Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinə - Bakı, 25 iyun 1999-cu il

Hörmətli generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər, matroslar!

Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoş arzularımı diləyirəm.

Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur. Son 8 il ərzində silahlı qüvvələrimizin şəxsi heyətinin döyüş qabiliyyətinin, texniki hazırlığının yüksəldilməsi Azərbaycanın müdafiə qüdrətini artırmış, ordu quruculuğunda, təlimlərdə, döyüş hazırlığında qazandığı nailiyyətlər, əsgərlərimizin cəbhə bölgələrində düşmənlə üz-üzə dayanaraq torpaqlarımıza göz dikən təcavüzkarların qarşısını mərdliklə alması hamımızı ürəkdən sevindirir. Bizim hazırda güclü, müasir silahlar və texnika ilə təmin edilmiş ordumuz, yüksək hazırlıqlı komandir və şəxsi heyətimiz vardır.

İndi milli ordumuz vətən, xalq, dövlət qarşısındakı şərəfli missiyasını gözəl dərk edir, özünün fiziki, hərbi və mənəvi hazırlığını daim artırır, öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir. Silahlı qüvvələrimizin hər bir əməkdaşı gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır.

Vətəni qorumağa qadir silahlı qüvvələr yaratmaq, ölkənin müdafiə qabiliyyətini təmin etmək və daim yüksəltmək tək dövlətin, onun silahlı qüvvələrinin işi deyil. Hər bir Azərbaycan vətəndaşı vətən, müstəqil Azərbaycan qarşısında öz müqəddəs borcunu dərk edərək, əsgəri xidmətini şərəflə yerinə yetirməli, ordu quruculuğuna hərtərəfli yardım göstərməlidir.

Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyi uğrunda şəhid olmuş övladlarımızın xatirəsini bir daha yad edir, doğmalarına və yaxınlarına başsağlığı verərək, onların ruhu qarşısında baş əyirəm.

İnanıram ki, silahlı qüvvələrimizin şəxsi heyəti bundan sonra da vətən, xalq qarşısında qəbul etdiyi hərbi anda sadiq qalacaq, nümunəvi xidmətlərlə torpaqlarımızı düşmən tapdağından azad etməyə, şəhidlərimizin ruhunu şad etməyə hər an hazır olacaqdır.

Milli ordumuzun hər bir üzvünə cansağlığı, xoşbəxtlik, ailə səadəti, respublikamızın suverenliyi, müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, vətənimizin müdafiə qüdrətinin yüksəldilməsi naminə müvəffəqiyyətlər arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı.

\"Azərbaycan\" qəzeti, 26 iyun 1999-cu il.