Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin \"Rossiyskaya qazeta\"nın müxbirinə müsahibəsi - 15 iyun 1994-cü il

- Tezliklə Sizin Azərbaycan prezidenti seçilməyinizin bir ili tamam olacaq. Bir neçə il bundan əvvəl əksəriyyət əmin idi ki, H.Əliyevin siyasi karyerası başa çatmışdır…

- Mən buraya, demək olar ki, öz iradəmlə gəlməmişəm. 1987-ci ildə SSRİ rəhbərliyi ilə, o cümlədən şəxsən Qorbaçovla ciddi ixtilaflar ucbatından Siyasi Büronun tərkibindən çıxanda siyasi fəaliyyətlə məşğul olmurdum. 1990-cı ilin axırlarında mənə, Bakıda yaşamaq üçün imkan verilməyəndə Naxçıvanda sığınacaq tapdım, yenə də siyasi həyata qoşulmaq istəmədim. Amma 1991-ci ildə çox mürəkkəb vəziyyət yarandı. Azərbaycanın tərkibində olan bu muxtar respublika dövlətin əsas ərazisindən ayrı düşmüş, İran, Türkiyə və Ermənistanla həmsərhəddir, buna görə də müharibə nəticəsində blokadaya məruz qaldı. Xalq bir neçə gün meydanlarda mitinq keçirdi, tələb etdi ki, mən respublika Ali Sovetinə rəhbərlik edim və beləliklə də, bunu etməyə məcbur oldum. İşləməyə başladım. Bu, çox mürəkkəb regiondur. Biz çətinliklə yaşayırdıq, amma hər halda xırda sərhəd toqquşmaları istisna olmaqla sakit həyat keçirirdik.

Orada indi də nə müharibə, nə də əvvəlki kimi kriminogen vəziyyət var. Türkiyə Naxçıvana 100 milyon dollar məbləğində kredit verdi, onun 20 milyonunu dərhal ərzaq alınmasına sərf etdik, bu da vəziyyəti yüngülləşdirdi. Fikirləşirdim ki, bu muxtar respublika mənim üçün son dayanacaqdır.

Amma keçən ilin iyununda Azərbaycanda hakimiyyət uğrunda mübarizə kəskinləşdi, respublika vətəndaş müharibəsi həddinə çatdı. Onda prezident Əbülfəz Elçibəyin şəxsində Azərbaycan rəhbərliyi mənə müraciət edərək Bakıya gəlib respublikanı böhrandan çıxarmağa kömək göstərmək barədə müraciət etdi. Mən qayıtmaq istəmirdim, amma sonra qərarlaşdım ki, xalq bədbəxtliyə düçar olubsa, kənarda qalmaq doğru deyil. Təəssüf ki, Azərbaycan Ali Soveti sədri vəzifəsinin icrasına başlamağımdan iki gün sonra prezident Elçibəy gizli şəkildə Bakını tərk etdi və o vaxtdan bəri Naxçıvanda bir dağ kəndindədir. Mən tək qaldım. Budur, 11 aydan bəridir ki, respublikada vəziyyəti düzəltməklə məşğulam.

- Azərbaycanın qarşısında indi hansı əsas problemlər durur?

- Biz çox mürəkkəb dövr keçiririk. Vahid sovet dövlətinin tərkibində olduğumuz vəziyyətdən müstəqilliyin təşəkkülünə, suverenliyin möhkəmləndirilməsinə keçid öz-özlüyündə sadə deyil. Vəziyyəti mürəkkəbləşdirən bir də odur ki, bütün keçmiş sovet respublikaları, xüsusilə iqtisadiyyat sahəsində bir-biri ilə çox sıx bağlı idi və əlaqələrin qırılması Azərbaycan iqtisadiyyatına güclü təsir göstərdi. Digər tərəfdən, respublika bir iqtisadi sistemdən digərinə, öz qanunları və prinsipləri olan sosial iqtisadi sistemindən azad bazar iqtisadiyyatına keçir. Nəhayət, Azərbaycanda ictimai-iqtisadi vəziyyəti mürəkkəbləşdirən üçüncü məsələ müharibədir. Bu müharibə altı ildir davam edir, respublika ərazisinin təxminən 20 faizi işğal edilmişdir. 1 milyondan artıq adam qaçqın vəziyyətindədir.

- Münaqişənin səbəbləri haqqında nə deyə bilərsiniz və onu dayandırmaq üçün nə etmək lazımdır?

- Bu müharibəni Azərbaycan tərəfi başlamamışdır. İndi nə baş verdiyini təhlil etməyə lüzum yoxdur, amma mən bütün bunların nə vaxt baş verdiyi barədə bir şey demək istəyirəm. Azərbaycan vahid, mərkəzləşdirilmiş dövlətin - SSRİ-nin tərkibində idi və buna görə də İttifaq rəhbərliyi münaqişə yaranmasına imkan verməyə bilərdi. Yaxud da bu münaqişə başlasaydı, onun inkişafının qarşısını ala bilərdi. Təəssüf ki, belə olmadı. Qarabağ münaqişəsi SSRİ ərazisində ilk münaqişə idi, indi isə baxın, nə qədər qaynar nöqtə yaranmışdır.

Hazırda Azərbaycan öz ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda müharibə aparır. Amma bütün bu dövr ərzində mən müharibəyə danışıqlar yolu ilə son qoymaqla məşğul olmuşam. Mayın 10-da atəş kəsilmişdir. Hazırda ATƏM-in Minsk qrupunun və Rusiyanın iştirakı ilə danışıqlar gedir. Güman ki, münaqişəni aradan qaldırmaq üçün, nəhayət, razılaşma əldə etmək mümkün olacaq. Amma bir şərtlə: erməni hərbi birləşmələri Dağlıq Qarabağdan başqa, Azərbaycanın bütün işğal edilmiş ərazilərini boşaltmalıdırlar. Sonra Dağlıq Qarabağın statusu haqqında danışıqlar aparmaq olar.

- Bişkekdə danışıqlar zamanı ayrıca qüvvələr haqqında söhbət gedirdi.

- Baxarıq. Hər halda müharibəni dayandırmaq və atəşkəs barədə razılaşmaya riayət olunmasına nəzarət etmək, erməni hərbi birləşmələrinin çıxarılmasını təmin etmək üçün, şübhəsiz, hansısa qüvvələr lazımdır. ATƏM-in Minsk qrupu bu qüvvələri müşahidəçilərdə görür. Rusiya isə buraya MDB-nin sülhməramlı ayırıcı qüvvələri adlanan qüvvələri yeritmək istəyir, amma bu məsələ hələ danışıq mərhələsindədir.

- Qafqazda vəziyyəti necə qiymətləndirərdiniz? Son vaxtlar tez-tez deyirlər ki, Rusiya hələ də bu regiona münasibətdə dəqiq siyasi konsepsiya işləyib hazırlamamışdır.

- Rusiyanın hansısa dəqiq mövqeyinin olub-olmamasını demək mənə çətindir. Amma fakt odur ki, Qafqaz çox mürəkkəb regiondur, daha düşünülmüş, ölçülüb-biçilmiş, çox müdrik mövqe tələb edir, Rusiya isə böyük ölkədir. Qafqaz 200 ildən artıqdır onun tərkibindədir - istər çar Rusiyası olsun, istərsə də Rusiyanın hakim olduğu SSRİ. Rusiya da bütün Qafqaz respublikalarına eyni münasibət bəsləməlidir. Əgər bu və ya digər tərəfə sarı meyl olsa, bu, vəziyyətin mürəkkəbləşməsinə və nəticə etibarilə onun regionda nüfuzunun itirməsinə gətirib çıxaracaq. Təkrar edirəm, Rusiyanın hansı xalqla tarixən daha çox bağlı olduğundan, dini mənsubiyyətdən asılı olmayaraq ölçülüb-biçilmiş mövqeyi olmalıdır. Mənə elə gəlir ki, məhz bu halda həm Rusiyanın Qafqazda daha böyük nüfuzu olacaq, həm də Qafqazda daha çox sakitlik təmin ediləcək. Qafqazda daha çox sakitlik isə Rusiyada daha çox sakitlik deməkdir.

- Postsovet məkanında əlaqələrin qırılması problemini keçmiş respublikalar artıq iki ildir MDB çərçivəsində həll etməyə çalışırlar. Siz bu təşkilatın fəaliyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?

- Məncə, bu təşkilatın perspektivləri var. O, hər bir respublikanın daha müvəffəqiyyətlə inkişafı üçün lazımdır. Buna görə də mən Azərbaycanın rəhbəri olanda MDB-yə etimad ab-havası və birliyə daxil olmaqdan ötrü şərait yaratmaq üçün çox səy göstərdim.

Doğrusu, bu o qədər də asan deyildi. Müxtəlif səbəblər ucbatından Azərbaycanda Müstəqil Dövlətlər Birliyinə qarşı çox mənfi münasibət yaranmışdı. Demirəm ki, hamıda, amma mütləq əksəriyyətin münasibəti belə idi. Hər şeydən əvvəl, 20 yanvar 1990-cı il hadisələri xalqa çox ciddi mənəvi zərbə vurmuşdu. Digər tərəfdən, hakimiyyətdə olarkən Xalq Cəbhəsi çox fəal şəkildə anti-rus əhval-ruhiyyəsi yaratmışdı. Ona görə də ictimai şüurda bu əhval-ruhiyyəni aradan götürmək üçün bir neçə ay vaxt tələb olunurdu. Sentyabrın 24-də biz MDB-yə daxil olduq. Hesab edirəm ki, bu, lazımlı, mühüm addım idi və gələcəkdə Azərbaycan MDB-nin tərkibində olmalıdır. Birliyin praktik fəaliyyətinə gəlincə, deməzdim ki, bu təşkilat artıq təşəkkül tapmışdır və həqiqətən işləyir. Elə təsəvvür yaranır ki, dövlət başçılarının 1,5-2 gün davam edən görüşündə MDB, deyəsən, mövcuddur, amma bu görüşlər arasındakı dövrdə, deyəsən, yoxdur. Buna görə də, mənim fikrimcə, fəal tədbirlər görmək lazımdır ki, MDB daha müvəffəqiyyətlə fəaliyyət göstərsin.

- Bəs bunun üçün nə lazımdır? Bəlkə, hansısa dövlətüstü strukturlara ehtiyac var?

- Bunu məqsədəuyğun hesab etmirəm. Bunun arxasında vahid dövlətin bərpası, milli mənafeyə toxunmaq ehtimalı durur. Hazırda keçmiş respublikalar müstəqil dövlətlərdir və bununla razılaşmaya bilərlər. Ancaq daha sıx inteqrasiya zəruridir.

- Əvvəllər SSRİ-də tez-tez xalqlar dostluğu haqqında danışırdılar. MDB-də, bundan başqa, hansı məsələni istəyirlərsə, müzakirə edirlər. Sizə elə gəlmirmi ki, indi məhz bu lazımdır?

- Həqiqətən, bu məsələ çox mühümdür. Aşqabat görüşündə mən rəsmi bəyanat verdim və bildirdim ki, eyni ittifaqın üzvü olan iki dövlətin öz aralarında müharibə aparmasını qeyri-normal hal hesab edirəm. Amma cavab reaksiyası almadım. İkinci dəfə aprelin 15-də Moskvada yenidən belə bir məsələ qaldırdım ki, MDB birləşmək və ittifaqımızın mənafeyini müdafiə etmək üçün yaradılmışdır, buna görə də ittifaqın iki üzünün öz aralarında müharibə aparması yolverilməzdir, dünya praktikasında belə şey heç vaxt olmamışdır. Yenə də bu məsələni müzakirə etmədilər. Halbuki hərbi və iqtisadi amillərlə yanaşı, MDB-yə mənəvi-əxlaqi iqlim lazımdır, gələcək münaqişələrdən, bir-birilə ədavətdən qurtulmaq vasitəsi kimi xalqlar dostluğunun möhkəmləndirilməsi lazımdır. MDB-nin funksiyaları humanitar sahəni də, millətlər və xalqlar arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsini də əhatə etməlidir, amma bunun üçün MDB-nin özünün daxilində qarşılıqlı münasibətlər hərarətli və mehriban olmalıdır.

- Prezident olduğunuz qısa müddət ərzində Siz qeyri-adi diplomatik fəallıq göstərmisiniz. Beynəlxalq aləmdə Azərbaycanın yönümünü necə səciyyələndirmək olar?

- Belə bir faktı uğur hesab edirəm ki, Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin tənqidini müsbət tərəfə döndərmək mənə müyəssər oldu. Mən B.Yeltsin və V.Çernomırdinlə, digər rəsmi şəxslərlə görüşmüşəm, biz bir sıra mühüm sənədlər imzalamışıq, MDB-yə daxil olmuşuq. Yəni mənim ilk addımlarım Rusiya ilə xeyirxah münasibətlərin bərpasına yönəlmişdir. Bu xətt davam etdiriləcəkdir: Rusiya Azərbaycan üçün həm yaxın qonşu, həm də istər Azərbaycanda, istərsə də Rusiyada yaşayan respublika vətəndaşlarının bir çoxunun taleyinin bağlı olduğu böyük ölkədir.

Təbii ki, biz bütün qonşu ölkələrlə, məsələn, Türkiyə ilə dostluq münasibətlərinin yaradılmasına tərəfdarıq. Bu münasibətlər əvvəl də yaxşı idi, mənim Türkiyəyə səfərim və imzaladığım müqavilə isə münasibətlərimizi daha da möhkəmlətdi.

Başqa bir qonşumuz İrandır. Bizim böyük ümumi sərhədlərimiz, ənənəvi əlaqələrimiz var. Doğrudur, əvvəlki rəhbərlik İranla əlaqələrə lazımi əhəmiyyət vermirdi və münasibətlərimizdə bir qədər gərginlik yaranmışdı. Amma oktyabrda prezident Rəfsəncaninin Bakıya səfəri zamanı biz bir sıra sənədlər imzaladıq.

Gürcüstan da bizim qonşumuzdur, orada 600 min azərbaycanlı yaşayır, prezident Şevardnadze də ölkəmizə səfər etmişdir.

Digər ölkələrə gəlincə, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə getdiyimizə görə demokratiya, bazar iqtisadiyyatı sahəsində ənənələri, təcrübəsi olan Qərb ölkələri ilə münasibətləri inkişaf etdirməyə böyük ehtiyacımız var. Ona görə də mən Böyük Britaniyanın və Fransanın rəhbərləri Con Meycorun və Fransua Mitteranın dəvətini qəbul edərək bu dövlətlərə səfər etdim, aramızda kifayət qədər səmərəli danışıqlar oldu.

- Siz xarici siyasətə, respublikanın daxilindəki problemlərə, Qarabağ münaqişəsinə çoxlu vaxt ayırırsınız. Bu zaman kimə arxalanırsınız? Kənardan Azərbaycanın bütün siyasi üfüqündə bir fiqur - prezident Heydər Əliyev görünür...

- Artıq dedim ki, Bakıya öz iradəmlə qayıtmamışam və siyasətlə məşğul olmağı planlaşdırmamışdım. Bir qədər dəbdəbəli səslənsə də, məni xalq çağırdı. Buna görə də heç bir komandamı gətirmədim və hazırlamadım. Doğrudur, Azərbaycanı yaxşı tanıyıram. Amma buradan 1982-ci ildə getmişəm; bu dövr ərzində rəhbərlərin bütöv bir nəsli dəyişmişdir. Özümün heç bir partiyam yoxdur, indi olan adamlarla işləyirəm.

- \"Rossiyskaya qazeta\"nın oxucularına nə demək istərdiniz?

- İstəyirəm ki, onlar bir şeyi bilsinlər: mən prezident kimi Rusiya ilə dostluq əlaqələri yaratmağa çalışacaq, bunun üçün bütün səyləri göstərəcəyəm.

Söhbəti Pavel Alekseyev aparmışdır.

\"Azərbaycan\" qəzeti, 18 iyun 1994-cü il.