Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev iyulun 2-də xarici ölkələrin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin başçılarını qəbul etmişdir - 2 iyul 1993-cü il

İyulun 2-də Azərbaycan Prezidentinin səlahiyyətini həyata keçirən respublika Ali Sovetinin sədri Heydər Əliyev xarici ölkələrin Bakıdakı səfirlərini və diplomatik nümayəndəliklərinin başçılarını qəbul etmişdir. Görüş zamanı o xarici neft şirkətləri ilə imzalanmış bəyannamələrin icrasının dayandırılması səbəbləri və son günlər Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücum əməliyyatlarını genişləndirməsi barədə bəyanat vermişdir.

Heydər Əliyev demişdir ki, iyun ayında respublikada baş vermiş hadisələrdən sonra Azərbaycanın daxili və xarici siyasətində elə bir dəyişiklik olmayıb və bundan sonra da olmayacaqdır. O bildirmişdir ki, respublika demokratiya, siyasi, plüralizm və demokratik dövlət qurmaq yolu ilə gedəcək, beynəlxalq hüquq qaydalarına, insan hüququ normalarına əməl edəcəkdir.

Bəyanatda qeyd olunur ki, biz son dövrdə imzalanmış bəyannamələrin hamısına sadiq qalacağıq. Azərbaycan xarici ölkələrlə əlaqələrini bundan sonra bazar iqtisadiyyatı prinsipləri əsasında quracaqdır. Respublikanın rəhbərliyi demokratik islahatları daha da genişləndirəcək və sürətləndirəcəkdir.

Heydər Əliyev xarici ölkələrin neft şirkətləri ilə imzalanmış bəyannamələr barəsində son günlər yayılmış şayiələri təkzib edərək demişdir: \"Biz bu haqda aydın məlumat vermişik, bir daha qeyd edirəm ki, narahatlığa heç bir əsas yoxdur. Respublikanın rəhbərliyi bəyannamələrin icrasını məsələyə yalnız dərindən baxmaq üçün dayandırmışdır\".

Respublikadakı vəziyyətdən bəhs edilərkən qeyd olunmuşdur ki, paytaxtda və əksər bölgələrdə gərginlik xeyli azalmışdır. Biz Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısını ala bilmişik. Bu istiqamətdə görülən tədbirlər demokratik prinsiplər əsasında davam etdiriləcəkdir.

Xarici diplomatlara məlumat verilmişdir ki, Ermənistan silahlı qüvvələri iyunun 12-də Qarabağ bölgəsində və sərhəd rayonlarımızda çox intensiv hücuma başlamışlar və hazırda bu hücum əməliyyatları yenə də ara vermir. Ermənistan tərəfi Azərbaycandakı hakimiyyət böhranından istifadə edərək yeni torpaqlar işğal etmək niyyətlərindən əl çəkməmişlər. Bir neçə yaşayış məntəqəsi dağıdılmış, necə-necə kənd ələ keçirilmişdir. Ermənistan silahlı qüvvələri Ağdərəni, Ağdam rayonunun bir neçə kəndini işğal etməyə müvəffəq olmuşlar. Gədəbəy rayonuna da hücumlar edilmişdir. Bu gün Füzuli və Cəbrayıl rayonları da Ermənistan ordusunun güclü hücumlarına məruz qalmış, Füzulinin üç kəndi işğal olunmuşdur. Hazırda bu istiqamətdə qanlı döyüşlər davam edir. Bütün bunlar göstərir ki, Ermənistan ABŞ, Rusiya və Türkiyənin təşəbbüsü ilə hazırlanmış təkliflər planına və BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsinə məhəl qoymur və sülh proqramının yerinə yetirilməsini istəmir.

Heydər Əliyev demişdir ki, Azərbaycan Respublikası üçtərəfli planın həyata keçirilməsinə, müharibənin ATƏM-in Minsk qrupu vasitəsilə aparılan danışıqlar yolu ilə başa çatdırılmasına tərəfdardır, beynəlxalq təşkilatların bu istiqamətdəki bütün sülh təşəbbüslərini bəyənir və müdafiə edir.

Minsk konfransının sədri Mario Raffaellinin iyulun 5-də Bakıya gözlənilən səfərinə öz münasibətini bildirən Heydər Əliyev demişdir ki, biz səfəri yüksək qiymətləndiririk və belə hesab edirik ki, Ermənistan tərəfi də bu sülh niyyətinin səmərə verməsinə şərait yaratmalıdır.

Heydər Əliyev diplomatlardan xahiş etmişdir ki, bütün dünya ictimaiyyətini, öz dövlətlərini, ATƏM üzvlərini BMT-nin köməyi ilə Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırsınlar.

AzərTAc

\"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə\", Baki 2000 səh 43-44.