Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Nedelya\"nın xüsusi müxbirinə müsahibəsi - 24 avqust 1994-cü il

- Heydər Əliyeviç, Azərbaycanın hüdudlarından kənarda mətbuat iqtisadiyyatın dağılması və ölkə rəhbərliyinin hərbi siyasəti ucbatından Azərbaycan xalqının narazılığı barədə tez-tez xəbərlər yayır. Respublikada indiki vəziyyəti Siz necə şərh edərdiniz? 

- Haqqında danışdığınız yazılar açıq-aydın fitnəkar xarakter daşıyır. İndi respublikada ictimai-siyasi vəziyyət sabitdir. Əlbəttə, keçid dövrü ilə əlaqədar bizim öz çətinliklərimiz də mövcuddur. Üstəlik, ölkə Ermənistanla müharibə vəziyyətindədir. Torpaqlarımızın az qala 20 faizə qədəri işğal altındadır, 1 milyonadək qaçqın ağır vəziyyətdə yaşayır.

- Ünvanınıza söylənilən digər tənqidlərlə yanaşı, Sizi müxalifəti zor gücünə dağıtmaqda, dövlətin həyatında demokratik prinsiplərin ləğv edilməsində, yüksək ixtisaslı kadrların müasiriniz olan dostlarla və Naxçıvandan olan qohumlarınızla əvəz etməkdə təqsirləndirirlər.

- Əgər Azərbaycanda 40 siyasi partiyanın mövcudluğunu (onların demək olar ki, hamısı müxalifətdədir), habelə 600 müxtəlif istiqamətli qəzet çıxmasını demokratiyanı boğmaq kimi qiymətləndirsək, onda bu ittiham ədalətlidir. Kadrların yerdəyişməsinə gəldikdə isə, məndən əvvəl məsul dövlət vəzifələrinə təyin edilmiş adamların hamısı yenə öz yerindədir. Yalnız öz vəzifələrini dondurduğunu elan edərək işdən könüllü çıxanlar istisnalıq təşkil edirlər. Başqa sözlə, onlar könüllü getdiklərini dolayısı yolla təsdiq edirlər. Belə ki, heç bir Naxçıvan klanı yoxdur və ola da bilməz.

Azərbaycan Ali Sovetinin sədri, sonra isə prezident vəzifəsini tutandan sonra mən bilirdim ki, respublikamızda demokratiya bərqərar olacaq, insan hüquqlarına hörmət ediləcək və ölkənin vətəndaşları burada yaşayan adamlardır. Milliyyətindən, dini əqidəsindən, siyasi baxışından və s. asılı olmayaraq. Misal üçün, Azərbaycanda yarım milyon nəfərədək rus yaşayır, onlar heç nə ilə sıxışdırılmır, onlara hörmət edilir. Azərbaycan dilini bilməmək onların xidməti vəzifələrinin bölünməsi üçün maneçilik törətmir. Bu sözlər yüksək dövlət vəzifələri tutanlara da aiddir. Respublikadan rusların çıxıb getməsi dayanmışdır. Bu isə deklarasiyanın ciddi şəkildə yerinə yetirilməsinə dəlalət edir.

- Ermənistan - Azərbaycan müharibəsini söndürmək üçün real perspektivlər varmı? Axı siz Naxçıvan Muxtar Respublikasında məclisə başçılıq edərkən sülh yarada və Ermənistan tərəfi ilə nə isə bir razılığa gələ bilmişdiniz.

- Müharibə artıq altı ildir davam edir. Kədər də çox olmuşdur, itkilər də. Ermənistan əslində Dağlıq Qarabağ vilayətini Azərbaycandan qoparmaq istəyir. Dünyanın bir çox iri dövlətlərinin köməyi ilə onlar vilayətin ətrafındakı 7 rayonu işğal edə bilmişlər. İndi hərbi əməliyyatlar dayandırılmışdır və mayın 12-dən müvəqqəti dinclik yaranmışdır. Çox mürəkkəb danışıqlar aparılır.

- Sizin Boris Yeltsinlə münasibətləriniz necədir?

- Biz sıx əlaqə saxlayırıq. Dəfələrlə görüşmüşük və telefonla söhbət etmişik. Bütövlükdə isə bizim dövlətlər arasında həll edilməsi qeyri-mümkün olan problem yoxdur. Məndən əvvəl Azərbaycan rəhbərliyi Rusiyaya qarşı başqa siyasət yeridirdilər, münasibətlər soyuq, bəzən isə ağır idi. Təkcə o faktı demək kifayətdir ki, respublikamız MDB-yə daxil deyildi.

Azərbaycanın taleyi Rusiya ilə artıq 200 ildir bağlıdır. Bu ölkə ilə biz gərgin şəraitdə necə yaşaya bilərik? Özü də qonşu ölkə ilə, dünyanın ən nəhəng dövləti ilə. Bu məsələdə çətinliklər yaratmaq Azərbaycan xalqının mənafeyinə uyğun deyildir. Biz dostluq edəcəyik, lakin bu, o demək deyildir ki, müstəqilliyimizə xələl gələcək.

- Bildiyimə görə, Sizin respublikada bir neçə kommunist partiyası mövcuddur və onlar əsl partiya adı uğrunda bir-biri ilə mübahisə aparırlar. Onlardan hansına hüsn-rəğbətiniz daha çoxdur?

- Azərbaycanda ən iri kommunist mən idim. Axı hər halda 14 il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləmişəm. Lakin mən hələ partiya hakimiyyətdə olarkən, 1991-ci ildə onun sıralarından çıxmışam. Heç bir kommunist partiyasının Azərbaycanda perspektivi yoxdur. Prezident seçilənədək mən bir müddət \"Yeni Azərbaycan\" Partiyasının üzvü idim, lakin onun sıralarını tərk etdim. Doğrudur, səbəb başqa idi. Elə hesab edirəm ki, prezident heç bir partiyaya üzgörənlik etməməlidir.

Söhbəti Aleksandr Çijeveki aparmışdır.

Bakı - Moskva

\"Azərbaycan\" qəzeti, 25 avqust 1994-cü il.