Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına Yeni İl təbriki - 31 dekabr 1999-cu il

Əziz həmvətənlər!

Bacılar, qardaşlar!

Azərbaycanın vətəndaşları!

Sizi qarşıdan gələn yeni il - 2000-ci il münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət, yeni-yeni uğurlar arzulayıram. Ayrıldığımız 1999-cu il Azərbaycan xalqı üçün uğurlu və əlamətdar il olmuşdur. Biz dövlət müstəqilliyimizin səkkizinci ilini başa vurduq. Azərbaycan dövləti, hökuməti, Azərbaycan xalqı, milləti bu ildə bir çox nailiyyətlər əldə ediblər.

Azərbaycan dövlətinin xarici və daxili siyasəti və onların həyata keçirilməsi üçün görülən əməli işlər, tədbirlər öz müsbət nəticələrini vermişdir. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı qorunub saxlanıb, daha da möhkəmlənibdir. Məlumdur ki, Azərbaycanın müstəqilliyinə qarşı xarici təcavüzlər və Azərbaycanın daxilində müxtəlif təxribat, terror cəhdləri hələ də tükənməyibdir. Ancaq bunlara baxmayaraq, biz öz iradəmizlə, öz düzgün, doğru, müstəqil siyasətimizlə Azərbaycanın dövlət müstəqilliyini qorumuşuq, inkişaf etdirmişik.

Azərbaycan dünya miqyasında öz mövqelərini möhkəmləndiribdir. Dünyanın bütün beynəlxalq təşkilatları, bir çox dövlətləri ilə Azərbaycanın əlaqələri və əməkdaşlığı genişlənib və inkişaf edibdir.

Azərbaycan daxili siyasətində tutduğu yolla ardıcıl olaraq gedir. Bu yol müstəqillik, demokratiya, bazar iqtisadiyyatı yoludur. Bu yol Azərbaycan vətəndaşlarının rifah halının, güzəranının günü-gündən yaxşılaşdırılması yoludur.

Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində bir çox işlər görülüb və bu proses özünün yeni bir mərhələsini yaşamışdır. Siyasi, sosial-iqtisadi, hüquqi islahatlar ardıcıl surətdə həyata keçirilibdir. Milli Məclisin qəbul etdiyi çox dəyərli bir sıra qanunlar bu işlərin görülməsini təmin edibdir və gələcək üçün yaxşı perspektivlər açıbdır.

Azərbaycanda aparılan islahatlar öz müsbət nəticələrini vermişdir. İqtisadiyyat sahəsində özəlləşdirmə prosesi, özəl sektorun yaranması, sahibkarlığın inkişaf etdirilməsi, insanlara daha da çox sərbəstlik verilməsi, xarici ticarətin liberallaşdırılması və sərbəstləşdirilməsi, Azərbaycana xarici investisiyanın cəlb olunması üçün lazımi şəraitlərin yaranması - bunlar hamısı Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmişdir. Bunların nəticəsində vətəndaşlarımızın rifah halı günü-gündən yaxşılaşır.

Təbiidir ki, bu gün biz etiraf etməliyik ki, vətəndaşlarımızın istənilən səviyyədə yaşamasını təmin edə bilməmişik. Ancaq eyni zamanda, son illər görülən işlər, o cümlədən 1999-cu ildə həyata keçirilən tədbirlər bu sahədə böyük addımlar olmuşdur və bizim ardıcıl surətdə irəliləməyimizi nümayiş etdirmişdir.

Azərbaycana xarici investisiyanın cəlb edilməsi prosesi 1999-cu ildə də böyük vüsət almışdır. Biz 1999-cu ildə \"Əsrin müqaviləsi\"nin 5-ci ildönümünü qeyd etdik, əldə etdiyimiz nailiyyətləri dünyaya nümayiş etdirdik. Biz Azərbaycanın dövlət neft strategiyasının uğurlu olduğunu sübut etdik. Bunların hamısının müsbət nəticələri göz qabağındadır. Amma özəl sektorun inkişaf etdirilməsi və özəl sektora xarici investisiyanın cəlb edilməsi prosesi də 1999-cu ildə çox uğurlu olmuşdur.

Ötən 4 ildə Azərbaycana 5 milyard Amerika dolları dəyərində investisiya gəlmişdir. 1999-cu ildə bu investisiyanın 60 faizi qeyri-neft sektoruna, 40 faizi isə neft sektoruna gəlmişdir. Bu, bir tərəfdən, bizim keçirdiyimiz islahatların və xarici investorlar tərəfindən Azərbaycana göstərilən etibarın əyani nəticəsidir. İkinci tərəfdən isə, neft sektorunun inkişafı ilə bərabər, iqtisadiyyatın başqa sektorlarına da ciddi diqqət yetirilməsi və onların inkişafı üçün imkanlar yaradılması 1999-cu ildə xarici investisiyanın özəl sektora daha da çox cəlb olunmasını təmin etmişdir. Bütün bunlar və maliyyə-kredit sahəsində bizim apardığımız siyasət Azərbaycanda iqtisadi sabitliyi təmin etmişdir. Son illər Azərbaycanda inflyasiya yoxdur. İstehlak mallarının qiyməti aşağı düşüb və əhalinin gəliri, maaşları artır. Bir tərəfdən birbaşa dövlət büdcəsindən maliyyələşən sahələrdə işləyən vətəndaşlarımızın maaşının artması, ikinci tərəfdən isə iqtisadi proseslər, yəni inflyasiyanın olmaması, istehlak mallarının qiymətinin aşağı düşməsi, xarici investisiyanın Azərbaycana gəlməsi münasibətilə yeni iş yerlərinin açılması - bunlar hamısı birlikdə vətəndaşlarımızın rifah halının yaxşılaşmasını təmin etmişdir.

Ötən il Azərbaycanda ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, insanların azad, sərbəst, demokratiya şəraitində rahat yaşaması üçün imkanlar yaradılmışdır.

Dünyada gedən proseslərə nəzər salsaq, xüsusən, bizi əhatə edən dövlətlərin, ölkələrin yaşadığı günlərə və orada gedən proseslərə diqqət yetirsək, Azərbaycan üçün daxili ictimai-siyasi sabitliyin nə qədər vacib olması bir daha öz qiymətini göstərir. Məhz bunun nəticəsində biz son illər ardıcıl olaraq həm iqtisadiyyatımızı inkişaf etdirə bilirik, həm uğurlu xarici siyasət apara bilirik, həm islahatları həyata keçirə bilirik, həm də insanların güzəranını yaxşılaşdıra bilirik. Bu baxımdan, neft strategiyasının əməli nəticələri və nəhayət, xam neftin ixracı üçün əsas neft kəməri - Bakı-Ceyhan neft kəmərinin inşası haqqında sazişlərin imzalanması 1999-cu ilin ən əlamətdar hadisələrindəndir.

Hüquqi islahatlar, demokratiyanın inkişafı, insan haqlarının qorunması - bunlar hamısı həm dövlətin, həm hökumətin, həm də cəmiyyətin diqqət mərkəzində olubdur. Bu baxımdan, hesab edirəm ki, keçirilmiş bələdiyyə seçkiləri və onların nəticələri 1999-cu ilin ən əlamətdar hadisəsidir. Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarəetmə orqanları yaranır. Onların yaranması üçün seçkilər keçirildi. Artıq bu orqanlar yaranıb, fəaliyyət göstərəcəklər. Bu da Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu prosesinin böyük bir hissəsidir və bizim bu yola sadiq olduğumuza daha bir nümunədir.

Təbiidir ki, bütün bu nailiyyətlərlə yanaşı, bizim həyatımızda problemlər də, çətinliklər də mövcuddur. Vətəndaşlarımızın böyük bir hissəsi çətin maddi şəraitdə yaşayır, işsizlik, bir çox başqa problemlər vardır. Dövlət, hökumət orqanlarının işində qüsurlar, çatışmazlıqlar, nöqsanlar mövcuddur. Bunlar hamısı birlikdə - həm dövlət orqanlarında, həm də cəmiyyətdə mənfi halların mövcud olması, təbiidir ki, bizi narahat edir və əldə etdiyimiz nailiyyətlərə müəyyən kölgə salır.

Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin sölh yolu ilə həll edilməsi sahəsində də 1999-cu ildə dəyərli işlər görülübdür. ATƏT-in İstanbul zirvə görüşü bütün Avropa üçün, bəlkə də dünya üçün, o cümlədən Azərbaycan üçün 1999-cu ilin ən tarixi hadisəsidir. Zirvə görüşündə Avropada sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin edilməsi üçün çox əhəmiyyətli qərarlar qəbul olundu. Azərbaycan bu qərarların qəbul olunmasında fəal iştirak edibdir, Azərbaycan öz xidmətlərini göstəribdir. Ancaq İstanbul zirvə görüşü Azərbaycan üçün daha da çox əlamətdar olubdur. Ona görə ki, məhz İstanbulda, noyabrın 18-də, \"Çırağan\" sarayında beş il ərzində hazırladığımız Bakı-Ceyhan neft kəməri layihəsi haqqında müqavilələr, sənədlər imzalandı. Deyə bilərəm ki, bəlkə də son onilliklərdə bu səviyyədə, bu tərkibdə, buna bənzər müqavilələr imzalanmamışdı. Həm bu boru kəmərinin tikintisində iştirak edən dövlətlərin, həm də Amerika Birləşmiş Ştatlarının dövlət başçılarının hamısının birlikdə bu qərarları imzalaması bir tərəfdən, Bakı-Ceyhan neft kəmərinin nə qədər böyük beynəlxalq əhəmiyyətə malik olduğunu göstərir, ikinci tərəfdən, onun etibarlı həyata keçirilməsi üçün zəmanət verir.

Beləliklə, biz 1999-cu ildən məmnuniyyət hissi ilə ayrılırıq. Mən deyə bilərəm ki, biz 1999-cu illə vidalaşarkən bu ilə minnətdarlığımızı bildirməliyik.

2000-ci il bütün dünya xalqları üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki 2000-ci il XX əsrin, ikinci minilliyin son ilidir. Biz tarixi dəyişmənin qovuşağındayıq. Hər bir insan üçün belə dövrü yaşamaq çox fərəhlidir. Azərbaycanın bugünkü vətəndaşları məhz bu dövrü yaşayırlar və böyük ümidlərlə yaşayırlar. Ümid edirəm ki, 2000-ci il Azərbaycan üçün daha da uğurlu olacaqdır. Biz tutduğumuz yolla 2000-ci ildə də gedəcəyik, ardıcıl surətdə gedəcəyik. Bizim siyasətimiz dəyişməyəcəkdir. Yəni Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi davam edəcək, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq, mətbuat, fikir azadlığı təmin ediləcək, demokratiyanın bütün tələbləri və prinsipləri Azərbaycanda həyata keçiriləcəkdir. Bu yol bizim tutduğumuz yoldur və biz bu yoldan heç bir yana dönməyəcəyik. Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, inkişaf etdirilməsi bizim qarşımızda duran əsas vəzifədir. Güman edirəm ki, biz artıq buna qadirik.

2000-ci ildə iqtisadiyyatımız daha da sürətlə inkişaf edəcəkdir. Biz artıq son illər buna əsas yaratmışıq. Vaxtında uğurla qəbul etdiyimiz dövlət büdcəsi və həyata keçirdiyimiz islahatlar, xarici şirkətlərlə görülən işlər və onların əməli surətdə həyata keçirilməsi 2000-ci ildə Azərbaycanın iqtisadiyyatının daha da sürətlə inkişaf etməsini təmin edəcəkdir. Təbiidir ki, bunlar hamısı vətəndaşlarımız üçündür, onların rifah halının yaxşılaşdırılması, onlara daha da yaxşı həyat tərzi yaratmaq üçündür. Bu, bütün işlərimizin məğzidir, yəni bizim əsas məqsədimizdir, həyatımızın mənasıdır. Biz bunu edəcəyik. Biz buna nail olacağıq.

2000-ci ildə Azərbaycanın həyatında qarşıda duran ən mühüm vəzifələrdən biri parlament seçkilərinin, yəni Milli Məclisə növbəti seçkilərin keçirilməsidir. Bildiyiniz kimi, 1995-ci ildə seçilmiş Milli Məclisin səlahiyyətləri 2000-ci ilin payızında bitir. Məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk milli konstitusiyamız bu beş il müddətində Azərbaycanın həyatında baş vermiş müsbət dəyişikliklərin əsasını təşkil etmişdir. Biz bundan sonra da işlərimizi konstitusiyanın tələblərinə uyğun olaraq görəcəyik, konstitusiyanın müddəalarını həyata keçirəcəyik. Vətəndaşlarımızın konstitusiyada verilmiş hüquqlarının təmin olunması üçün daha da əzmlə çalışacağıq. Bu baxımdan Azərbaycanda demokratiyanı daha da irəliyə aparmaq, inkişaf etdirmək üçün yeni parlament seçkiləri, Milli Məclis seçkiləri xüsusi yer tutur. Biz buna yaxşı hazırlaşmalıyıq. Yəni seçki qanunu hazırlanmalı və qəbul olunmalıdır, başqa lazımi tədbirlər vaxtında həyata keçirilməlidir. Bunlar hamısı seçkilərin keçən seçkilərə nisbətən daha da uğurla, demokratik şəraitdə, azadlıq, sərbəstlik şəraitində keçirilməsini təmin etmək üçündür. Mən hesab edirəm, bizim dövlətimiz, cəmiyyətimiz artıq elə bir səviyyədədir ki, biz bu vəzifəni yerinə yetirə biləcəyik. İslahatlar davam edəcəkdir. Biz hüquq islahatları haqqında bir neçə qanun qəbul etmişik. Onların həyata keçirilməsi müəyyən qədər gecikibdir. 2000-ci il hüquq islahatlarının, yəni məhkəmə islahatlarının həyata keçirilməsində çox böyük əhəmiyyət kəsb edir. Qəbul edilmiş qanunların hamısı tətbiq olunmalı, həyata keçirilməlidir. Bunlar hamısı həm demokratiyanı inkişaf etdirəcək, həm dövləti möhkəmləndirəcək, həm də vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Biz bunların hamısını etməliyik və edəcəyik. Biz 2000-ci ildə nöqsanların, qüsurların aradan götürülməsi ilə gərək ciddi məşğul olaq. Təəssüf ki, bu nöqsanların içərisində dövlət məmurlarının, yüksək vəzifəli şəxslərin vəzifələrindən sui-istifadə etməsi, qanun pozuntularına yol verməsi bizim hamımıza böyük zərər gətirir. Cəmiyyətdə, ölkədə apardığımız mübarizəyə baxmayaraq, korrupsiya, rüşvətxorluq hələ mövcuddur. Bu, həm dövlət işinin uğurla aparılmasına böyük əngəllər yaradır, həm Azərbaycanın sərbəst iqtisadiyyatının inkişaf etdirilməsinə maneçilik törədir, həm də insanlara, vətəndaşlara əziyyət verir, onların hüquqlarına toxunur. Ona görə də həm dövlət, hökumət tərəfindən, həm də vətəndaşlar tərəfindən qanun-qaydalara riayət etmək, nöqsanların aradan götürülməsi uğrunda ciddi mübarizə aparmaq, korrupsiyanın aradan qaldırılması üçün yeni ciddi tədbirlər görmək həm dövlətin, hökumətin, həm də cəmiyyətin əsas vəzifələrindən biridir. Ümid edirəm ki, biz bu vəzifənin həyata keçirilməsində də irəliləməyə nail olacağıq.

İctimai-siyasi sabitlik qorunub saxlanılmalıdır. Bu, əsas şərtdir. Çünki ölkəmizin apardığı daxili və xarici siyasət heç də hər yerdə birmənalı, yaxud da müsbət qəbul olunmur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın milli mənafelərini müdafiə etmək, qoruyub saxlamaq məqsədi daşıyır. Biz öz dövlətimizin siyasətini aparırıq. Təbiidir ki, dünyada gedən prosesləri də nəzərə alırıq, ətrafımızda gedən prosesləri də nəzərə alırıq. Ancaq belə müstəqil siyasəti həyata keçirmək heç də asan deyildir. Buna baxmayaraq, Azərbaycanın müstəqil, ardıcıl xarici siyasəti 2000-ci ildə davam etməlidir. Bu, bizim müstəqilliyimizin daha da möhkəmlənməsinə kömək edəcək və beynəlxalq aləmdə ölkəmizin hörmətinin artmasını təmin edəcəkdir.

İctimai-siyasi sabitliyin təmin olunması uğurlu xarici siyasət aparmaq üçün əsasdır. Amma eyni zamanda ölkəmizdə vətəndaş sülhünün, vətəndaş birliyinin təmin olunması üçün də çox vacib əsasdır. Bizim cəmiyyətimiz artıq irəliyə gedib, inkişaf edibdir. Cəmiyyətdə müxtəlif fikirli qüvvələr, siyasi partiyalar, ictimai təşkilatlar var. Bunlar hamısı təbii hallardır.

Ancaq həm Azərbaycanın daxili vəziyyəti üçün, həm də xarici siyasəti üçün gərək hamı xalqımızın ümummilli mənafeyinə xidmət etsin. Mən istərdim ki, 2000-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün böyük bir mərhələ olsun. Mən istərdim ki, 2000-ci il xalqımızda birliyin, həmrəyliyin daha da yüksəlməsini təmin etsin. Vətəndaş birliyi, vətəndaş həmrəyliyi - bu, bizim üçün çox vacibdir. Azərbaycanın Prezidenti kimi mən bu yolda bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

2000-ci il bizim ölkə üçün böyük dönüş ili olmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması yolunda indiyə qədər aparılan işlər onu göstərir ki, biz sülhə yaxınlaşırıq.

Mən ümid edirəm ki, 1999-cu il bunun üçün son il olacaqdır. Yəni sülh əldə etmək, bu vəziyyətdən çıxmaq üçün son il olacaqdır. Görülən işlər onu göstərir ki, 2000-ci ildə biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail ola bilərik, işğal olunmuş torpaqların azad edilməsinə nail ola bilərik, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz evinə, doğma torpağına qayıtmasına nail ola bilərik, sülhün yaranmasına nail ola bilərik.

Sülh hər bir ölkə üçün lazımdır. Bizim ölkə üçün xüsusən lazımdır. Çünki 1988-ci ildən bəri Azərbaycan xalqının keçdiyi ağır, çətin və faciəli həyat onu göstərir ki, biz sülhə nail olmalıyıq, ərazi bütövlüyümüzü təmin etməliyik, işğal olunmuş torpaqları azad etməliyik. Bunun üçün əsas yaranır. Ümidvaram ki, işğal olunmuş torpaqlardan didərgin düşmüş soydaşlarımız 2000-ci ildə öz doğma torpaqlarına qayıda biləcəklər. Ümumiyyətlə, Cənubi Qafqazda sülhün yaranması, əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Qafqazda sülhün yaranması bütün ətraf dövlətlər üçün lazımdır. Azərbaycan üçün də çox lazımdır. Biz bu sahədə öz xidmətlərimizi göstərmişik və bundan sonra da göstərəcəyik. Bir sözlə, mən 2000-ci ilə böyük nikbinliklə baxıram. İnanıram ki, biz 2000-ci ildə yeni-yeni uğurların şahidi olacağıq.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu, bizim üçün çox əziz gündür. Çünki indi dünyada azərbaycanlıların müstəqil dövləti var - Azərbaycan Respublikası, müstəqil Azərbaycan. Ancaq dünya azərbaycanlılarının hamısının həmrəy olmasına da ehtiyac çoxdur. Mən bu gün, bu bayram günü, 2000-ci il ərəfəsində bütün dünya azərbaycanlılarına daha da çox həmrəylik, dostluq, mehribanlıq arzulayıram.

Müstəqil Azərbaycan dövləti dünyada yaşayan bütün azərbaycanlılara öz hörmət, ehtiramını bildirir və hər bir azərbaycanlının rahat, firavan yaşamasını arzu edir.

Əziz dostlar, 2000-ci ili biz hamımız böyük həvəslə qarşılayırıq. Bu münasibətlə sizə hörmət və ehtiramımı bildirirəm. Yeni il bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm!

Bayram təbriklərimi ilk növbədə Azərbaycanın torpaqlarının keşiyində duran əsgərlərimizə, zabitlərimizə - ordumuza, silahlı qüvvələrimizə göndərirəm. Onların işi hamıdan ağır və çətindir, amma eyni zamanda hər bir işdən şərəflidir.

Bayram təbriklərimi ağır vəziyyətdə yaşayan, köçkün vəziyyətində, qaçqın vəziyyətində yaşayan soydaşlarıma göndərirəm. Bir daha əmin edirəm ki, belə ağır vəziyyətdə yaşamağınız sona çatacaqdır. Ümid edirəm ki, siz 2000-ci ildən sonra 2001-ci ili öz doğma torpaqlarınızda qarşılayacaqsınız.

Şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini xüsusi təbrik edirəm və onlara öz hörmət-ehtiramımı bildirirəm. Biz onlara həmişə qayğı və diqqət göstərmişik və bundan sonra da göstərəcəyik.

Azərbaycan xalqına, bütün Azərbaycan vətəndaşlarına 2000-ci ildə yeni uğurlar arzulayıram. Bayramınız mübarək olsun!

\"Azərbaycan\" qəzeti, 5 yanvar 2000-ci il