Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşündən sonra prezidentlərin jurnalistlərə verdikləri müsahibə - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı – «Çırağan» hoteli, 24 iyun 2002-ci il

Sual: Siz Rusiya Prezidenti Vladimir Putinin belə bir bəyanatını necə şərh edərdiniz ki, Pankisidə vəziyyəti ABŞ yox, ancaq Rusiya nizama sala bilər?

Eduard Şevardnadze: Sizin yerinizdə olsaydım, soruşardım ki, danışıqlar necə keçdi.

Jurnalist: Biz əminik ki, əla keçdi.

Eduard Şevardnadze: Azərbaycan Prezidenti Heydər Əliyev ilə danışıqlar ənənəvi olaraq yaxşı, gözəl, tam qarşılıqlı anlaşma ruhunda keçir. Sualınıza qayıdaraq demək istəyirəm ki, mən Vladimir Putinin bu bəyanatı verdiyi mətbuat konfransının materialları ilə hələ tam tanış olmamışam. Amma hələlik görürəm ki, orada müsbət məqamlar var. Prezident Putin hesab edir ki, Gürcüstan ilə Rusiya arasında münasibətlərin pisləşməsində Gürcüstanla yanaşı, onun ölkəsinin də təqsiri var. Bu, artıq pis deyildir. Başqa məsələlərdən danışmalı olsaq, Rusiya tərəfinin müəyyən incikliyi var. Yəqin başlıca inciklik bundan ibarətdir ki, vaxtilə Gürcüstan Rusiya qoşunlarının öz ərazisindən keçməsinə icazə verməmişdir. Axı bu, böyük müharibəyə, çoxlu qan tökülməsinə gətirib çıxarardı.

Sual: Cənab Əliyev, danışıqlar zamanı hansı məsələlər müzakirə edildi?

Heydər Əliyev: Biz ikitərəfli münasibətlərlə bağlı məsələləri, regionumuzda – Cənubi Qafqazda vəziyyəti müzakirə etdik. Gürcüstanda, Azərbaycanda işlərin necə getdiyi barədə fikir mübadiləsi apardıq. Görüşümüz həmişəki kimi, dostluq, qardaşlıq şəraitində keçdi. Biz həmişə bir-birimizi hər cəhətdən dəstəkləmişik və bu gün də dəstəkləyirik. Ona görə də bizim problemlərimiz yoxdur, görüşməyə ehtiyacımız var. Mən bu görüşdən məmnunam. Doğrudur, biz görüşü davam etdirmək istəyirdik, lakin Eduard Şevardnadze başqa bir görüşə tələsir.

Sual: Cənab Şevardnadze, Özbəkistan GUÖAM-dan çıxmışdır, Siz bu vəziyyəti və bu təşkilatın perspektivini necə qiymətləndirirsiniz?

Eduard Şevardnadze: Mən Azərbaycan və Ukrayna prezidentlərinin bu məsələ barəsində fikirlərini bilirəm və hesab edirəm ki, Özbəkistanın bəyanatına baxmayaraq, GUÖAM-ın inkişafı perspektivsiz deyildir. Biz görüşməli, bu məsələləri müzakirə etməliyik.

Sual: Cənab Əliyev, nəqliyyat dəhlizində avtomobil daşınmaları ilə bağlı müəyyən problemlər vardır. Bu məsələ Gürcüstan prezidenti ilə müzakirə edildimi?

Heydər Əliyev: Mən bunu bilmirəm, yaxşı ki, sən məlumat verdin. Mən bunu öyrənməliyəm.

Sual: Cənab Əliyev, Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə bağlı işlər nə yerdədir?

Heydər Əliyev: Bu məsələ barəsində heç bir problem yoxdur. Hər şey yaxşıdır.

Sual: Cənab Əliyev, sabahkı görüşdə hansı iqtisadi məsələlər müzakirə olunacaqdır?

Heydər Əliyev: Bu, yubiley görüşüdür, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının onuncu ildönümünə həsr olunmuşdur, bu illərə yekun vuracağıq və bu istiqamətdə gələcəkdə necə əməkdaşlıq etmək barədə danışacağıq.

Sual: Azərbaycan hansısa bir şəkildə Rusiya–Gürcüstan münasibətlərinə təsir edə bilərmi?

Heydər Əliyev: Mən bu fikirdəyəm ki, Rusiya da, Gürcüstan da bu məsələləri özləri həll etmək iqtidarındadırlar. Heç bir müdaxilə yoxdur, buna heç ehtiyac da yoxdur. Məsələni dramatikləşdirmək lazım deyildir. Dövlətlər arasında münasibətlərdə müxtəlif dövrlər olur. Məsələn, mən belə hesab edirəm ki, burada dramatik heç nə olmamışdır. Hər şey qaydasındadır və Gürcüstan ilə Rusiya arasında münasibətlər yaxşı olacaqdır.