Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Eldar Quliyevə təbriki - Bakı şəhəri, 17 yanvar 2001-ci il

Hörmətli Eldar Quliyev!

Sizi - Azərbaycan kino sənətinin görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz 60-cı illərdə Azərbaycan kinosuna yeni ab-hava gətirmiş sənətkarlardansınız. Öz bədii dəyəri və vətəndaşlıq mövqeyi ilə seçilən ilk işiniz – \"Bir cənub şəhərində\" filmi kinomuza yeni tipli istedadlı bir rejissorun gəlməsindən xəbər verdi. Sonralar yaratdığınız onlarca ekran əsəri milli kino tariximizdə böyük iz buraxmış, Azərbaycan kinematoqrafiyasının şöhrətini artırmışdır. Cəmiyyətin diqqətini mənəviyyat problemlərinə cəlb etmək, onların həlli yollarını araşdırmaq yaradıcılığınızın başlıca istiqamətini təşkil edir. Cəmiyyətdə saf mənəvi dəyərlərin bərqərar olunması işinə xidmət edən filmləriniz ölkəmizdə kino həvəskarlarının dərin rəğbət və məhəbbətini qazanmışdır. Böyük tarixi şəxsiyyətlərimizin obrazlarını yüksək ustalıqla canlandırdığınız \"Babək\" və \"Nizami\" filmləri xalqımızın zəngin tarixi keçmişinə bəslədiyiniz dərin ehtiramın gözəl ifadəsidir.

Yaradıcılığınızla yanaşı, geniş ictimai və pedaqoji fəaliyyətiniz də təqdirəlayiqdir. Kinematoqrafiyaçılar İttifaqının katibi, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi kimi, siz ölkəmizdə rejissorluq məktəbinin inkişaf etdirilməsi və bunun üçün gənc kadrlar hazırlanması işində əlinizdən gələni edirsiniz.

Siz yaradıcılığınızın ən yetkin dövrünün doğma Azər-baycanımızın əldə etdiyi müstəqillik illərinə təsadüf etdiyi xoşbəxt sənətkarlardansınız. İnanıram ki, yeni ekran əsərlərinizlə kino həvəskarlarını bundan sonra da sevindirəcək, böyük istedadınızı və zəngin təcrübənizi müstəqil Azərbay-canın mədəniyyətinin daha da inkişafı işinə sərf edəcəksiniz. Sizə cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları ar-zulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.