iş aparırıq. Respublikada hökm sürən ictimai-siyasi sabitlik, xalqımıza xas olan yüksək qonaqpərvarlik və işgüzarlıq bu işin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Müstəqil, demokratik Azərbaycan Respublikası mütərəqqi dünyaya açıq bir ölkədir və mən sizing hər birinizi öz ölkəmdə salamlamaqdan məmnun olardım.
Azərbaycanda ənənəvi dünya dinlərinin, o cümlədən xristianlığın kökü çox-çox qədimlərə gedib çıxır. Burada aparıcı konfessiyalar, müsəlman məscidləri, yəhudi sinaqoqları, xristian kilsələri əsrlərlə əmin-amanlıq şəraitində fəaliyyət göstərərək insanlar arasında dostluq, qardaşlıq münasibətlərinin, şəfqət və mərhəmət hisslərinin bərqərar olmasında gərəkli rol oynamışlar.
Demokratik, dünyəvi respublikamız bu gün də öz mütərəqqi tarixi ənənələrinə sadiqdir.
Mən sizi əlamətdar tarixi bayram - İsa peyğəmbərin mövludunun iki minilliyi münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayır, xeyirxah məramla toplaşdığınız beynəlxalq konqresinizin işinə böyük uğurlar diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.