Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın TVS kanalı xəbərlər proqramının redaktoru Svetlana Bakulinanın suallarına cavabı - Moskva, Vorobyovi Qori, 21 iyun 2000-ci il

Sual: Siz MDB ölkələri dövlət başçılarının yüksək səviyyədə bugünkü görüşünün yekunlarını necə qiymətləndirirsiniz? Sizcə, əldə edilmiş razılaşmalarda ən mühüm, ən çox nikbinlik doğuran cəhət nədir?

Cavab: Mən görüşdən çox məmnunam. Məsələ bundadır ki, hər sey müqayisədə qiymətləndirilir. Biz müntəzəm olaraq ildə bir-iki dəfə yığışırıq. İndiki görüş əvvəlkilərdən köklü surətdə fərqlənir. Onunla fərqlənir ki, əvvəla, dövlət başçılarının qapalı iclasında əsas məsələlər barəsində fikir mübadiləsi aparılması üçün kifayət qədər imkan var idi və gözəl şərait yaradılmışdı. Hərə öz fikrini söyləyirdi. Bu, əvvəllər də olmuşdur və bu gün də oldu. Amma sərbəstlik, demokratiklik indi daha çox hiss edilir. Gündəlikdəki bütün məsələlər müzakirə və qəbul olundu. Əgər kimsə hansısa məsələdə bitərəf qalırsa, bu tamamilə normal haldır. Hökm deyil ki, hamı bütün məsələlərdə yekdil olsun. Bu normaldır. əgər hamı razıdırsa, onda imzalayırlar.

Biz digər müstəqil dövlətlərin paytaxtlarında da MDB sammitlərinə toplaşmışıq. Amma ən çox Moskvaya toplaşmışıq. Bu da təbiidir, Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının sədri həmişə Rusiya prezidenti olur. Hərçənd biz dəfələrlə demişik ki, beynəlxalq rotasiya praktikasına uygun olaraq hər dəfə onu dəyişmək gərəkdir. Ancaq sonra hər dəfə ümumi rəyə gəlirdik ki, yox, qoy, Rusiya prezidenti Dövlət Başçıları Şurasının sədri olsun. Ona görə də, təkcə buna görə yox, eyni zamanda nəzərə alaraq ki, Rusiya MDB-də böyük sanbala malikdir, Rusiyadan və Dövlət Başçıları Şurasının sədrindən çox şey asılıdır - İndi sədr Vladimir Vladimiroviç Putindir.

Siz - rusiyalılar artıq özünüz də bilirsiniz ki, onun iş üslubu da, özü də, fəaliyyəti də Rusiyanın dövlət həyatına, siyasi həyatına nə isə yeni, ümidverici bir şey kimi daxil olmuşdur. Bu bizim bugünkü görüşümüzdə də öz əksini tapmışdır. əslində, dünən bizim fərdi görüşlərimiz və ya ikitərəfli, üçtərəfli görüşlərimiz oldu. Bu gün qapalı iclasda ümumi görüş oldu, sonra geniş iclas - əvvəlcə mətbuatın iştirakı ilə açıq, sonra da mətbuatsız qapalı iclas keçirildi. Sonra isə - bu artıq bir ənənədir - nahar olurə əvvəlki vaxtlarda nahar təntənəli olurdu, gah qranovit palatada, gah da qəbullar evində hamı toplaşırdı. Bu dəfə isə dövlət başçıları ayrıca nahar etdilər. Məsələ heç də naharın ayrıca olmasının yaxşılığında deyildir, ondadır ki, yalnız dövlət başçılarının əyləşdikləri süfrə arxasında da iclasda aparılmış söhbət davam etdirildi.

Ümumiləşdirsək, onda demək olar ki, bütün bunlar müəyyən dərəcədə belə hesab etməyə əsas verir ki, MDB səmərəli orqana çevrilir, birliyimiz səmərəli orqana çevrilir və MDB-nin fəaliyyəti məsələlərin həllinə yönəldilmiş daha işgüzar xarakter alır.

Sual: Siz dəqiqləşdirə bilərsinizmi, nə kimi razılaşmalar imzalandı? Sizin hansı təklifləriniz bəyənildi?

Cavab: Hesab edirəm ki, buna lüzum yoxdur. Hər halda, deyə bilərəm ki, mən ümumən çox məmnun qaldım.