Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində çıxışı - Lüksemburq, 22 aprel 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında bu gün imzalanan saziş gənc müstəqil Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi bir hadisədir.

Saziş hərtərəfli əməkdaşlığı genişləndirmək və dərinləşdirmək, beynəlxalq sülhü və təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirmək, insan hüquqlarını qorumaq, bütün Avropa qitəsində tərəqqiyə və səmərəli əməkdaşlığa nail olmaq üçün geniş üfüqlər açır.

Azərbaycan Avropa ölkələri arasında inteqrasiya proseslərinin gələcəyinə böyük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak edəcəkdir.

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Qısa bir zaman ərzində bu sahədə xeyli nailiyyətlər əldə edilmişdir. Respublikada otuzdan artıq siyasi partiya fəaliyyət göstərir, siyasi plüralizm, söz azadlığı, mətbuat və vicdan azadlığı bərqərar olmuşdur. Referendum yolu ilə müstəqil Azərbaycanın ilk demokratik konstitusiyası qəbul edilmiş, respublikanın parlamentinə çoxpartiyalı əsasda ilk demokratik seçkilər keçirilmişdir.

Biz azad sahibkarlığa və bazar iqtisadiyyatına əsaslanan geniş miqyaslı iqtisadi islahatlar aparırıq. Mülkiyyətin özəlləşdirilməsinə dair dövlət proqramı qəbul edilib və həyata keçirilir. Özəl sektorun yaradılması və xarici investisiyaların cəlb edilməsi üçün hər cür şərait təmin olunur.

Dünyanın aparıcı şirkətləri ilə imzalanmış sazişlər Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında mühüm rol oynayır. Xəzər dənizinin Azərbaycan sektorundakı enerji ehtiyatlarının birgə istismarına dair xarici şirkətlərlə bağlanmış neft müqavilələri buna əyani sübutdur.

İqtisadi islahatları həyata keçirmək üçün biz beynəlxalq maliyyə təsisatları və beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edirik. Avropa Birliyi ilə əməkdaşlığa isə xüsusi əhəmiyyət veririk.

Avropa Birliyinin topladığı təcrübə və bu birliyə daxil olan dövlətlərin demokratiyanı inkişaf etdirməkdə, səmərəli iqtisadiyyat yaratmaqda, öz xalqlarının firavanlığını təmin etməkdə qazandıqları müvəffəqiyyətlər gənc müstəqil dövlətlər üçün gözəl nümunədir.

Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və möhkəmləndirmək sahəsində də Avropa Birliyinin böyük nailiyyətləri var. Bir çox kəskin beynəlxalq problemlər barəsində Avropa Birliyinin tutduğu prinsipial mövqelər istər Avropada, istərsə də onun hüdudlarından kənarda münaqişələrin ədalətlə aradan qaldırılmasına dəfələrlə kömək etmişdir. Biz ümid edirik ki, Cənubi Qafqazda mövcud olan problemlərin həllində də Avropa Birliyi daha fəal iştirak edəcək və bu da regionumuzda sülhün və sabitliyin tezliklə bərpa olunmasına öz təsirini göstərəcəkdir.

Azərbaycana qarşı törədilmiş təcavüz nəticəsində ərazimizin iyirmi faizi işğal edilmiş, minlərlə kəndlər, şəhərlər, sosial, xalq təsərrüfatı obyektləri, mədəniyyət abidələri dağıdılmış, yerlə yeksan edilmişdir. İşğal olunmuş ərazilərdən bir milyondan çox Azərbaycan vətəndaşı öz doğma yurdlarından didərgin düşmüş və qaçqın vəziyyətində yaşayır.

Böyük itkilərə, xalqımıza dəyən maddi və mənəvi zərbələrə baxmayaraq, biz Ermənistanla münaqişəni sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq. Sülhə nail olmaq üçün dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaq, beynəlxalq hüquq normalarına əməl etmək lazımdır.

Bu mötəbər məclisdə mən bir daha bəyan edirəm ki, biz bu prinsiplərə bundan sonra da sadiq olacağıq, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunmasına çalışacağıq.

Bunun üçün işğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələri çıxmalıdır.

Yerlərindən-yurdlarından didərgin düşmüş qaçqınlar doğma yurdlarına qayıtmalıdırlar.

Azərbaycan Respublikası Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində müasir dünya təcrübəsində mövcud olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır. İki dövlət arasında sülhün əldə olunması regionda sabitliyi və iqtisadi çiçəklənməni təmin edəcəkdir.

Fürsətdən istifadə edib, Azərbaycana göstərilən humanitar yardım üçün Avropa Birliyinə öz təşəkkürümü bildirirəm. Humanitar yardım hərbi təcavüz nəticəsində ziyan çəkmiş yüz minlərlə adamın vəziyyətini yüngülləşdirmişdir. Ümidvaram ki, Avropa Birliyi gənc dövlətimizin ehtiyaclarının və problemlərinin həll olunmasında bundan sonra da öz xeyirxahlığını əsirgəməyəcəkdir.

Azərbaycan ilə Avropa Birliyinin münasibətlərində yeni səhifə açarkən bir daha bəyan edirəm ki, sülh və sabitlik naminə, Avropa qitəsinin bütün xalqlarının rifahı naminə əlimizdən gələni edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 23 aprel 1996-cı il.