Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vətənə yola düşməzdən əvvəl Lahor Hava Limanında Pakistan jurnalistlərinə müsahibəsi - 11 aprel 1996-cı il

Suаl: Cənab prezident, xahiş edirik səfər barədə təəssüratlarınızı bizimlə bölüşəsiniz.

Сavab: Mən Pakistana prezident Fərrux Əhməd xan Leqarinin dəvəti ilə rəsmi səfərə gəlmişəm. Üçüncü gündür ki, Pakistan torpağındayam, bir neçə dəqiqədən sonra Vətənimə yola düşürəm. Mən bu səfərdən çox məmnunam. Pakistan prezidenti Fərrux Əhməd xan Leqari ilə, baş nazir, hörmətli xanım Bənəzir Bhutto ilə, digər dövlət və hökumət rəhbərləri ilə, Pəncab əyalətinin rəhbərləri ilə bizim çox səmərəli, işgüzar, əhəmiyyətli danışıqlarımız olmuşdur.

Dünən Pakistanın baş naziri, hörmətli xanım Bənəzir Bhutto ilə apardığımız danışıqlar nəticəsində Pakistan ilə Azərbaycan arasında bir çox əhəmiyyətli müqavilələr, sazişlər imzalandı. İmzalanmış sənədlər Pakistan-Azərbaycan münasibətlərinin, iqtisadi və bütün başqa sahələrdə əlaqələrin sürətlə inkişaf etməsi üçün çox gözəl yollar açır.

Bu danışıqlar, görüşlər, imzalanmış sənədlər, Pakistanın bugünkü həyatı ilə, İslamabad, qədim Lahor şəhərləri ilə və Lahorun qədim memarlıq və dini abidələri ilə tanışlıq mənə çox böyük təsir göstərdi. Mən bu günlər bir daha hiss etdim kı, Azərbaycan və Pakistan xalqları bir-birinə çox yaxın, dost və doğma xalqlardır. Bizim adətənənələrimiz, Azərbaycan dılı ilə urdu dili bir-birinə çox oxşayır.

Güman edirəm ki, mən danışarkən siz bəzi Azərbaycan sözlərini anlayırsınız. Tarixi abidələrimiz də bir-birinə çox oxşayır. Bizi ən çox birləşdirən həm Pakistanın, həm də Azərbaycanın İslam dininə mənsub olmasıdır.

Bu səfər zamanı mən belə gözəl təəssüratlar əldə etmişəm. Ölkənizdə olduğumuz günlərdə biz pakistanlı qardaşlarımızın, bacılarımızın böyük qonaqpərvərliyini hiss etdik. Bu qonaqpərvərliyə və səfərimin müvəffəqiyyətlə başa çatmasına görə mən Pakistanın rəhbərlərinə - prezident, hörmətli cənab Fərrux xan Leqariyə, baş nazir, hörmətli xanım Bənəzir Bhuttoya, Pəncab əyalətinin valisinə, Pəncabın baş nazirinə, səfərdə məni daim müşayiət edən Pakistanın informasiya nazirinə və bütün başqa pakistanlılara öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.