Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransaya işgüzar səfərə yola düşərkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 26 mart 1997-ci il

Bu, çox qısamüddətli, işgüzar bir səfərdir. Mən sabah səhər Fransanın prezidenti Jak Şirakla, xarici işlər naziri Erve de Şarett ilə görüşəcəyəm. Ola bilər, başqa görüşlərim də olsun. Prezident Jak Şirakın və böyük musiqiçi Mstislav Rostropoviçin dəvəti ilə günün ikinci yarısında, axşam Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcəyəm.

Qondarma \"Dağlıq Qarabağ Respublikası\"nın \"prezidenti\" Robert Koçaryanın Ermənistanın baş naziri təyin edilməsi ilə bağlı suala cavab olaraq deməliyəm ki, bu məsələ məlumdur, Xarici İşlər Nazirliyi bizim bu barədə fikrimizi bildiribdir. Mənim Moskvada da görüşlərim olacaqdır. Levon Ter-Petrosyan ilə də görüşəcəyik. Biz Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi məsələsi barədə danışıqlar aparacağıq.

MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının görüşündən sonra Rusiyanın prezidenti Boris Yeltsinlə də mənim görüşüm olacaqdır. Biz bir sıra məsələləri müzakirə edəcəyik.