Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Birliyi İqtisadi Komissiyasının sədri Jak Santer ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 10 oktyabr 1997-ci il

Hörmətli cənab Santer! Məni səmimi salamladığınıza və ünvanıma söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Brüsseldə Sizinlə görüşümüzü xatırladaraq apardığımız danışıqlardan razı qaldığımı bildirirəm. Biz Avropa strukturlarına daxil olmağımıza çox şadıq, Avropa Şurasının bugünkü zirvə görüşündə biz qonaq kimi iştirak edirik, ancaq ümidvarıq ki, yaxın gələcəkdə bu təşkilatın bərabərhüquqlu üzvü olacağıq. Bildirirəm ki, şəxsən mən Avropa strukturları ilə Azərbaycan arasında əlaqələrin indiki səviyyəsindən prinsip etibarilə razıyam.

Respublikamız Avropa Birliyinin komissiyası ilə əlaqələri daha da genişləndirmək istəyir. TRASEKA proqramı uğurla həyata keçirilir. Transqafqaz nəqliyyat dəhlizi qısa müddət ərzində Azərbaycanı, bütünlükdə Qafqazı, Avropanı birləşdirmişdir. Xatırladıram ki, Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan həmin dəhlizin yaradılması haqqında saziş imzalamışlar.

Xəzər dənizinin Azərbaycan sektorundakı yataqlardan çıxarılacaq neftin nəqli məsələsinə toxunarkən bunları demək olar: biz xarici neft şirkətləri ilə ilk müqaviləni 1994-cü ilin sentyabrında imzalamışdıq. İlkin neftin ixracı üçün iki boru kəmərinin marşrutları müəyyən edilmişdir. Hazırda neft boru kəmərinin marşrutu müzakirə olunur. Azərbaycanın imzaladığı neft müqavilələrində Avropa ölkələrinin iri şirkətləri də iştirak edirlər. Ona görə də istəyirik ki, əsas kəmər nefti Avropaya nəql etməyə imkan versin.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışarkən vurğulamaq olar ki, MDB-yə daxil olan digər ölkələrə nisbətən Azərbaycanda islahatlara müəyyən səbəblərə görə gec başlanmasına baxmayaraq, mühüm nəticələr əldə edilmişdir. İqtisadiyyatda dirçəliş başlanmış, inflyasiyanın səviyyəsi sıfır həddinə endirilmişdir. Özəlləşdirmə proqramı həyata keçirilir və bu prosesdə xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Torpaq islahatı haqqında radikal qanun qəbul edilmişdir. Azərbaycan dünya iqtisadiyyatına qovuşmaq xətti götürmüşdür. Xarici investisiyaları ölkəmizə cəlb etmək üçün əlverişli hüquqi-normativ baza yaradılmışdır. Biz Avropa Birliyi ilə əlaqələrin daha da genişləndirilməsinə xüsusi əhəmiyyət veririk.

Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı məsələlər barədə danışarkən bunları demək olar ki, ATƏT-in Lissabon Zirvə görüşündə bu problemin sülh yolu ilə həllinə dair qəbul olunmuş prinsiplər, Minsk qrupu həmsədrlərinin təklifləri münaqişənin sülh yolu ilə həll olunacağına ümidləri artırmışdır. Azərbaycan tərəfi hərbi əməliyyatların yenidən başlanmaması, münaqişəyə Lissabon prinsipləri əsasında sülh yolu ilə son qoyulması üçün əlindən gələni edəcəkdir. Biz istəyirik ki, Avropanın bu hissəsində də sülh və əmin-amanlıq olsun.

Bizim Xəzər dənizinin statusu ilə bağlı mövqeyimizə gəlincə onu deyə bilərəm ki, biz sektor bölgüsünü düzgün hesab edirik. Bir daha xatırladıram ki, Xəzər dənizindəki neft yataqları vaxtilə məhz Azərbaycan alimləri və mütəxəssisləri tərəfindən kəşf olunmuşdur və dənizdən ilk nefti də yarım əsr əvvəl biz çıxarmışıq. Bildirirəm ki, Xəzərin statusu ilə bağlı fikir ayrılıqlarını biz danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq.

Jak Santer: Hörmətli cənab Prezident, ətraflı məlumat üçün Sizə təşəkkür edirəm. Əmin ola bilərsiniz ki, biz Azərbaycanla həmişə maraqlıyıq. Sizin ölkənizə Avropada maraq çox yüksəkdir. Biz əməkdaşlığımızı davam etdirəcəyik.

Heydər Əliyev: Cənab Santer, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə sizə təşəkkürümü bildirirəm və Sizi Azərbaycana səfərə dəvət edirəm.

\"Azərbaycan\" qəzeti, 12 oktyabr 1997-ci il.