\"Torpaq islahatı haqqında\" Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə həsr edilmiş iclasda giriş sözü- Prezident Sarayı 12 iyul 1996-cı il

Hörmətli komissiya üzvləri, mətbuat nümayəndələri!

Bu gün respublikada iqtisadi islahatların həyata keçirilməsi prosesində çox mühüm bir mərhələyə gəlib çatmışıq. Torpaq islahatının aparılması üçün qanun layihəsi artıq işlənib hazırlanıb. Buna görə də mən bu gün vaxtilə aqrar islahatların aparılması üçün yaradılmış iki komissiyanın birgə iclasını çağırmışam, yəni həmin iki komissiyanın üzvlərini buraya dəvət etmişəm. Gündəlikdə duran məsələ hazırlanmış qanun layihəsinin müzakirə edilməsidir. Bu məsələnin çox böyük əhəmiyyəti olduğuna görə bizim bugünkü toplantıya, komissiyaların iclasına mətbuat nümayəndələrini də dəvət etmişəm.

Bildiyiniz kimi, respublikanın aqrar sektorunda islahatların aparılması haqqında biz 1993-cü ilin ikinci yarısından ciddi addımlar atmağa başlamışıq və bu məsələ daim bizim diqqətimizdə olubdur, bununla əlaqədar bir çox tədbirlər həyata keçirmişik. İqtisadi islahatların, xüsusən aqrar sahədə islahatların bir tərəfdən mürəkkəb, ikinci tərəfdən çox məsuliyyətli olduğunu nəzərə alaraq biz ardıcıl iş ilə bərabər, dünya təcrübəsini və xüsusən keçid dövründə yaşayan ölkələrin təcrübəsini də öyrənməyə çalışmışıq. Bu islahatları səriştəli aparmaq üçün biz bir neçə eksperimentlər də keçirmişik. Bu islahatların aparılması ilə əlaqədar qanunların hazırlanması üçün vaxtilə komissiyalar yaratmışıq. Uzun müddət aparılan iş nəticəsində 1994-cü ilin dekabrında Arif  Rəhimzadənin sədrliyi altında komissiya yaradılıbdır. Bildiyiniz kimi, bu komissiyanın bir il müddətində apardığı işin nəticəsində aqrar sektorda islahatlar və kolxozların, sovxozların islahatı haqqında iki qanun layihəsi hazırlanmışdır. Biz həmin qanun layihələrini vaxtilə ətraflı müzakirə etdik. Mən onları təqdim etdikdən sonra bu layihələr Milli Məclisdə müzakirə edildi və qəbul olundu.

Bu qanunların həyata keçirilməsi üçün 1995-ci ilin martında Abbas Abbasovun sədrliyi altında yeni bir komissiya yaradıldı. Bu komissiya həmin iki qanunun həyata keçirilməsini təmin etmək, eyni zamanda bu iqtisadi islahatların daha da dərinləşdirilməsi, həm də yeni qanunun hazırlanması işində iştirak etmək üçün yaranmışdır. Hər iki qanun qəbul edildikdən sonra onların həyata keçirilməsi ilə əlaqədar aparılan işlər nəticəsində biz belə bir fikrə gəldik ki, əgər torpaq islahatı haqqında qanun olmasa bu qanunların həyata keçirilməsi müvəffəqiyyətli olmayacaq. Ona görə də biz torpaq islahatı haqqında qanun layihəsinin hazırlanması işi ilə ciddi məşğul oluruq.

Məlumdur ki, torpaq islahatı haqqında qanun sadə bir qanun deyil. Bu, çox mürəkkəb, demək olar ki, respublikanın iqtisadiyyatının böyük bir sahəsini əhatə edən bir məsələdir. Odur ki, bu qanun layihəsinin hazırlanması çox ciddi münasibət tələb edir.

Bu müddətdə - 1994, 1995, 1996-cı illərdə kənd təsərrüfatına həsr olunmuş müşavirələrdə, toplantılarda, iclaslarda biz həmin islahatların həyata keçirilməsi ilə əlaqədar məsələləri daim müzakirə etmişik. Nəhayət, torpaq islahatı ilə əlaqədar qanunun layihəsi hazır olubdur. İyunun 24-də mən bu iki komissiyanın birgə iclasını keçirdim və təqdim olunmuş qanun layihəsi müzakirə edildi. Müzakirə zamanı bir neçə çox prinsipial məsələlər diqqət mərkəzində oldu. Bu məsələlər barədə müxtəlif fikirlər var idi. Ona görə də bir daha düşünmək, vəziyyəti təhlil etmək və cəsarətli qərarlar qəbul etmək lazımdır.

Xatirinizdədir ki, iyunun 24-də keçirilən iclasda hər iki komissiya - Arif Rəhimzadənin və Abbas Abbasovun başçılıq etdiyi komissiyalar mənim tapşırığımla layihə hazırlayıb təqdim etmişdilər. О vaxt mən tapşırıq verdim ki, birincisi, bu layihələr birləşdirilsin, hər bir layihədə olan əhəmiyyətli müddəalar vahid bir layihədə əks etdirilsin. Müxtəlif fikir doğuran, qəbul olunması bəzən çətinlik doğuran məsələlər haqqında da mən öz göstərişlərimi verdim. О vaxt biz qərara gəldik ki, bu layihə iyulun 5-də mənə təqdim ediləcək və biz də bundan sonra bu layihəyə baxacağıq. Layihə təqdim edildi, iyulun 10-da mən demək olar ki, bütün günümü bu layihə üzərində işə həsr etdim. Biz komissiyanın rəhbərləri və digər şəxslərlə bu layihəni başdan-ayağa bir daha təhlil etdik, mən əlavə göstərişlər verdim. Bu göstərişlər nəticəsində layihə hazırlanıb. Dünən göstəriş vermişəm ki, layihə komissiyanın üzvlərinə paylansın. Mənə dedilər ki, paylanıbdır, biz bugünkü müzakirəmizi bu layihə üzərində aparaq.

Hesab edirəm ki, Arif Rəhimzadə bu layihə haqqında, ümumiyyətlə, bu layihənin hazırlanması prosesi haqqında məlumat versin və bundan sonra müzakirəyə başlayaq.

Yekun nitqi

Bu gün biz həqiqətən çox tarixi bir addım atırıq. Azərbaycanda köklü surətdə torpaq islahatı aparmaq üçün indiyədək gördüyümüz işləri yekunlaşdırırıq və qanun layihəsinin son variantını müzakirə edib, onun Milli Məclisdə qəbul olunmasından ötrü qərar çıxarırıq.

Bu, tarixi hadisədir. Çünki son illərdə Sovet İttifaqı dağılandan sonra onun yerində yaranmış müstəqil dövlətlər müxtəlif yollarla iqtisadi islahatlar aparırlar. Əlbəttə, bu islahatlar həyatın zərurətindən irəli gəlir, öna görə ki, indi bütün ölkələr, daha doğrusu, keçmiş Sovet respublikaları, о cümlədən də Azərbaycan sosialist iqtisadi quruluşundan, sosialist sistemindən yeni iqtisadi-siyasi sistemə keçir və bu keçid də əsla asan deyildir. Ona görə də bu illər axtarış illəridir və ayrı-ayrı ölkələrdə, ayrı-ауrı respublikalarda müxtəlif yollarla islahatlar aparılır.

Hesab edirəm ki, islahatların ən mürəkkəb sahəsi aqrar sektordur. Bəllidir ki, Sovet İttifaqının dağılması nəticəsində dövlətlər müstəqillik əldə etdikdən sonra beş ildir aqrar sektorda islahatlar aparılması yolunda axtarışlar gedir, təcrübə toplanır, müəyyən tədbirlər görülür. Ancaq hələlik ki, köklü tədbirlər heç də hər yerdə görülmür. 

Bilirsiniz ki, biz bu məsələyə 1993-cü ilin axırlarından başlamışıq. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə bu sahədə lazimi işlər görülməmişdi. 93-cü ilin sonundan biz bu işlərlə bilavasitə məşğul olmağa başladıq. Lakin 94-cü ili yadınıza salsanız görərsiniz ki, həmin il həm Azərbaycanın müdafiəsi ilə, Ermənistanın təcavüzünün qarşısının alınması ilə çox məşğul idik, həm də respublikanın daxilində vəziyyət sabit və normal deyildi. 93-cü ilin may və iyun aylarında başlamış vətəndaş müharibəsi, daxili toqquşma və çəkişmələr hələ dayandırılmamışdı. 94-cü ildə bunların hamısı cürbəcür şəkildə özünü büruzə verirdi. Şübhəsiz ki, bunlar da iqtisadiyyat sahəsində lazımi tədbirlər görülməsinə maneçilik törədirdi. 

Digər tərəfdən, cəmiyyətimizdə də, dövlət orqanlarında da bu barədə yekdil fikir yox idi. Bəzi qüvvələr, hesab edirdilər ki, islahatlar aparılmamalıdır. Bəziləri də Azərbaycan torpaqlarının işğal olunması problemini öz məqsədləri naminə ortaya ataraq fikirlərini əsaslandırmağa çalışırdılar ki, guya belə bir vəziyyətdə islahatlar aparmaq olmaz, torpaq islahatı aparmaq olmaz, respublika əhalisinin bir qismi öz yerindən-yurdundan olubdur, qaçqındır və onların da halını nəzərə almaq lazımdır. Şübhəsiz ki, onların da vəziyyətini nəzərə almalıyıq. Ancaq həmin fikirləri söyləyən adamlar heç də nə qaçqınlar haqqında düşünürdülər, nə də işğal olunmuş torpaqlar haqqında. Onların hər biri öz şəxsi mənafelərini, öz şəxsi məqsədlərini güdərək respublikanın bu vəziyyətdən çıxmasına mane olurdu. 

Ona görə də 94-cü ildə biz bu sahədə çox cəhdlər göstərdik. Amma bu islahatların güclü surətdə aparılmasına bütün şəraiti yarada bilmədik. Bir tərəfdən də həm daxildə fikir müxtəlifliyi, həm də başqa ölkələrin, xüsusən keçmiş Sovet İttifaqına mənsub olmuş indiki müstəqil ölkələrin təcrübəsini öyrənmək zərurəti - bütün bunlar bu məsələlərlə əlaqədar ciddi addımlar atmağı və onlara çox həssas, ehtiyatlı yanaşmağı tələb edirdi. Bu, təbiidir. Çünki əgər tarixə nəzər salsaq görərik ki, yer üzündə insanlar yarandıqları vaxtdan torpaqla məşğul olublar və torpaq da onlara mənsub olubdur. Bunun cürbəcür formaları məlumdur. Lakin torpaq şəxsi mülkiyyət olubdur. 

Bizim ərazimizdə, yəni Azərbaycan yerləşən ərazidə, keçmiş Sovet İttifaqının olduğu ərazidə 1917-ci il Oktyabr inqilabından sonra gedən proseslər 1930-cu ildə kollektivləşmə proqramının həyata keçirilməsinə gətirib çıxardı. О vaxtlar, yəni Oktyabr inqilabından sonra bizə məlum olan prinsip belə idi ki, bütün torpaqlar milliləşdirilməli, öz sahiblərinin əlindən alınmalıdır. Oktyabr inqilabının bəyan etdiyi şüarlardan biri bu idi ki, torpaq kəndliyə verilməlidir, kəndli torpağın sahibi olmalıdır. Lakin həmin şüarın həyata keçirilməsi ona gətirib çıxardı ki, torpaq onun sahiblərinin, mülkədarların əlindən alındı. Eyni zamanda torpaq kollektivləşdirildi, özü də nəinki torpaq, hətta bütün kənd təsərrüfatı vasitələri, istehsal müəssisələri kollektivləşdirildi.

1917-18-ci illərdə başlanmış olan bu proses 1930-cu ildə kollektivləşmə proqramının geniş surətdə həyata keçirilməsi ilə nəticələndi. Mən bununla onu demək istəyirəm ki, bu məsələnin çox mürəkkəb olduğu bunda da görünür. Çünki həmin Oktyabr inqilabının, sosialist inqilabının proqramını bir ilə, iki-üç ilə həyata keçirmək mümkün olmadı. Bundan ötrü illərlə vaxt lazım idi. Odur ki, illərlə iş aparıldıqdan sonra 1930-cu ildə kollektivləşmə proqramı irəli sürüldü və geniş tətbiq edilməyə başlandı. Bildiyiniz kimi, ondan sonra kollektivləşmə də bir neçə ildə həyata keçirildi və nəhayət, 1936-cı ildə, yəni ilk konstitusiya qəbul edilən zaman bəyan olundu ki, sosializm qalib gəlmiş, torpaqlar kollektivləşdirilmiş və kollektiv təsərrüfatlar yaradılmışdır. Gördüyünüz kimi, buna nə qədər vaxt sərf edilib.

Bütün bu tədbirlər asanlıqla həyata keçirilmədi. Repressiyalar aparıldı, torpaqları əldən verməyən adamlar həbs olundu, yurd-yuvalarından sürgün edildi. Bizim Azərbaycanda nə qədər adam məhz kollektivləşmə prosesinə müqavimət göstərdiyinə görə azadlıqdan məhrum edildi, həbsxanalara salındı, yerlərindən sürgün olundu. Məsələn, indi biz Orta Asiya ölkələrində olarkən, yaxud oradakı soydaşlarımız buraya gələrkən maraqlanırıq, - necə oldu ki, azərbaycanlılar Qazaxıstanda da, Özbəkistanda da, Qırğızıstanda da, Türkmənistanda da yaşayırlar? Onların böyük əksəriyyəti hələ о dövrdə repressiyalar nəticəsində və xüsusən kənd təsərrüfatının kollektivləşdirilməsi ilə əlaqədar yerlərindən kütləvi surətdə sürgün edilmiş, mal-mülkü əlindən alınmış adamlardır. Bu kollektivləşdirmə proqramı bax, belə böyük itkilərlə, böyük məhrumiyyətlərlə, cəmiyyətə, xalqımıza, millətimizə vurulan ağır zərbələrlə həyata keçirildi və kolxoz-sovxoz sistemi yaradıldı.

Bu kolxoz-sovxoz sistemi о vaxtdan indiyədək hökm sürür. Hələ indi də bizdə kənd təsərrüfatının çox hissəsi kolxoz-sovxoz sistemindədir. Elə bir dövr oldu ki, kolxoz-sovxoz sisteminin inkişaf mərhələsində, şübhəsiz, dövlət tərəfindən verilən müxtəlif dotasiyalar, kömək sayəsində Sovet İttifaqında, о cümlədən də Azərbaycanda kənd təsərrüfatı məhsulu artdı və böyük nəticələr əldə edildi.

Mən sizə deyə bilərəm ki, 1970-ci illərin sonunda - 1980-ci illərin əvvəlində kənd təsərrüfatında, onun inkişafında durğunluq yarandığı, inkişaf sürətinin zəiflədiyi, kənd təsərrüfatının daha bu yolla inkişaf etdirilməsinin mümkün olmadığı özünü aydın büruzə verirdi. Yadınızdadır, о vaxtlar Sovet hökuməti kənd təsərrüfatını canlandırmaq, inkişaf etdirmək üçün, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün bir neçə tədbir gördü, qərarlar qəbul etdi. Xatirimdədır, 1978-ci ildə ərzaq proqramı adlı böyük bir proqram qəbul olundu. Bu, sizin də yadınızdadır. Böyük tədbirlər görülür, kənd təsərrüfatının təmərküzləşdirilməsi, ixtisaslaşdırılması kimi cürbəcür metodlar tətbiq edilir, təsərrüfatlararası müəssisələr, təsərrüfatlararası təşkilatlar yaradılır, kooperasiya həyata keçirilirdi və s. Bunların hamısı mənim yadımdadır. Bütün bunlar nədən meydana gəldi? Çünki məsələn, 30-cu, 40-cı illərdə yaradılmış kolxoz və sovxozlar 50-60-cı illərdə və 70-ci illərin sonuna qədər istənilən miqdarda məhsul versələr də, sonralar gözlənilən məhsul əldə olunmadı və nəticədə məhsul artmaq əvəzinə getdikcə azalmağa başladı.

Ona görə də kənd təsərrüfatı sahəsində cürbəcür metodlara əl atılırdı. Xatirimdədir, 1982-ci ilin may ayında yeni böyük bir ərzaq proqramı qəbul edildi. Belə nəzərdə tutulmuşdu ki, bu proqram guya bir neçə ildə kənd təsərrüfatında böyük dönüş yaradacaqdır. Amma yaranmadı. Mən nəinki burada rəhbər kimi, həm də Sovet İttifaqının rəhbərlərindən biri kimi bu proseslərin içində idim. Məsələn, 1983-84-cü illərdə Sovet İttifaqını çörəklə təmin edə bilmədiyimizə görə hər il xaricdən taxıl almağa məcbur idik və taxıl almaq üçün də vəsait tapılmırdı. Yaxşı ki, о vaxtlar Sovet İttifaqında çoxlu neft çıxarılırdı və ildə 20 milyon ton neft artımı olurdu. Bu nefti də, qazı da, - о vaxtlar Qərbdə qaz yox idi, sataraq xaricdən taxıl, buğda alıb ölkəni çörəklə təmin edirdik. Yadınızdadırmı, о vaxtlar çörək çatışmamağa başladı. Əhalini çörəklə, ətlə təmin etmək üçün talonlar meydana çıxdı.

Bütün bunları ona görə yadınıza salıram ki, mən sizə və ümumiyyətlə, cəmiyyətimizə çatdırmaq istəyirəm ki, bu sistemin artıq özünü doğrulda bilməməsi 70-ci illərin sonunda -80-ci illərin əvvəlində aşkar məlum oldu. Odur ki, cürbəcür axtarışlara başlandı. Bunların hamısı yenə də sosialist iqtisadi sistemi çərçivəsində gedirdi. Amma о sistemin çərçivəsində bu axtarışlar, bu tədbirlər və eksperimentlərin əksəriyyəti heç bir nəticə vermirdi. Həmin proseslər çox ağır və çətin olduğu üçün, 30-cu illərdə yaranmış kolxoz-sovxoz quruluşuna insanların əksəriyyəti çox öyrəşdiyi üçün təkcə Azərbaycanda deyil, keçmiş Sovet respublikalarının əksəriyyətində bu islahatların aparılmasında çox çətinliklər meydana çıxdı. Bir də ona görə ki, çoxlarında belə təsəvvür, belə əhval-ruhiyyə yaranmışdı ki, bu kolxoz-sovxoz quruluşu olmasa hər şey dağılacaqdır.

Bu çətinliklər bizdə daha çox, daha ağır olubdur, ona görə ki, bir tərəfdən, respublikamız müharibə şəraitində olubdur, digər tərəfdən isə о dövrdə, yəni 91-93-cü illərdə, eləcə də 94-cü ildə Azərbaycanın daxilində gedən müxtəlif proseslər vəziyyəti gərginləşdirmişdir. Dedim ki, artıq 94-cü ildə bu islahatların aparılması üçün biz ciddi addımlar atmağa başladıq və bu islahatların həyata keçirilməsinin zəruri olduğu dəfələrlə bəyan edildi. Kənd təsərrüfatı məsələlərinə dair bir neçə böyük müşavirədə, müxtəlif səviyyələrdə keçirdiyimiz toplantılarda mən dəfələrlə bəyan etdim ki, bizim bütün iqtisadiyyatın inkişafında tutduğumuz strateji yol iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə irəlilətməkdən, iqtisadi islahatlar aparılmasından, о cümlədən də aqrar sektorda islahatlar həyata keçirilməsindən ibarətdir.

Məhz bu tədbirlərin nəticəsində biz 1994-cü ilin sonunda artıq aqrar islahatların aparılması haqqında müəyyən qanun layihələrini hazırlaya bildik. 94-cü ilin dekabr ayında mən bu qanun layihələrinin qəti şəkildə işlənib hazırlanması üçün komissiya yaratdım. Arif Rəhimzadə ona sədr təyin olundu. Əvvəllər və bu komissiya yaradıldıqdan sonra görülmüş işin nəticəsində artıq 95-ci ilin fevral ayında aqrar sektorda islahatlar aparılması haqqında iki çox mühüm qanun qəbul etdik. Bu qanunların icrası üçün, aqrar islahatların həyata keçirilməsini təşkil etmək üçün ikinci komissiya yaradıldı,  Abbas Abbasov ona sədr təyin edildi. 95-ci ildə biz aqrar sektorda islahatlar aparılması haqqında fevral ayında qəbul edilmiş iki qanunun icrası ilə, eyni zamanda torpaq islahatının daha köklü surətdə həyata keçirilməsi üçün torpaq islahatı haqqında qanun layihəsi hazırlanması ilə məşğul olduq. Bunların nəticəsində də bu gün müzakirə etdiyimiz qanun layihəsi bir neçə dəfə müzakirə olunduqdan sonra və respublikamızın bir neçə yerində müxtəlif eksperimentlər keçirildikdən sonra, о cümlədən Zaqatala, Xızı rayonlarında eksperimentlərin nəticələri təhlil edildikdən sonra belə bir qanun layihəsinin meydana çıxması vaxtı gəlib çatdı.

Son mərhələdə də bu qanun layihəsində bir neçə mübahisəli məsələ oldu. Onları həll etmək üçün biz nümayəndələrimizi Orta Asiya respublikalarına, Qazaxıstana, Moldovaya, Ukraynaya, Rusiyaya göndərdik ki, onların təcrübəsi ilə tanış olaq. Son mərhələdə mən belə fikrə gəldim ki, bizim nümayəndələr Rusiyanın Oryol, Nijni-Novqorod vilayətlərinə də getsin və onların da təcrübəsini öyrənib gətirsinlər.

Yenə deyirəm, bunların nəticəsində bir neçə məsələ mübahisəli qaldı. Ona görə ki, məsələn, keçmiş Sovet respublikalarının əksəriyyətində torpaq xüsusi mülkiyyətə verilməyib və onların belə biг fikri də yoxdur. Məsələn, Orta Asiya ölkələrində və Qazaxıstanda torpaqları uzunmüddətli icarəyə verirlər - əlli ilə və bəlkə də daha çox müddətə. Onlar həyatyanı torpaqları xüsusi mülkiyyətə veriblər. Digər keçmiş Sovet respublikalarına nisbətən Rusiya islahatlar sahəsində daha irəli getsə də, orada vilayətlərin tam əksəriyyətində aqrar sektorda kolxoz və sovxozlar indiyədək yaşayır və torpağın xüsusi mülkiyyətə verilməsi haqqında bu vaxtadək heç bir qanun yoxdur. Bildiyiniz kimi, Dövlət Duması bir neçə ay bundan öncə Torpaq Məcəlləsi haqqında qanun qəbul etdi və burada qəti şəkildə göstərdi ki, Rusiyada torpaq xüsusi mülkiyyətə verilə bilməz. О qanunun əleyhinə olaraq seçkiqabağı mübarizə zamanı Rusiya Prezidenti cənab Boris Yeltsin bir fərman verdi ki, həyətyanı torpaqlar vətəndaşların xüsusi mülkiyyətinə verilsin. Ancaq başqa bir qanun hələ yoxdur. Düzdür, həmin Тоrpаq Məcəlləsi Prezident tərəfindən qəbul olunmayıb və Federasiya Şurası onu geri qaytarıbdır. Onu demək istəyirəm ki, kənd təsərrüfatı sahəsində də böyük imkanları və nailiyyətləri, geniş torpaq sahələri olan Rusiya kimi bir ölkədə də belə qanun qəbul edilməyibdir.

Ona görə də Azərbaycanda da cürbəcür fikirlər var ki, torpağı xüsusi mülkiyyətə vermək olar, ya yox, onu bəlkə icarəyə verək? Lakin əvvəldən xəttimiz belə olub ki, əgər biz bazar iqtisadiyyatı yolu ilə gediriksə, deməli, bazar iqtisadiyyatı prinsiplərini də tətbiq etməliyik. Biz bu məsələni, nəhayət, həll etdik və bununla razı olmayanlar da, onu qəbul edə bilməyənlər də artıq bunu qəbul etdilər. Sonra məsələ qalxdı, bu da çox mübahisəli oldu; torpaq kimə verilsin? Kənddə yaşayanların hamısına, yoxsa, ancaq kolxoz və sovxozda işləyənlərə verilsin? Burada fikir ayrılığı çox böyük rol oynayır. Biz bu məsələni də müzakirə etdik və bu barədə də belə fikirə gəldik ki, kənd yerlərində yaşayanların hamısına torpaq verilsin. Bu, ədalətlidir.

Mən əvvəldən bu fikirdə idim. Bilirsinizmi, bu məsələlər barəsində şəxsən mənim müstəqil fikrim daim olub. Torpağın xüsusi mülkiyyətə verilməsi fikrində mən bu gün yox, lap əvvəldən olmuşam. Lakin eyni zamanda mən bu islahatların aparılması barədə ictimai rəyin də formalaşmasını istəyirəm.

Bilirsiniz, əgər Oktyabr inqilabından, 1920-ci ildən sonra, zorla, inqilabı yolla, repressiyalarla insanları kolxoza girməyə məcbur ediblərsə, torpaqlаrı zorla, repressiyalarla insanların əlindən alıblarsa, indi biz həmin işlərin əksinə apardığımız tədbirlərdə nə zor işlətməliyik, nə də təzyiqlər etməliyik. Biz çalışmalıyıq ki, insanlar dərk etsinlər, anlasınlar. Məsələn, 70-ci illərin sonunda Sovetlər İttifaqında aqrar sektorda yaranmış vəziyyəti, gedən prosesləri və о vaxt görülən tədbirləri yada salın. Ola bilər, adi adamlar bunu bilmirdilər, dərk etmirdilər. Amma bu işlərin içində olan adamlar, о cümlədən mən də о illərdə bilirdim ki, artıq bu sistem işləmir, biz nə isə düşünməliyik, nə isə etməliyik.

Bu gün burada Masallıdan çıxış edən, bizim komissiyanın üzvü, hesab edirəm ki, bir tərəfdən torpaqda işləyən, о biri tərəfdən də artıq bu işlərin nəticəsini görən adam kimi çox dəyərli sözlər dedi. О mənada dəyərli ki, bu şəxs torpaqdan bu cür istifadə edir, onun yollarını görür, üstünlüyünü, müsbət nəticəsini görür. Ona görə də onun çıxışı başqaları üçün, о cümlədən bizim komissiyanın üzvlərinin də bəziləri üçün bəlkə də ən təsirli çıxışdır, nəinki, məsələn, mən deyim ki, prezidentəm, mən bunu belə istəyirəm, belə də olmalıdır. Onun bu sözü mənim əmr kimi sözümdən daha da təsirlidir.

Ona görə siz də bilməlisiniz, ictimaiyyət də bilməlidir ki, bütün bu islahatların keçirilməsində kütlənin bunu qavraması, buna alışması, ictimaiyyətin buna alışması əsasdır. Yenə də deyirəm, bizim komissiyalar elə böyük tərkibdə deyil, iki komissiya bir yerdə cəmi 45 adamdır. Amma bu 45 adamın arasında məsələlərin əksəriyyəti barədə çox müxtəlif fikirlər vardır. Məsələn, ola bilərdi ki, mən öz fikrimi əvvəldən komissiyanın üzvlərinə qəbul etdirəydim və vəzifəmə, eyni zamanda mənə olan hörmətə görə onlarırı bəziləri səsini çıxarmayaydı ki, bir halda prezident belə deyib, biz nə edək, prezidentin fikri ilə razılaşmaq lazımdır. Amma mən istəmirəm belə olsun. İstəyirəm ki, hər bir kəs - komissiyanın üzvü də, başqası da bunu dərk etsin.

Təsadüfi deyil ki, mən bir neçə dəfə müraciət etdim ki, fikrinizi, sözünüzü deyin. Çıxış edənlərin əksəriyyəti mənim dəfələrlə təkidimdən sonra danışdı. Hesab edirəm ki, deyilən sözlərdə səmərəli fikirlər var. Düzdür, onlara cavab vermək, onları aydınlaşdırmaq olar, bəlkə bəzi fikirlər haqqında düşünmək lazımdır. Məsələn, Biləsuvarın icra hakimiyyətinin başçısı bir səpkidə, Masallıdan olan fermer isə ona əks səpkidə çıxış etdi. İcra hakimiyyətinin başçısı narahatdır ki, torpaq necə olacaq, onu satmağa icazə vermək olmaz, başqa adamların əlinə keçər. Yaxud bu işin üzərində nəzarət qoymaq lazımdır. Amma fermer, - hansı ki, torpaqda işləyir, xüsusiyyətçiliyi, sahibkarlığı artıq dərk edib, - deyir ki, qorxmaq lazım deyildir.

Bax, mən bunu istəyirəm, ona görə də sizə dəfələrlə dedim ki, çıxış edin. Məsələn, əgər mən Abbas Abbasovun mövqeyində olsaydım ki, hər şey aydındır, - yəqin ki, bu üsulla işləyir, başqalarının fikri ilə hesablaşmır, - mən də deyərdim ki, hər şey aydındır. Əgər səsinizi çıxarmırsınızsa, söz demirsinizsə, demək, sizin üçün aydındır. Bax, buna görə də biz bu məsələləri - kənddə torpağın hamıya verilməsi, yaxud kolxozda, sovxozda işlədilməsi məsələlərini ətraflı müzakirə etdik.

Qəbul edilən qərar da tamamilə doğrudur - hamı torpaq almalıdır. Başqa məsələdir ki, torpaqdan kim necə istifadə edəcək, - bu, ikinci məsələdir. Torpaq hamıya verilməlidir.

Layihədə son günlərə qədər bir fikir var idi, onu son günlərdə çıxardıq. Biləsuvarın icra hakimiyyəti başçısının fikrinə uyğun fikir idi, yazılmışdı ki, üç il müddətində torpağın satılmasına məhdudiyyət qoyulsun. Mən komissiya üzvlərinə dedim ki, bu məsələni müzakirə edək. Yaxşı, torpağı payladıq, torpağı aldılar, üç il də məhdudiyyət qoyduq ki, sən bunu sata bilməzsən. Nə etsin? Sata bilməyəcək, istifadə edə bilməyəcək, torpağа vergi qoyacaqlar, onu da verə bilməyəcəkdir. Nə etsin - satmağa qoymursan, istifadə də edə bilmir. Bizim torpaq islahatına bunun xeyri nədir? Axı torpaq islahatının əsas məqsədi ondan ibarətdir ki, torpağı xüsusi mülkiyyətə verib, sahibkarlıq hissi yaradıb onun məhsuldarlığını artıraq. Yenə də deyirəm, Masallının fermeri bu barədə mənə çox kömək edir, onun dediyi sözlərə dəfələrlə istinad edirəm. 

Deyək ki, biri torpağı alıb istifadə etdi. О birisi istifadə etmədi və torpaq istifadəsiz qaldısa, - məhsul gəlmədi. Tutaq ki, torpaq sahibi məhsul almadı, yaşayışını yaxşılaşdıra bilmədi, - bu, onun öz işidir. Amma axı, bu, ümumən ölkəmizə, dövlətimizə zərər vuracaqdır. Ona görə də mən qəti mövqe tutdum ki, üçillik qadağanı götürmək lazımdır. Bir halda ki, biz, torpağ veririk, о adam torpağın sahibidir, - nə cür istəyirsə, elə də istifadə etsin. Əgər istifadə edə bilmirsə, sata da bilər. Mənə belə gəlir ki, burada təhlükəli heç bir şey yoxdur.

Burada fikirlər söylənildi ki, ola bilər, sonra torpaq ayrı-ayrı adamların əlinə keçsin, filan olsun. Şübhəsiz ki, bu sözlərdə müəyyən əsas var. Ancaq bunların heç birisi apardığımız islahatların qarşısını almamalı və bizi qorxutmamalıdır.

Burada dəfələrlə deyildi, mən də bu fikirlə razıyam, onu təsdiq etmək istəyirəm ki, bu, radikal torpaq islahatı aparmaq üçün bizim layihəmizdir. Güman edirəm, bir neçə günə qəbul olunar, qanun şəklinə düşər, onun icrasına başlayarıq. Ancaq bu, bir neçə qanunun qəbul olunması üçün yol açacaqdır. Onu icra etmək üçün bir neçə başqa qanun da qəbul olunmalıdır. Şübhəsiz ki, bu qanun qəbul olunandan sonra onun icrası üçün prezident kimi mən geniş fərman verəcəyəm. Fərmanda qanunun icrası ilə əlaqədar bir çox tədbirlər nəzərdə tutulacaqdır. Ancaq əlavə qanunlar da qəbul ediləcəkdir. Eyni zamanda həmin qanunlar da bu məsələlərin hamısını tənzimləməsə, biz cürbəcür əlavələr, dəyişikliklər də edə biləcəyik. Bunlar hamısı bizim gələcək işlərimizdir. Ancaq əsası ondan ibarətdir ki, bu layihəni qanun şəklinə salaq və həyata keçirilməsi ilə məşğul olaq.

Hesab edirəm ki, bu, inqilabi, radikal bir addımdır. Biz respublikamızda bazar iqtisadiyyatından dəfələrlə danışırıq.  Bilirsiniz, bunun cürbəcür sahələrdə müxtəlif formaları var. Özəlləşdirmə haqqında  proqram qəbul etmişik, o, indi həyata keçirilir, çox ləng gedir. Dövlət Əmlak Komitəsi, onun sədri Tofiq Əzizov da, bu işlərin görülməsində bir neçə səhv buraxıb, işi ləng aparır. Ancaq bu, bir neçə sahədə mülkiyyətin özəlləşdirilməsidir. Məsələn, birinci növbədə ticarət, xidmət sahələri, sonra sənaye, istehsal sahələri, başqa sahələrdir.

Amma respublikamızda ən böyük özəlləşdirmə, mülkiyyət formasında ən böyük dəyişiklik bax, bu qanunlardır. Çünki bilirsiniz, mağazanı tikmək də, uçurmaq da olar. Benzindoldurma stansiyaları var, indi onları satırlar, ola bilər, kim isə bu gün alıb istifadə etsin, sabah əlverişli olmasa onu dağıda da, yerində yenisini qura da bilər. Amma torpağı dəyişdirmək mümkün deyildir, torpaq torpaqdır. Şübhəsiz ki, torpağı yaxşılaşdırmaq, münbitləşdirmək, ondan daha səmərəli istifadə etmək olar, amma onu başqa yerə aparmaq, dağıtmaq olmaz. Torpaq ölkənin, millətin, xalqın ən yüksək, ən qiymətli sərvətidir.

İndi biz bu torpağı xalqa paylayırıq, özü də pulsuz paylayırıq. Demək, bu demokratiya sahəsində, iqtisadi islahatların həyata keçirilməsi sahəsində bizim ən yüksək səviyyəli addımımız, tədbirimizdir. Yenə də deyirəm, ətrafımıza baxarkən, - Rusiyanın özünə, Orta Asiyaya, Ukraynaya, Belarusa baxarkən, bu məsələnin onlarda hələ nə qədər aşağı səviyyədə olduğuna baxarkən, respublikamızın ərazisinin 20 faizi işğal olunduğu halda, işğal edilmiş torpaqlardan nə qədər insanın qaçqın vəziyyətində yaşadığı halda, belə ağır şəraitdə yaşayan respublikada bu cür cəsarətli, radikal addım atmağımız onu göstərir ki, biz həqiqətən iqtisadiyyatımızı bazar iqtisadiyyatı, müasir tələblərə uyğun olan sistem prinsipləri əsasında qururuq və quracağıq.

Mən əminəm ki, bu qanun həyata keçiriləndə öz nəticələrini verəcəkdir. Ancaq gərək heç kəs özü üçün illüziya yaratmasın ki, bu dərhal öz nəticələrini verəcək, qanun qəbul ediləndən sonra hər şey dəyişəcəkdir. Birincisi, bu qanunun həyata keçirilməsi çox vaxt tələb edəcəkdir, bunu əvvəlcədən bilmək lazımdır. Heç kəs hesab etməsin ki, qanun qəbul olunandan sonra bir-iki aya hər şey öz yerini tutacaqdır, yox. Bunun həyata keçirilməsi cürbəcür müqavimətlərə, çətinliklərə, yerli təşkilatların bürokratik əngəllərinə rast gələcəkdir. Bunların hamısının mümkünlüyünü gözləmək lazımdır, bunlar hamısı olacaqdır. Biz  bunların qarşısını almaq üçün ciddi əməli tədbirlər həyata keçirəcəyik, buna hamınız əmin ola bilərsiniz.

Mən əvvəldən xəbərdarlıq edirəm, əgər qanunun işlənib hazırlanmasına bu qədər vaxt sərf etmişiksə, bu qədər səy qoymuşuqsa, bu qədər təcrübəni tədqiq edərək cəsarətli qanun qəbul olunması haqqında qərar qəbul etmişiksə, bütün vətəndaşlarımız əmin ola bilərlər ki, onun həyata keçirilməsi prosesini bundan güclü edəcəyik. Çünki ən çətini qanunun qəbul olunması dərəcəsinə gəlib çıxmaq idi. Artıq bu dərəcəyə gəlib çıxmışıq. Əgər gəlib çıxmışıqsa, nə gecikmək, nə ləngimək, nə də yerində saymaq, geriyə qayıtmaq olmaz. İrəliyə, irəliyə, irəliyə getmək lazımdır.

Yenə də deyirəm, ona görə də çox ciddi tədbirlər həyata keçirəcəyik. Amma bu, asan olmayacaq, mən bunu bilirəm, siz də bilməlisiniz. Ancaq biz istədiyimizə nail olacağıq. Bunlara baxmayaraq, - bu barədə əzmimizin, yəni iradəmizin çox aydın olmasına baxmayaraq, nəzərə almaq lazımdır ki, bu qanunun həyata keçirilməsi vaxt tələb edəcəkdir.

Bizdə özəlləşdirmə gedir, elə bunun özü də özəlləşdirmədir, aqrar sektorda özəlləşdirmədir. Ancaq başqa sahələrdə gedən özəlləşdirmənin sürətindən biz narazıyıq.

Bir neçə gün bundan öncə mən Almaniyada olarkən, Şərqi Almaniyada iqtisadiyyatda mülkiyyətin dəyişdirilməsi prosesləri ilə yaxından tanış oldum. Bizim kimi, Şərqi Almaniya da kommunist quruluşunda idi. Orada dövlət mülkiyyəti hakim idi, Sovetlər İttifaqına nisbətən kənd təsərrüfatında kooperativlər çox idi, ticarətdə, məişət xidmətində və başqa xidmətlərdə bir çox yerlərdə xüsusi mülkiyyət vardı. Hətta 70-ci illərdə Sovetlər ölkəsindən Almaniyaya, eləcə də Şərqi Avropanın başqa ölkələrinə gedən adamlar gəlib deyirdilər ki, bu nədir, onlarda indiyə qədər sosializm qurulmayıb, hələ şəxsi, xüsusi mülkiyyət var, kiminsə şəxsi mağazası, dəlləkxanası, filanı var, - о vaxt Sovetlər İttifaqında belə narazılıq vardı, - amma buna baxmayaraq, mülkiyyət əksərən dövlətin əlində idi.

Qərbi və Şərqi Almaniya birləşdikdən sonra Şərqdə mülkiyyəti dəyişmək üçün beş ildir proses gedir. Buna nə qədər xərc qoyublar. İndiyə qədər Şərqi Almaniyanın və Qərbi Almaniyanın iqtisadiyyatında, insanların həyat tərzində, maddi vəziyyətində fərq hələ aradan götürülməyibdir. Fərq çox böyükdür.

Mən Almaniyanın rəhbərlərinə sual verdim, - məsələn, federal kansler Helmut Kol ilə, prezidentlə, başqaları ilə bu barədə danışıqlarım oldu, - nə qədər xərc qoymusunuz? Dedilər ki, həddindən artıq. Almaniya çox böyük xərc qoyubdur ki, şərq hissədə iqtisadiyyatda dəyişikliklər aparsın, özəlləşdirməni həyata keçirsin və Şərqi Almaniyanın iqtisadiyyatı bazar iqtisadiyyatı sisteminə keçsin. Mən onlardan soruşdum ki, siz bu prosesi qurtardınızmı? Dedilər ki, nə danışırsınız, qurtarmamışıq, hələ görüləsi işlər çoxdur. Ona görə də mən onlarla danışanda, - deyəsən, bizim televiziya ilə vermişdilər, - dedim ki, bilirsiniz, indi Qərbi Almaniya Şərqi Almaniyanı öz himayəsinə, yedəyinə götürdü, ona görə də orada iqtisadi islahatlar aparır və Şərqi Almaniyanı öz səviyyəsinə çatdırmağa nail oldu. Ancaq biz nə edək ki, Qərbi Almaniya kimi iqtisadi cəhətdən güclü, dövlətli Qərbi Azərbaycanımız olmayıb ki, bizi - Azərbaycanı öz yedəyinə, himayəsinə alsın, öz təcrübəsini bizə bilavasitə versin ki, necə edək.

Bilirsiniz, biz öz içərimizdə əlləşib çalışırıq. Əlbəttə ki, dünyada olan hər bir təcrübədən istifadə etməyə çalışırıq, amma eyni zamanda bizim gördüyümüz işlər daxili imkanlarımızın, daxili vəsaitimizin çərçivəsindədir, bunun əsasındadır. Bunlar da çox azdır, məhduddur. Bir tərəfdən müharibənin bizə vurduğu zərbəyə görə, ikincisi, keçid dövründə istehsalımız aşağı düşdüyünə görə, üçüncü tərəfdən, respublikamız blokadaya alındığına, yollarımız kəsildiyinə görə və bir neçə başqa səbəbə görə çətinliklərimiz çoxdur.

Bunlara baxmayaraq, biz bu yolla gedirik. Mən Şərqi Almaniyada gedən prosesləri sizin yadınıza sadəcə olaraq ona görə salıram ki, heç kəsdə illüziya olmasın ki, bunlar tezliklə başa gələcəkdir. Yəni özümüzü ona hazırlamalıyıq ki, bu prosesləri irəli apardıqca nailiyyətlər əldə edəcəyık. Ancaq heç kəs düşünməsin ki, qanun qəbul olunandan bir gün, beş gün, bir ay, yarım il sonra nə isə möcüzə baş verəcəkdir. Möcüzə olacaq, amma bunları ardıcıl surətdə həyata keçirəndən sonra. Mən əminəm ki, olacaqdır.  Ancaq heç kəs dərhal möcüzə haqqında düşünməsin.

Bunu ona görə deyirəm ki, birincisi, hər şeyə real münasibət göstərilsin, hər şey real mövqedən qiymətləndirilsin və heç kəs də populizm ilə, yaxud cürbəcür illüziyalarla məşğul olmasın. Bilirsiniz, küçədə, çayxanada oturub, yaxud qəzetdə məqalə yazıb cürbəcür fikirlər söyləmək çətin deyil, indi bu, bizim ölkədə də, başqa ölkələrdə də çox asan peşəyə çevrilibdir. Mətbuat, söz azadlığı var, insanlar azaddır, bu da çox gözəl haldır, - hərə istədiyi kimi düşünür, yazır və öz fikrini istədiyi kimi yaymağa çalışır. Bu, işin bir tərəfidir. Amma əsas tərəfi bu işi necə aparmaqdır və bu işi görənlərin onu necə görmələridır. Kənardan tənqid edənlər var və olacaqdır. Ancaq işi aparmaq lazımdır. Bu iş çox çətin, ağır işdir. Eyni zamanda respublikamızın, həyatımızın gələcəyi üçün çox zəruri, lazımlı işdir və bunu görməliyik.

Mən məmnunam ki, Masallıdan olan fermer qeyd etdi ki, biz Azərbaycanın on-iyirmi-otuz il sonrakı vəziyyəti haqqında düşünürük. Bəli, bu qanunun üzərində il yarımdır işləyirik, bir gün də fasilə olmayıbdır, dünyanın bütün təcrübələrini öyrənmişik və nəhayət, bu səviyyəyə gəlib çatmışıq, - yenə deyirəm, qərar da çox cəsarətlidir, - bundan sonra bu işin nəticələrini əldə edəcəyik, bunların hamısı respublikamızın bu günü və gələcəyi haqqında fikirlərimizi əks etdirir.

Hesab edirəm ki, artıq sizin əlinizdə və mənim əlimdə olan layihə qəbul edilə bilər. Burada çıxış edənlər, məsələn, Abbas Abbasov, İbrahim Məmmədov fikirlər söylədilər, deyəsən Raqib Quliyev də bir fikir söylədi. Ağasəlim Ələsgərov da bəzi sözlər dedi, - mən belə başa düşdüm ki, onun dediklərinin bəziləri prinsipial deyil, redaktə xarakteri daşıyır. Duzdür, deyilən təkliflərə Arif Rəhimzadə, Abbas Abbasov və başqaları cavab verdilər. Amma buna baxmayaraq, biz də müzakırə etdik. Hesab edirəm ki, prinsipial nöqteyi-nəzərdən bu layihədə hər şey öz yerindədir. Bir daha bildirmək istəyirəm ki, mən şəxsən bunun hər bir kəlməsinin, sətrinin, hər bir cümləsinin üzərində işləmişəm. Ona görə də mən tam açıq-aydın, əminliklə deyirəm ki, burada hər şey yerindədir. Amma eyni zamanda hesab edirəm ki, verilən təkliflərə buradan çıxan kimi mənim iş otağımın yanında yığışın, baxın. Harada düzəliş lazımdırsa, fikrinizi mənə deyin, mən baxacağam ki, bu düzəlişi etmək olar, ya olmaz. Çünki layihə son həddə mənim əlimdən çıxmış layihə olmalıdır. Baxaq və ləngitmədən Milli Məclisə təqdim edək ki, orada qəbul olunsun və bundan sonra icrasına başlayaq.

Mən qeyd etdim ki, bu qanun qəbul olunandan sonra bir çox əməli tədbirlər bəyata keçirməliyik. Birinci növbədə qanunun icrası ilə əlaqədar mən geniş fərman imzalayacağam, onu da hazırlayırlar. Hazırlanmalıdır və о tədbirlər haqqında əlavə danışacağıq.

Beləliklə, bu qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiyaların işi bitmiş hesab olunur. Gördükləri işə görə komissiyaların üzvlərinə təşəkkür edirəm. Ancaq bununla iş qurtarmır. Mən bu komissiyaları daimi komissiyalar kimi saxlayıram və bundan sonra bu qanundan və əvvəl qəbul etdiyimiz iki qanundan irəli gələn qanunların hazırlanmasını da onlara həvalə edəcəyəm. Ona görə indiyə qədər gördüyünüz işlərə görə sağ olun. Ancaq işiniz bununla bitmir, bu qanun layihəsinin hazırlanması ilə əlaqədar iş bitir. Sağ olun.