Azərbaycan Prezidenti Heydər Əliyevin Nardaran pirini ziyarət etdikdən sonra ziyarətgaha toplaşanlar qarşısında çıxışı - 14 mart 1994-cu il

Bir prezident kimi arzu edirəm ki, xalqımız daim firavan, azad yaşasın. Lakin təəssüf edirəm ki, azadlığa keçid dövründə respublikamızda cürbəcür əcaib hallar dameydana çıxır. Bəziləri azadlığı hərc-mərclik kimi başa düşür. Bu isə çox vaxt qanunları npozulmasına, cinayətkarlığın artmasına, insanların əxlaqının pozulmasına, gənclərin pis yola düşməsinə gətirib çıxarır ki, bu da bizi ciddi narahat edir. Bunlar hamısı qanunlara, milli-dini ənənələrə zidd olan hallardır.

Ona görə də hərə öz məsuliyyətini dərk etməlidir. Xalqımız milli azadlığa çıxıb, dövlətimiz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimizi necə istəsək, elə də quracağıq. "Ev" deyəndə, mən Azərbaycanı nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi işıqlı quracağıq. Əgər biganə qalsaq, bəzi hallarda pozğunluğa yol versək bu binanı yaxşı tikə bilməyəcəyik. Gəlin hamımız əl-ələ verərək müstəqil Azərbaycanın, böyük Azərbaycan xalqının binasını, möhtəşəm binanı birlikdə gözəl tikək.

Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram. Arzu edirəm ki, gələn Ramazan bayramını qələbədən sonra qeyd edək ("Amin inşallah").