Hörmətli qurultay nümayəndələri!
Sizi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iyirminci qurultayının açılışı münasibətilə salamlayır və səmimi-qəlbdən təbrik edirəm.
Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan Respublikasının ictimai həyatında qeyri-hökumət təşkilatlarının rolu getdikcə artır. Respublikamızda vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verən ictimai qurumlar arasında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur. Əsası 1920-ci ilin mart ayında, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Qızıl Aypara Cəmiyyəti yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək, humanitar problemlərin həllində fəal iştirak etmişdir.
Fəaliyyətinin əsas qayəsini xalqımıza xas olan insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlər təşkil edən Qızıl Aypara Cəmiyyəti vətəndaşlarımızın üzləşdiyi müxtəlif sosial problemlərin aradan qaldırılmasında göstərdiyi faydalı xidmətləri ilə tanınaraq ölkəmizdə nüfuz qazanmışdır.
Qızıl Aypara Cəmiyyəti müharibə və təbii fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən zəif müdafiə olunmuş təbəqələrinə yardım etməklə insanlara maddi və mənəvi dəstək verir, həyata inam hissi aşılayır, yüksək humanizm ideyalarını gündəlik praktik fəaliyyətində əks etdirir.
Xalqımızın çətin məqamlarında çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət vaxtilə geniş yayılmış vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında nəzərəçarpan rol oynamışdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının II Dünya müharibəsi illərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmət ordunun döyüş qabiliyyətinin yüksəlməsinə və faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - \"Florens Nayntingel\" medalı ilə təltif olunanlar sırasında Azərbaycan və Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması vətəndaşlarımızın qəlbində qürur hissi doğurur və böyük hörmətlə yad edilir.
Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir.
Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır. Qurumun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasına daxil edilməsi, Fövqəladə Hallarda Hazırlıq və Yardım Komissiyasında təmsil olunması müstəqil Azərbaycanın nüfuzunun artmasının təzahürüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müxtəlif beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlığı dövlətimizin üzləşdiyi humanitar problemlərin dolğun şəkildə həlli üçün zəmin yaradır.
İnanıram ki, Qızıl Aypara Cəmiyyəti ölkəmizin sosial problemlərinin aradan qaldırılması və vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması sahəsində dövlətimizin həyata keçirdiyi tədbirlərdə bundan sonra da böyük əzmkarlıqla iştirak edəcəkdir. Əminəm ki, iyirminci qurultayın qəbul etdiyi qərarlar təşkilatınızın işinin daha səmərəli şəkildə qurulmasına və nüfuzunun artmasına öz layiqli töhfəsini verəcəkdir.
Qurultayın işinə uğurlar, hər birinizə cansağlığı və nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
\"Azərbaycan\" qəzeti, 13 mart 2003-cü il.