Azərbaycan Prezidenti Heydər Əliyevin görkəmli Azərbaycan yazıçısı və kinodramaturqu Maqsud İbrahimbəyovun 60 illik yubileyi gecəsində çıxışı - \"Gülüstan\" Sarayı, 14 may 1995-ci il

Hörmətli Maqsud!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Ölkəmiz və xalqımız üçün əlamətdar bir hadisə - Maqsud İbrahimbəyovun anadan olmasının 60 illiyi münasibətilə sizi bu gün burada, \"Gülüstan\" sarayında ürəkdən təbrik edirəm. Bu gün burada başqa yerlərdən gəlmiş qonaqlar da iştirak edirlər, ona görə də çıxışımı rus dilində başladım. Azərbaycanda rus dilini yaxşı bilirlər, amma bizim doğma dilimiz Azərbaycan dilidir. Bu gün ədəbiyyat gecəsi, mədəniyyət gecəsidir. Ədəbiyyat və mədəniyyətimizdə isə dilin yeri əvəzsizdir.

Hörmətli Maqsud, hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar!

Bu gün doğrudan da çox əlamətdar bir gündür. Biz Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndəsi, böyük ictimai-siyasi xadim, respublikamızın həyatında, xalqımızın qarşısında böyük xidmətləri olan Maqsud İbrahimbəyovun 60 illik yubileyini qeyd edirik.

Mən prezident kimi, Maqsud İbrahimbəyovu rəsmi təbrik etmişəm və onun respublikamızın ən yüksək mükafatı olan \"Şöhrət\" ordeni ilə təltif olunması haqqında fərman imzalamışam. Yəni dövlət tərəfindən, rəsmi tərəfdən həm təbrik, həm təltif artıq ictimaiyyətə məlumdur. Ancaq mən bu gün buraya Maqsudun dəvəti ilə gəlmişəm. Məhz ona görə ki, bu, təkcə Maqsudun yubileyi deyil, bizim Azərbaycan xalqının, Azərbaycan Respublikasının mədəniyyətinin, ədəbiyyatının həyatında xoş gündür, əlamətdar gündür, deyə bilərəm ki, tarixi gündür.

Biz xalqımızın tarixi, keçmişi ilə, əldə etdiyi nailiyyətlərlə həmişə fəxr edirik. Bu sahədə xalqımızın tarixində ən görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur. Çoxəsrlik tariximizdə məhz mədəniyyət, ədəbiyyat, incəsənət xalqımızı çətin yollarla bu günə gətirib çıxarıbdır və xalqımızın mənəviyyatını, zənginliyini dünyaya nümayiş etdirib, dünya xalqlarına çatdırıbdır. Keçmişdə də, indi də xalqımız, respublikamız ən çox öz mədəniyyəti, ədəbiyyatı, öz intellektual səviyyəsi ilə dünyada tanınır. Məhz buna görə də bugünkü məclis xüsusi xarakter daşıyır.

Doğrudur, bizim adət-ənənəmizə görə indiyə qədər belə yubileylər bir formada keçirilibdir. Müəyyən bir stereotip formalaşıbdır. Ancaq həyat inkişaf edir, bizə yeniliklər gətirir. Bu gün biz yubileyi keçmişdə olan ənənə kimi yox, Maqsudun təşəbbüsü ilə bu formada keçiririk. Mənə belə gəlir ki, bunun da özünə görə həm əhəmiyyəti var, həm də, deyə bilərəm, ləzzəti var. Məhz bu günü, bu yubiley gecəsini mən bütün ədəbiyyatımız üçün, bütün mənəviyyatımız üçün, bütün mədəniyyətimiz üçün böyük bir gün hesab edərək buraya gəlmişəm və Maqsudla, onun dostları, qonaqları ilə bərabər bu günü qeyd edirəm.

Maqsud İbrahimbəyovun xidmətləri böyükdür. Ədəbiyyatımızda, incəsənətimizdə onun özünəməxsus yeri var. Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər. Məhz bunlardan biri də Maqsud İbrahimbəyovdur. Onun yaradıcılığı, əsərləri özünəməxsus formada, məzmunda, mənadadır və bizim başqa yaradıcı adamlarımızın əsərlərindən fərqi onun məhz bu xüsusiyyətlərindədir.

Maqsud haqqında, onun yaradıcılığı haqqında çox söz demək olar. Mən bu gün onun yaradıcılığına təhlil vermək istəmirəm. Ancaq onun əsərləri bizim həyatımızı, reallığımızı, yaşadığımız dövrü həqiqi əks etdirən əsərlərdir. Maqsud İbrahimbəyovun və onunla bərabər Rüstəm İbrahimbəyovun ictimaiyyətə tanınması dövrü, onların ədəbiyyatda, mədəniyyətimizdə ilk addımları mənim yaxşı xatirimdədir. Bunlar adi deyildi. Müəyyən qədər qeyri-adi idi. Bəzən də mövcud formalara uyğun gəlmədiyinə görə birmənalı qəbul olunmurdu. Hətta bir vaxt bu qardaşlar dissident kimi tanınmırdılar. Yəni bunlar dissident deyildi. Azərbaycanda heç vaxt dissident olmayıbdır. Mənə Moskvada istefada olduğum vaxt bir sual verdilər. Ağır dövrdə olduğum vaxt - 1989-cu ildə bir müxbir mənimlə müsahibə aparırdı. O zaman mənə çox böhtanlar yağdırırdılar.

O vaxtlar kim dissident olub, kim olmayıb məsələsi dəbdə idi. Məndən soruşdular ki, siz rəhbərlik etdiyiniz vaxt Azərbaycanda dissidentlər vardımı? Mən dedim yox idi. Dedilər nə üçün? Dedim ki, sadəcə olaraq biz onları axtarmırdıq. Əgər doğrudan da biz o vaxt dissident axtarmaq istəsəydik elə Maqsud İbrahimbəyovu da, Rüstəmi də dissident kimi damğalamaq olardı. Bəziləri də bunları belə damğalayırdılar və bu cür qələmə verirdilər. Ancaq bunlar heç vaxt dissident olmayıblar. Azərbaycanın mədəniyyətində, incəsənətində, ədəbiyyatında həmişə öz görkəmli yerlərini tutublar, bizim xalqımız, yaşadığımız dövr, o zamanlar, o illər üçün və bu gün, gələcək üçün çox dəyərli əsərlər yaradıblar. Həmin əsərlər bu gün də çox maraqla oxunur, sabah da oxunacaq, güman edirəm ki, gələcək nəsillər də bu əsərləri oxuyaraq 60-cı, 70-ci, 80-ci illərdə Azərbaycan xalqının həyatının nə cür olduğunu çox yaxşı dərk edə biləcəklər.

Maqsudun yaradıcılığı - bilirsiniz, Maqsud deyəndə Rüstəm də yada düşür. Çünki bunların yaradıcılığı, həyat yolu da bir-birinə çox bənzəyir. Ancaq bu gün mən yalnız Maqsud haqqında deyirəm, amma Maqsud ilə Rüstəmin yaradıcılıq yolu bir-birinə çox yaxındır, eyni vaxtda başlayıblar, qardaşdırlar - məhz ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onlar həmin bu illərin həqiqətini, bir daha qeyd edirəm, açıq-aydın əks etdirirlər. Həqiqət də bizim həyatımızın həm dəyərli cəhətləri idi, müsbət cəhətləridir, həm də şübhəsiz ki, həyatımızın, ictimaiyyətin, cəmiyyətin mənfi, neqativ cəhətləridir. Bu baxımdan Maqsudun və Rüstəmin yaradıcılığı ədəbiyyatda, deyə bilərəm ki, mənim siyasətdə ilk dəfə fəaliyyətə başlayarkən atdığım addımlara bənzəyir.

İndi biz Maqsudun 60 illik yubileyini qeyd edirik. 60-cı illər mənim xatirimdədir. Maqsud 25-30 yaşında gənc oğlan idi. Rüstəm bundan da gənc idi. Yaradıcılıqda ilk addımlar atırdılar. 1969-cu ildə mən Azərbaycan Respublikasına rəhbərlik etməyə başladım. Bunlar o vaxt gənc yazıçılar, ədəbiyyatımızın gənc nəslinin nümayəndələri idilər. Bu yolu 30 il bir yerdə keçmişik. İndi mən Maqsuda baxanda onu yenə gənc hesab edirəm. Çünki mənim yaddaşımda o dövr qalıbdır ki, o vaxtlar Yazıçılar İttifaqı ilə, yazıçılarla məşğul olanda deyirdik gənc yazıçılarla ayrı görüşək. Xatirimdədir. Yazıçılar İttifaqının qurultayları ərəfəsində bir ittifaqın rəhbərliyi ilə, bir də gənc yazıçılarla görüşürdük. Gənc yazıçılar Maqsud idi, Rüstəm idi, başqaları idi - ona görə də bunlar mənim üçün elə gənc qalıblar. İndi mən təsəvvür edə bilmirəm ki, Maqsudun 60 yaşı var və biz də gəlmişik bunu qeyd edirik. Amma eyni zamanda bu onu göstərir ki, 60 yaş da böyük bir yaş deyil. Elədirmi? Sən necə hiss eləyirsən özünü?

Maqsud İbrahimbəyov: Hiss edirəm ki, lap cavanam.

Heydər Əliyev: Bu illəri bir yerdə yaşamışıq, bir yerdə keçmişik. Düzdür, müəyyən vaxt ayrı da düşmüşük. Ancaq Maqsudun yaradıcılığının, ictimai fəaliyyətinin, bütün insani keyfiyyətlərinin xüsusiyyəti bir də ondan ibarətdir ki, o, yolunu həmişə düz gedib. Əgər belə bir söz desəm inciməz, - yolunu azmayıbdır, yolundan çıxmayıbdır. Öz əqidəsini heç vaxt hansı bir konyuktur səbəblərə görə dəyişməyibdir.

Bu dövr çox mürəkkəb, böyük ictimai-siyasi proseslər dövrüdür. Təsəvvür edin, 60-cı ildə biz hansı bir şəraitdə, 70-ci ildə hansı şəraitdə, 80-ci ildə hansı şəraitdə yaşayırdıq. İndi 95-ci ildir. Başqa bir şəraitdə yaşayırıq. Bu dövrdə Azərbaycanın başına böyük bəlalar gəlibdir. Respublikamızın daxili həyatında çox ciddi ictimai-siyasi proseslər gedib. Bu proseslərin bəziləri ölkəmizə çox böyük ziyan, zərər vurubdur. Respublikamız yeddi il bundan öncə müharibəyə cəlb olunubdur. Ermənistan Azərbaycana təcavüz edibdir. Müharibə başlayıbdır. Biz indi də müharibə şəraitində yaşayırıq. Düzdür, bir il tamam olub ki, biz atəşi kəsmişik. Bir ildir xalqımız sülh içində yaşayır. Bir ildir atəş yoxdur. Bir ildir güllə səsi eşidilmir. Bir ildir şəhidlər gəlmir. Bu son dövrdə əldə etdiyimiz nailiyyətdir. Ancaq eyni zamanda biz müharibəni sona çatdıra bilməmişik, işğal olunmuş torpaqlarımızı geri qaytara bilməmişik. Bir milyondan artıq vətəndaşımız işğal olunmuş torpaqlardan qaçqın düşüb. Başımıza çox bəlalar gəlibdir. 1990-cı ilin yanvar faciəsi böyük bəladır. Ondan öncəki illərdə Azərbaycan Respublikasının başına gələn bəlalar, Ermənistanın təcavüzü başlanan vaxtdan sonrakı dövr...

Bəli, həyatda çox dəyişikliklər olubdur. Adamlar bu cürbəcür ictimai-siyasi proseslərin təsiri altında bəzən o tərəfə də, bu tərəfə də əyiliblər. Külək o tərəfə əsəndə ora, bu tərəfə əsəndə bura dönüblər. Ancaq insanların çoxu, o cümlədən xüsusən Maqsud kimi insanlar heç vaxt yolunu dəyişdirməyiblər, həqiqəti heç vaxt unutmayıblar, həqiqətə həmişə həqiqət kimi baxıblar. Bilirsiniz, xasiyyətdə, ictimai həyatda, yaradıcılıqda sabitlik çox böyük xüsusiyyətdir. Ozünəməxsus xarakterini qoruyub saxlamaq çox böyük bir keyfiyyətdir. Bunlar hamısı Maqsuda xas olan xüsusiyyətlərdir. Məhz buna görə də Maqsud sevilir, Maqsud tanınır, Maqsud hörmətə malikdir.

Maqsudun yaradıcılığının xüsusiyyəti bir də ondan ibarətdir ki, o, əsərlərini rus dilində yazır. Bizim içərimizdə elə adamlar var ki, bəzən deyirlər, əgər bu rus dilində yazırsa, Azərbaycan yazıçısı deyil. Şübhəsiz ki, bu, yanlış fikirlərdir. Bunlarla razılaşmaq olmaz. Əgər biz bununla razı olsaq, gərək deyək ki, Nizami Gəncəvi də Azərbaycan şairi deyil və yaxud Nəsimi də azərbaycanlı deyil. Bu il biz böyük şairimiz Məhəmməd Fizulinin 500 illiyini qeyd edirik.

Onun türk dilində, yəni Azərbaycan dilində də yazdığı əsərlər çoxdur. Ancaq eyni zamanda fars, ərəb dillərində də çox yazıbdır. Mən hesab edirəm ki, qanı ilə, canı ilə, ruhu ilə, qəlbi ilə azərbaycanlı olub, başqa dildə əsər yazıb Azərbaycanı başqa dilli adamlara yazdıqları ilə tanıtdırmağın özü də bir nailiyyətdir, böyük bir xüsusiyyətdir. Xüsusən o dövrdə ki, biz Sovetlər İttifaqının tərkibində idik. Ümumi bir millətlərarası dilimiz var idi - rus dili. Bu dili Azərbaycanda demək olar ki, çoxları yaxşı bilirlər.

Bilirsiniz, yaradıcılığa bir peşə kimi baxmaq olmaz. Yaradıcılıq fitri istedadla bağlıdır. Şair olmaq, yazıçı olmaq, bəstəkar olmaq, musiqiçi olmaq - bunları oxumaqla öyrənmək olmaz. Mən bilirəm ki, Maqsud da, Rüstəm də ədəbiyyat institutunu bitirməyiblər. Bunlar ikisi də mühəndis olub. Ancaq fitri istedadlarına görə yazıçılıq yoluna, ədəbiyyat, mədəniyyət, incəsənət yoluna düşüblər və içindən gələn bu fitri istedadı rus dilində ifadə etmək, Azərbaycan həyatını, Azərbaycan gerçəkliyini, reallığını rus dilində vermək özü də asan iş deyildir. Bu da xüsusi bir keyfiyyətdir. Ona görə mən bunu da qeyd edirəm. Tək Maqsud deyil - ədəbiyyatımızda belə görkəmli şəxsiyyətlər yenə var - onları həmişə mən böyük hörmət və ehtiramla qəbul etmişəm. Bir oxucu kimi, siyasət adamı kimi heç vaxt seçməmişəm ki, bu hansı dildə yazır.

İndi biz müstəqil bir dövlətik. Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir. Əminəm ki, biz müstəqil Azərbaycan dövlətini yaşadacağıq, irəliyə aparacağıq. Bizim indiyə qədər yaranmış intellektual potensialımız, iqtisadi potensialımız, insanlarımızda indiyə qədər yaranmış olan qüdrət, cəsarət müstəqil Azərbaycanı yaşadacaq, nəsillərdən nəsillərə verəcəkdir. Ona görə də biz Azərbaycan dilinin inkişafına xüsusi fikir veririk. O vaxtlar da xüsusi fikir verilirdi. Əgər elə olmasaydı, Azərbaycan dilində belə zəngin ədəbiyyatımız yaranmazdı.

Ancaq bununla yanaşı, o dövrdə biz İttifaqda olanda bir ümumi dil - rus dili var idi. Bu dildə yazıb Azərbaycanı təbliğ etmək, Azərbaycanın reallığını bildirmək, Azərbaycanı tanıtmaq çox böyük bir iş idi. Xatirimdədir, Mən Moskvada, Kremldə işləyəndə Maqsud xahiş elədi, onunla görüşdüm. Mənə öz kitabını hədiyyə verdi. O vaxt Yuqoslaviyadan böyük bir səfərdən qayıtmışdım. Mənə dedi ki, Yuqoslaviya prezidentinin xanımı onun bu kitabının serb dilinə tərcüməçisidir. Bu məndə böyük bir hissi oyatdı. Moskvada Kremldə oturmuşam, Maqsud İbrahimbəyovla söhbət edirəm. O, əsər yazıbdır, bu əsəri Yuqoslaviyada serb dilinə tərcümə ediblər. Tərcümə edən də Yuqoslaviyanın dövlət başçısının xanımıdır, - bunlar adi şeylər deyildir. Bu barədə çox xatirələr var, saatlarla demək olar. Ancaq bir neçəsini yada salaraq Maqsudun həyat yolunu yaradıcılığının nə qədər zəngin olduğunu bir daha qeyd etmək istəyirəm.

Burada bir çıxışda dedilər \"bakılı\", \"bakinets\". Maqsud əsərlərinin əksəriyyətini Bakı şəhərinin həyatının təsvirinə həsr edibdir. Ancaq doğrudan da belədir ki, Bakıda hamı bakılıdır. Təkcə Bakıda anadan olanlar, əsli-kökü buradan olanlar deyil, hamı bakılıdır. Bakı elə bir şəhərdir ki, Azərbaycanda yaxşı nə varsa, hamısını özünə çəkmişdir. Ona görə də \"bakılı\" sözünü məhz bu mənada başa düşmək lazımdır. Bunu təhrif etməyə, ondan cəmiyyətimizdə, dövlətimizdə, müstəqil Azərbaycanımızda hansısa bir təbəqələşmə yaratmaq üçün istifadə etməyə yol vermək olmaz.

Biz bu gün burada, \"Gülüstan\" sarayına toplaşmışıq. Bakılıların yadındadır, bir vaxtlar bura qəbiristanlıq idi. Özü də bura \"Çəmbərəkənd\" deyirdilər. Xatirimdədir, gənc vaxtlarımda mən burada yaşayarkən biri qocalanda, özünü pis hiss edəndə deyərdi vaxtım çatıbdır, Çəmbərəkəndə gedəcəyəm. Bakıda qədimdən yaşayan adamlar bunu bilirlər. O vaxtlar mən gənc idim, bilmirdim \"Çəmbərəkadə gedəcəyəm\" nə deməkdir.

Bəli, bura qəbiristanlıq olubdur. İnsanları gətirib burada dəfn edirmişlər. Amma indi görürsünüz nə qədər abad bir yerdir. Qəbiristanlıq olan yerdə indi \"Gülüstan\" sarayıdır. Qəbiristanlıq olan yerdə indi gözəl otellərdir. Qəbiristanlıq olan yerlər indi dağüstü parkdır. Qəbiristanlıq olan yerdə indi gözəl binalardır. Bunların hamısı bakılıların, Bakıda yaşayan Azərbaycan vətəndaşlarının zəhməti, əməyi ilə yaranıbdır.

Bakını böyük bir tarixi dövrdə nəsilbənəsil insanlar tikib, yaradıb, bugünkü günə gətirib. Bizim Bakı gözəl bir şəhərdir. Ancaq gələcəyi bundan da gözəldir. İndiyə qədər Bakını tikib, qurub yaradanlara biz minnətdarlığımızı bildiririk. Ancaq mən tam ümidvaram ki, bundan sonra gələn nəsillər Bakını, bütün Azərbaycanı daha da gözəl, daha da dəyərli, daha da firavan edəcəklər.

Ona görə də biz azərbaycanlıyıq. Biz bakılıyıq. Biz müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Biz hamımız birik. Hamımız bir olaraq bu ağır imtahanlardan, ağır sınaqlardan çıxa bilərik. Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın yaratdığı mənəvi dəyərlər əsasında hamımız birləşərək tutduğumuz uzun, böyük yolu müvəffəqiyyətlə gedə bilərik. Yolumuz ağırdır, çətindir. Amma inanıram ki, yolumuz bizi çox xoşbəxt gələcəyə aparır. Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram. Mən bu gələcəyə ümidlə yaşayıram. Mən bu gələcək naminə Azərbaycan vətəndaşlarının hamısını birliyə və bu uzun yolu bir yerdə getməyə dəvət edirəm. Bu baxımdan buradakı toplantı, gecə, mənə belə gəlir ki, hamımızın mənəviyyat, incəsənət, ədəbiyyat, mənəvi dəyərlər üzərində birləşməyimiz üçün yaxşı bir addımdır.

Maqsud, mən səni təbrik edirəm. Sənə və sənin xanımına, sənin qardaşına, qohumlarına cansağlığı, xoşbəxtlik arzu edirəm və ümidvaram ki, sən Azərbaycan xalqı üçün, Azərbaycan Respublikası üçün, müstəqil Azərbaycan üçün yeni dəyərli əsərlər yazacaqsan, bizi sevindirəcəksən və gün olacaq ki, sənin gələcək yubileylərinə də biz böyük iftixar hissi ilə, məmnuniyyətlə gələcəyik. Sənin yaradıcılığına mən çox yüksək qiymət verirəm. Sənə böyük gələcək fəaliyyətlər arzulayıram. Sağ olun.