Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə müsahibəsi - 22 fevral 1994-cü il

Hörmətli prezident, Böyük Britaniyaya səfərinizin gedişində bir sıra sənədlər imzalanması nəzərdə tutulmuşdur. Səfər zamanı Siz bu ölkənin rəsmi şəxsləri, işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəksiniz. Böyük Britaniya ilə qarşılıqlı iqtisadi əlaqələr Azərbaycanın iqtisadiyyatına nə kimi təsir göstərəcəkdir?

- Əvvəla onu deyim ki, Azərbaycan prezidentinin İngiltərəyə səfəri respublikamızla Böyük Britaniya arasında əlaqələrin yaranması və inkişaf etdirilməsi məqsədi daşıyır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra Böyük Britaniya kimi nüfuzlu və böyük bir ölkə ilə dövlətlərarası əlaqələr yarada bilməmişdir. İngiltərənin səfiri Azərbaycana bir neçə ay olar ki, gəlmişdir. Bizim səfirimiz isə Londona yalnız bu yaxın günlərdə getmişdir. Deməli, diplomatik əlaqələr yenicə yaradılır. O ki qaldı dövlətlər arasında geniş əlaqələrə, ən əvvəl siyasi və iqtisadi əlaqələrə, habelə elmi, mədəni əlaqələrə, gənc bir dövlət kimi Azərbaycan Respublikasının bütün bunlara çox böyük ehtiyacı var.

Bildiyiniz kimi, İngiltərə dünyanın böyük dövlətlərindəndir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən, dünyanın ən inkişaf etmiş yeddi ölkəsindən biridir. İngiltərə həm keçmiş tarixinə, həm də bugünkü mövqeyinə görə dünya siyasətinə və iqtisadiyyatına çox güclü təsir göstərən bir ölkədir. Ona görə də Azərbaycan Respublikası ilə İngiltərə arasında sıx əlaqələr yaranması ilk növbədə bizim ölkəmizin milli mənafeyi üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda bizə məlumdur ki, İngiltərə də Azərbaycana çox maraq göstərir, Azərbaycanla iqtisadi əlaqələr yaratmaq istəyir. Ümumiyyətlə, İngiltərənin Qafqaza, o cümlədən Azərbaycana tarixən marağı məlumdur. İndiki mərhələdə, yəni XX əsrin sonunda, İngiltərə Azərbaycanla yeni bir keyfiyyətdə iqtisadi əlaqələr qurmaq istəyir. Bu sahədə müəyyən işlər, daha doğrusu, hazırlıq işləri görülübdür. İndi bunların hamısını orada tamamlamaq lazımdır.

Bilirsiniz ki, mənim İngiltərəyə səfərim rəsmi xarakter daşıyır, yəni rəsmi dövlət səfəridir və bu barədə dəvət İngiltərənin baş naziri cənab Con Meycordan alınmışdır. Elə bu günlərdə mən cənab Meycordan məktub aldım. Baş nazir yazır ki, o, bizim bu görüşümüzü gözləyir və qarşıdakı səfər zamanı həm İngiltərə, həm də Azərbaycan üçün səmərəli nəticələr əldə edəcəyinə ümid bəsləyir. Ona görə də mən bu səfərə çox böyük əhəmiyyət verirəm və güman edirəm ki, İngiltərənin rəhbərləri də bu fikirdədirlər. Orada proqram artıq məlumdur. Con Meycor ilə danışıqlar aparacaq, həm onunla, həm də digər yüksək vəzifəli şəxslərlə bir neçə müqavilə imzalayacağıq. İngiltərə parlamentində, digər dövlət dairələrində görüşlər olacaqdır. Şübhəsiz ki, bunların hamısı gənc respublikamız üçün, onun xarici siyasəti üçün və dünyada öz mövqeyini möhkəmləndirməsi üçün olduqca lüzumlu məsələlərdir və mən də İngiltərəyə bu məsələlərin həll edilməsi üçün gedirəm.

\"Azərbaycan\" qəzeti, 23 fevral 1994-cü il