Professor Fərman Salmanova - 26 iyul 2001-ci il

Hörmətli Fərman Salmanov!

Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram.

Siz bütün həyatınızı neft və qaz yataqlarının işlənilməsinə həsr etməklə, Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tarixə həmişəlik daxil olmusunuz. Yüzdən çox yatağın kəşf olunması ilə nəticələnmiş əməli fəaliyyətiniz əməyi bütün həyatının mənasına çevrilmiş nadir insanlardan olduğunuza dəlalət edir.

Azərbaycanda təhsilinizi başa vurduqdan sonra Siz neft Bakısının ənənələrini Qərbi Sibirdə davam və inkişaf etdirərək, olduqca qısa müddət ərzində böyük nailiyyətlər əldə edə bilmisiniz. Məhz Sizin kimi görkəmli şəxsiyyətlərin səyləri sayəsində Qərbi Sibir bütün dünya üçün ən iri neft və qaz mənbələrindən biri oldu. SSRİ isə 80-ci illərdə neft hasilatı və təbii qaz ixracı üzrə ən iri ölkəyə çevrildi.

Şəxsiyyətinizdə tədqiqatçı alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsinin birləşməsi Sizə layiqli şöhrət qazandırmışdır. Sovet İttifaqının bir çox yüksək adlarına layiq görülməyiniz, müxtəlif orden və medallarla təltif edilməyiniz neft sənayesinin inkişafı işindəki xidmətlərinizə verilən qiymətin ifadəsidir. Elmi axtarışlarınızın nəticələri də yüksək dəyərləndirilmişdir.

Azərbaycanda fəaliyyətinizi daim maraq və rəğbətlə izləyirlər. Sizin uğurlarınız hər bir azərbaycanlının qəlbini həmişə iftixar hissi ilə doldurur. Siz topladığınız zəngin təcrübə və elmi biliklərdən dolğun istifadə etmək, bu gün də əvvəlki enerji və həvəslə çalışmaqdasınız. İnanıram ki, öz səmərəli fəaliyyətinizlə bundan sonra da dünya yanacaq-enerji kompleksinin inkişafına xidmət edəcək, yeni elmi uğurlar qazanacaq və Azərbaycanla Rusiya arasındakı hərtərəfli əlaqələrin möhkəmləndirilməsi işinə hər cür kömək göstərəcəksiniz.

Sizə uzun ömür diləyirəm.

Dərin ehtiramla

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.