Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Kalmıkiya Prezidenti Kirsan İlyumjinovun Bakı səfəri zamanı Azərbaycan ilə Kalmikiya arasında əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Kalmıkiya televiziyasının müxbirinə müsahibəsi - 20 fevral 1996-cı il

Sual: Siz Azərbaycan ilə birbaşa əlaqələr yaradılması barədə Rusiya Federasiyası subyektlərinin təşəbbüsünə necə baxırsınız?

Cavab: Bütövlükdə Rusiya Federasiyası ilə əlaqələrin genişləndirilməsi sahəsində atdığımız və təbii olaraq, müvafiq sənədlərdə əksini tapan addımlarla yanaşı, biz Rusiya Federasiyasının subyektləri ilə birbaşa münasibətlər yaradılmasını da məqsədəuyğun sayırıq. Yeri gəlmişkən, bu, əsasən federasiya subyektlərinin öz təşəbbüsü ilə edilir. Bunun üçün onlar müvafiq hüquqlara və statusa malikdirlər. Biz bu cür təşəbbüsü dəstəkləyir və bəyənirik, əlaqələr yaradırıq. Bu gün Kalmıkiya ilə Azərbaycan arasında saziş imzalandı. Düşünürəm ki, bundan sonra da belə olacaqdır.

Sual: Cənab Əliyev, yəqin ki, bu cür müqavilələr bütün Şimali Qafqazda, ümumiyyətlə Qafqazda dostluğun, mehriban qonşuluğun möhkəmlənməsinə kömək edir. Üstəlik, Qafqazda vəziyyət çox mürəkkəbdir. Necə bilirsiniz, bu cür əlaqələr xalqlar arasında iqtisadi vasitələri, mehriban qonşuluğu və dostluğu nə dərəcədə real surətdə möhkəmləndirir?

Cavab: Şübhə yoxdur ki, belə müqavilələr bu əlaqələri möhkəmləndirir. Lakin iqtisadi əməkdaşlıq dostluq, səmimi münasibətlər üçün yaxşı zəmindir, xüsusən də indi, ölkələrimiz çox mürəkkəb keçid dövrünü yaşadığı, bir çox sahələrdə isə böhran halları olduğu dövrdə. Buna görə də əminəm ki, Azərbaycan ilə Rusiya Federasiyasının subyektləri arasında sazişlər imzalanması ölkələrimizin xalqları arasında dostluğu möhkəmlətmək, bütövlükdə Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluğu və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı vasitədir.

Sual: Siz millətlərarası münasibətlər baxımından Qafqazda gələcəyi necə təsəvvür edirsiniz?

Cavab: Gələcək dinc, firavan olmalıdır. Biz hamımız sülh istəyirik. Heç kəs münaqişə, qan tökülməsini, müharibə istəmir. Əgər indi qarşıdurma vəziyyəti yaradan toqquşmalara, hərbi əməliyyatlara gətirib çıxaran müəyyən qüvvələr varsa, zənnimcə, bu qüvvələr yox olacaqdır, hər halda bəşəriyyət sülh və əmin-amanlıq şəraitində yaşamalıdır. Ümidvaram ki, Qafqazda da sülh və əmin-amanlıq olacaqdır.

Bu fürsətdən istifadə edərək, xahiş edirəm, Kalmıkiyanın bütün sakinlərinə, onun bütün vətəndaşlarına milli bayram yeni il münasibətilə ən xoş və səmimi təbriklərimi yetirəsiniz.