Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının birinci sessiyasının iştirakçılarına - 25 oktyabr 1994-cü il

Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının hörmətli üzvlərini akademiyanın birinci sessiyasının açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Bu forumun Qoca Şərqin qapısı Bakıda - nadir memarlıq abidələri ilə zəngin qədim şəhərdə keçirilməsi rəmzi səciyyə daşıyır. Bu, üzün illər Şərq ölkələrinin süni surətdə kəsilmiş mədəniyyət və memarlıq əlaqələrinin yenidən bərpası deməkdir.

Bu görüşün Azərbaycanda - altı illik bir müddətdə erməni təcavüzünə məruz qalmış, ərazisinin 20 faizi zəbt olunmuş respublikamızda yüzlərlə mədəniyyət və memarlıq abidələrinin yerlə-yeksan olunduğu və xalqımızın sosial-iqtisadi vəziyyətinin ağırlaşdığı bir dövrdə keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu, qələbəyə, Azərbaycanın işıqlı sabahına, ehtişamlı memarlıq abidələrinin yaradılmasına, şəhər və kəndlərin yenidən dirçəlişinə ümidimizi bir daha artırır.

Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının birinci sessiyasının iştirakçılarına Şərq ölkələri memarlarının beynəlxalq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi, qədim ənənələrə malik Şərq memarlığının tərəqqisi, memarlıq elminin layiq olduğu mövqeyə yüksəldilməsi yolunda yeni uğurlar diləyirəm.

Hörmətli memarları Azərbaycan Respublikasının paytaxtında bir daha salamlayır, Şərq Ölkələri Memarlıq Akademiyasının birinci sessiyasına müvəffəqiyyətlər arzu edirəm.

Heydər Əliyеv
Azərbaycan Respublikasının Prezidenti.