Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Robert Köçəryan ilə təkbətək görüş başa çatdıqdan sonra jurnalistlərin suallarına cavabı - Soçi şəhəri, Daqomıs iqamətgahı, 1 avqust 2001-ci il

Robert Köçəryan: Əlbəttə, biz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemini müzakirə etdik. Deyə bilmərəm ki, biz yekdil rəyə gəldik. Biz müzakirələrimizi davam etdirməyi qərara aldıq. Əlbəttə, söhbət asan olmadı, lakin biz, hər halda, belə bir əhval-ruhiyyədəyik ki, qəti qərar tapmaq lazımdır.

Heydər Əliyev: Mən bu fikirlə razıyam. Həqiqətən, bu məsələnin həllinin hər hansı variantlarını tapmaq üçün hətta bizə ayrılmış vaxtdan da çox vaxt sərf etdik. Biz müxtəlif variantları müzakirə etdik, amma hələlik hər hansı bir qəti qərara gələ bilmədik və ona görə də iki prezident arasında dialoqu davam etdirmək barədə razılığa gəldik.

Sual: Demək olarmı ki, düyün açılmışdır?

Heydər Əliyev: Xeyr, mən hesab etmirəm ki, düyün açılmışdır.

Sual: Həmsədrlər deyirlər ki, danışıqlar Parisdə və Ki-Uestdə işlənib hazırlanmış prinsiplər əsasında davam etdirilməlidir. Siz bunu neçə şərh edərdiniz? Azərbaycanın Xarici İşlər naziri Quliyev demişdir ki, bu, ermənilərin prinsipidir.

Heydər Əliyev: Gəlin kimin nə dediyindən söhbət açmayaq. Biz sizə nə deyiriksə, ona da inanın.

Robert Köçəryan: Biz razılaşmışıq bu barədə təmkinli olaq. Sadəcə, bir dövr var idi ki, mətbuat vasitəsilə bir-birimizə qol vurmağa çalışırdıq. Hesab etmirəm ki, bu cür yanaşmalar qəti bir qərarın axtarışı üçün daha əlverişli şərait yaranmasına gətirib çıxaracaqdır.

Heydər Əliyev: Yeri gəlmişkən, nə barədə danışdığımızı biz tərəfdən, demək olar, heç kim bilmir. Odur ki, kim nə danışırsa, öz fikrini söyləyir.