Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 11 sentyabr 2001

Sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində baş vermiş dəhşətli terror hadisələri Azərbaycan ictimaiyyətini dərindən sarsıtmış və kədərləndirmişdir. Dünyanın ən qüdrətli dövlətində minlərlə insan tələfatı ilə və çoxsaylı dağıntılarla müşayiət olunan müdhiş faciə baş vermişdir. Bəşəriyyətin böyük ümidlərlə qədəm qoyduğu XXI əsrin başlanğıcında terrorçuluğun sərhəd tanımayan qlobal bir cinayət olduğu, onun bütün insani dəyərlərə qarşı çevrildiyi tarixdə misli görünməyən bir tərzdə üzə çıxmışdır. Bu gün hədəfdə ABŞ olsa da, bu dəhşətli bəla potensial olaraq bütün dövlətlərə və xalqlara qarşı çevrilə bilər.

Terrorçuluğun qorxunc və acı nəticələrini öz üzərində dəfələrlə hiss edən Azərbaycan xalqı bu gün dost Amerika xalqının iztirab və sarsıntılarını hamıdan yaxşı anlayır və onun sonsuz kədərinə şərik çıxır.

Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pisləyən Azərbaycan həmişə terrorçuluğa qarşı mübarizə aparmış, bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Biz bu gün daha artıq əzmkarlıq və qətiyyətlə belə əməkdaşlığa hazır olduğumuzu bildiririk.

Müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. Terrorçuluq təhlükəsinin tamamilə aradan qaldırılması və gələcəkdə heç bir xalqın, heç bir dövlətin belə dəhşətli sınaqlara və sarsıntılara məruz qalmaması üçün beynəlxalq ictimaiyyət, bütün dünya xalqları və dövlətləri səylərini birləşdirməli, terrorçuluğa qarşı barışmaz mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidirlər. Azərbaycan bu istiqamətdə öz üzərinə götürdüyü öhdəlikləri bundan sonra da dönmədən yerinə yetirəcəyini və terrora qarşı mübarizədə dünya birliyinin səylərini birmənalı şəkildə dəstəkləyəcəyini bəyan edir.

\"Azərbaycan\" qəzeti, 13 sentyabr 2001-ci il.