\"Müsyo Brikolac Azəryapı Market\" ticarət mərkəzinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi\" (Bakı, 3 yanvar 1998-ci il) sənədinə tarixi arayış

Azərbaycanda sosial-iqtisadi infrastrukturun inkişafı istiqamətində ardıcıl siyasət yeridən Azərbaycan Prezidenti Heydər Əliyev 3 yanvar 1998-ci ildə Azərbaycan-Türkiyə birgə müəssisəsinin istifadəyə verdiyi \"Müsyo Brikolac Azəryapı Market\" ticarət mərkəzinin açılış mərasimində olub. Bakıda analoqu olmayan ticarət mərkəzi fransız texnologiya və dizaynı əsasında tikilərək alıcıların istifadəsinə verilib. İnvestisiya təminatı türk və fransız şirkətləri tərəfindən həyata keçirilən ticarət mərkəzi Azərbaycanda, xüsusən paytaxt Bakıda başlanan sürətli tikinti proseslərinin tələblərini müasir məhsul və ideyalarla təmin etmək məqsədilə inşa edilib.

Qeyd edək ki, rəsmi açılışında \"Müsyo Brikolac Azəryapı Market\" adlanan bu ticarət müəssisəsi adı 2001-ci ildə Fransa senatının ermənilərin uydurma soyqırımını tanımasına etiraz əlaməti olaraq dəyişdirilərək, \"Master Tibot\" olub. (http://www.xalqqazeti.com/)

Hazırda \"Master Tibot\" mağazasında dünyanın müxtəlif ölkələrindən gətirilən ən müxtəlif məişət əşya və avadanlıqları, erqonomik tikinti materialları, müasir tikililərin interyer və eksteryeri üçün lazım olan quraşdırıcı inşaat materialları alıcılara təklif olunur. Bazar iqtisadiyyatına keçid şəraitində yeni iş yerlərinin açılması və bununla da əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl siyasət yeridən Azərbaycan hökuməti bu satış müəssisəsinin istifadəyə verilməsi ilə sayəsində minə yaxın vətəndaş, o cümlədən 150 nəfər gənc yeni iş yerləri ilə təmin edib. (http://www.master-tibot.com/)

Bu vaxtdan ötən 10 il ərzidə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın əmək qabilliyyətli əhalisinin böyük əksəriyyəti iş yerləri ilə təmin edilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2003-cü ilin sonlarından başlayaraq Azərbaycana rəhbərlik edən İlham Əliyevin iqtisadi siyasətinin nəticəsində dörd il ərzində 600 min çox iş yerləri açılıb. Bu illərdə ölkədə ümumi daxili məhsulun artım tempi 20-30% təşkil edərək dünya ölkələri arasında öncül yerlərdə qərarlaşıb. (http://www.president.az/)

Azərbaycan Prezidenti Heydər Əliyevin belə müasir ticarət obyektlərinin açılış mərasimində şəxsən iştirak etməsi ölkəyə xarici investisiyaların gəlməsinin, xarici şirkətlərin sərbəst iş görmək imkanlarının stimullaşdırılması və beləliklə də inkişaf etmiş ölkələrin təcrübəsinin, texnologiyalarının Azərbaycanda tətbiqini stimullaşdırmağa xidmət edib.

Satış mərkəzinin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev öz ölkəsinin Türkiyə Respublikası ilə yanaşı, eləcə də dünyanın bütün ölkələri ilə iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurmağa hazır olduğunu bəyan edib. Belə iri obyektlərin istifadəyə verilməsinin qloballaşma və inteqrasiya baxımından əhəmiyyətinə toxunaraq Heydər Əliyev deyib: \"Bu ticarət mərkəzlərinin yaradılmasının bir xüsusi cəhəti də Azərbaycana xarici investisiyanın, sərmayənin gəlməsi, respublikamızda xarici şirkətlərin gəlib sərbəst iş görmək imkanları və bu müştərək iş nəticəsində Azərbaycana başqa ölkələrin, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsinin, texnologiyasının gətirilməsidir\".

Tarixi arayış 13 mart 2008-ci ildə yeniləşdirilib.